Qəzet-kitab oxuyan adamlar bilər, Las-Veqas şəhəri dünyanın qumarxana paytaxtıdır. Bu şəhər ABŞ-ın Nevada ştatında yerləşir, təməl daşı 111 il əvvəl, erməni Allahverdi ilə Azərbaycan türkü İmamverdi Qarabağda, Tuğ kəndində səngərə girib atışan il (1905) qoyulub.
Ustündən diri bir əsr, bir də 11 il keçib, Allahverdiylə İmamverdi hələ də səngərdədirlər, amma Las-Veqas şəhəri xırda bir qəsəbədən yekə bir şəhərə çevrilib, əhalisinin sayı yarım milyonu keçib, üstəlik, bu saat dünyanın ən varlı şəhərlərindən biridir.
Las-Veqas nəyin hesabına belə olub? Qumarın hesabına. ABŞ-ın o biri ştatlarında qumar yasaq olsa da, Nevada ştatında qadağan deyil. Ona görə də bu şəhərdə kazinoların, qumarxanaların sayı-hesabı yoxdur. Dünyanın hər tərəfindən pullu insanlar axışıb Las-Veqasa gəlir, özləri ilə gətirdikləri pul-paranın çox hissəsini uduzub gedirlər.
Deyilə bilər ki, heç Las-Veqasdan pul udub gedən olmurmu? Yəqin ki, olur, amma tək-tək. Əksəriyyət uduzub gedir. Qumarın qaydası budur, oynayanların hamısı (beşi bu gün, üçü sabah) uduzur, oynadanların isə hamısı udur, özü də həmişə.
Las-Veqası dünyanın ən varlı və ən gözəl şəhərlərindən biri edən də məhz bu amildir. Qumara oturanların uduzduğu milyardlar olmasa, Las-Veqas indi Tuğ kimi bir yer olardı.
İndi təklif var ki, ölkəmizdə də qumarxanalara icazə verilsin, camaat pəncərəsiz, saatsız tikililərə toplaşıb azarını öldürsün. (Bilənlər bilir, bilməyənlər üçün deyək ki, kazinolarda ona görə pəncərə olmur, olsa da daima bağlı olur ki, qumarbazın gözü bayıra sataşmasın, “bay, qaranlıq düşüb, evə gedim” deməsin, vaxtı da vecinə almasın, oyuna aludə olsun və son qəpiyi qalana qədər oynasın).
Bu təklifi iki deputat verib, baş deputat da bir söz deməyib. Belə anlaşılır ki, o da razıdır. Necə deyərlər, udan razı, uduzan razı, hökumət niyə olsun narazı. Açılsın kazinolar, yığışsın oyunçular, tökülsün ortalığa paralar, büdcə dolsun, ciblər dolsun.
Deputatlardan biri çox yerində buyurub ki, bizim pullular gedib başqa ölkələrdə uduzurlar, qoy elə öz ölkəmizdə uduzsunlar.
Bax, burda həm iqtisadi təfəkkür var, həm siyasi konyukturanı hesablamaq var, həm də patriotluq var.
Məlum məsələdir, neftin qiyməti düşüb, ölkəyə pul sel kimi gəlmir, deməli, pul qazanmaq üçün ağıl işlətmək lazımdır. Bu məsələnin iqtisadi tərəfi. Hazırda hökumət alternativ pulqazanmaq yerləri axtarır, sən də ortaya mənfəətli təşəbbüs qoyursan – bu da işin siyasi konyuktura yanı. Milli qumarbazları öz azar-şövqləri ilə ölkəmizə xeyir verməyə çağırırsan. Bu da vətənpərvərlik.
Söz yox, bu təşəbbüs müqavimətlə qarşılaşacaq. Artıq qımıldanmalar var. “Qumar haramdır” deyənlərlə “camaatın uşağını pis şeylərə alışdıracaqlar” deyənlərin müttəfiq olan günüdür.
Amma bir şey var ki, kazino qumarı kasıb-kusubun xörəyi deyil. Ağlınız “ciyər axşamı”nda, “danakəsdi gecələri”ndə 1 manatdan qumar oynayıb, gecə yarısı cibindəki 50 manatı uduzan və şalvarının dalını çırpa-çırpa evinə yollananlara getməsin. Kazino qumarı keys-keys pul tələb edir.
Hərçənd bizim ölkənin kasıbı da özünə görə deyil, ən bahalı restoranda toy elədiyi kimi, cumub kazinoya da girəcək, ata evini girov qoyub götürdüyü krediti uduzub çıxacaq, ordan da birbaşa “Cavanşir” körpüsünə (“Babək”, “Koroğlu”, “Bağırov”, eləcə də şəhərdəki digər adsız körpülərə) dırmaşacaq ki, özümü atıram.
O vaxt idman oyunlarına mərc qoymaq (totalizator) qumarı leqallaşdırılanda da camaat narazılıq edirdi. Sonradan məlum oldu ki, xalq xeyli haqlıymış. Ölkənin minlərlə kasıbı qəfildən varlanamaq ehtirasını boğa bilmədi, olan-qalan parasını aparıb “Real”ın, “Liverpul”un, “Milan”ın oyunlarına yatırdıb uduzdu.
Ona görə də adam bilmir kazinoların fəaliyyətinin bərpa olunmasının lehinə olsun, yoxsa əleyhinə. Bir tərəfdən milli qumarbazlarımızın xaricə daşıyıb apardıqları dollarlara heyfin gəlir, o biri tərəfdən də əlindəki-ovucundakı hər şeyi, axırıncı manatını uduzacaq kasıblara yazığın gəlir. Onsuz da onlar axşama qədər şəhəri başına götürən lotoxanalarda 21-i, 55-i gözləyirlər.
07.03.2016, 08:59
234 baxış
Samir Sarı
Milli kazinoların bərpası layihəsi