Medianews.az
Ziyarət mövsümü, press-reliz yağışı
198 baxış

Ziyarət mövsümü, press-reliz yağışı

images_dekabr_kose samir sari Elə əlamətdar günlər var ki, həmin gün sayt administratorları, qəzet redaktorları press-reliz çıxardanın yeddi arxa dönəninə söyürlər. O səbəbdən ki, onların elektron ünvanları press-reliz atəşinə tutulur. Ölkədəki onlarla ictimai-siyasi, bəzən isə kommersiya-filan qurumları press-relizlər göndərir, saytda, qəzetdə dərc olunmasını istəyir, bəzən xahiş, bəzənsə hətta tələb edirlər. Eləsi olur, əlavə göstərişlər də verir: “Xəbəri dərc edəndən sonra linkini e-mail ünvanıma atın”. Baş üstə, o nə sözdür? Allah bizi sizə mirzə yaradıb. O press-relizlərdə ictimaiyyət üçün maraqlı bir şey olsa, nə var ki, adam sevə-sevə verər, hələ onları göndərənə minnətdarlıq da edər ki, sağ olun, bizi informasiyasız qoymursunuz. Ancaq iş ondadır ki, press-relizlərdə xəbər adına bir maraqlı sətir olmur. Hansısa kollektiv bir abidəni ziyarət edib. Nə olsun? Gediblər, abidənin önünə gül dəstəsi qoyublar, mərhumların xatirəsini anıblar, bildikləri qədər dua oxuyub dağılıblar. Hələ əzəl başdan bu məzar üstə dua oxumaq məsələsinə deyinim. Ziyarətçilərin çoxu yalandan əlini havada kitab kimi tutur. Bəziləri isə bunu da bacarmır, əllərini elə tuturlar, sanki ovuclarındakı suyu indicə üzlərinə çırpacaqlar. Əslində isə onların dua adına bildikləri bircə “fatihə” surəsidir, pozuq ərəb dilində “qülfü vallahi əhəd, allahu səməd” deyib canlarını qurtarırlar, bu da olur dua oxumaq. Əsas məsələ şəkil çəkdirməkdir. Şaqqaşaq. Heç şəkil çəkdirməklə də məsələ bitmir. Xalq bu ziyarətdən xəbər tutmalıdır, o şəkilləri görməlidir, ziyarətçilərin kimlərdən ibarət olduğunu bilməlidir. Ona görə də ziyarətçilərdən birinin çəkdiyi fotoşəkillər başqa birinin yazdığı informasiya mətni ilə sancaqlanır və tezliklə saytlarla, qəzetlərin elektron ünvanlarına göndərilir. Press-relizlərə baxırsan, hamısının mətni bənzərdir, göndərənlərin ünvanına, statusuna zənd edirsən və mat qalırsan, görürsən ki, onların təşkilatlarını özlərindən başqa tanıyan yoxdur. Fikirləşirsən ki, rəhmətliyin oğlu, axı sənin abidə ziyarətin nə vacib hadisədir və ictimaiyyət nəyə görə bundan xəbər tutmalıdır. Əgər xalq sənin ziyarətin barədə informasiya almasa, nə itirəcək, yaxud xalq bu informasiyanı əldə etsə, sən nə qazanacaqsan? Bəziləri müdrik-müdrik düşünür ki, bu cür kütləvi ziyarətlərdə iştirak etməklə və onu ictimaiyyətə duyurmaqla ciddi iş görürlər, vacib siyasi xallar yığırlar və bu, onların populyarlaşmasına, müəyyən dairələrdə tanınmasına rəvac verir. Bu, o deməkdir ki, həmin kollektivlər, qruplar qatıldıqları mərasimlərdən, ziyarətlərdən ictimai-siyasi dividentlər güdürlər. Məqsəd nə dərəcədə vətənpərvər olmağı göstərməkdir. Əsl niyyət şəhidlərin, qurbanların xatirəsini yad etmək deyil, patriotluq nümayişi yarışına qoşulmaqdır, şəkil çəkdirib press-reliz yaymaq, sonra da dost-tanış saytlara yollayıb o xəbərlərin yayılmasını təşkil etməkdir. Hələ bu harasıdır ki. Ötən il Türkiyədə Soma kömür mədənində baş vermiş qəzada 300 şaxtaçı həlak olanda prezident Gülə, baş nazir Ərdoğana şəxsən başsağlığı verənlər, redaksiyalara press-reliz göndərənlər vardı, a kişi. Sanki bunlar Ərdoğan və Güllə əsgər (tələbə) yoldaşları olublar, başsağlığı verməsələr, ayıb olacaqmış, abilər inciyəcəkmiş. Biri vardı, sıradan bir adam idi, israr edirdi ki, onun başsağlığını saytda dərc edək. Deyirdik, qardaş, başsağlığı verirsən, yaxşı edirsən, göndər Ankaraya, Çankaya köşkünə, biz bunu çap eləsək də, Anadolu türkcəsində olmadığından Gül onu oxuyub başa düşməyəcək. Adam dirəşmişdi, deyirdi, yox, siz başsağlığımı verin. Axırda gördü, biz də dirəşmişik, başsağlığı mətnini vermirik, dedi, “siz onsuz da çoxdan satılmısınız, sizi ifşa edəcəyəm”. Beləcə, durduğumuz yerdə başımıza iş açdıq. Hərgah Gülə ünvanlanmış başsağlığı mesajını versəydik, adam bizim satılmış olmağımız faktına göz yuma bilərdi. Xüləs, 20 Yanvar və 26 Fevral ziyarətlərinin press-relizlərini birtəhər yola verdik, qarşıdan 31 Mart gəlir.

Bizə qoşulun