Medianews.az
Test əks-inqilabı baş tutacaqmı?
303 baxış

Test əks-inqilabı baş tutacaqmı?

img1830847 Bizim təhsil sferamız niyə bərbad gündədir, bilirsinizmi, əziz oxucular? Ona görə ki, 25-30 il öncə rüşvətlə ali məktəblərə daxil olan, ölüm-zülüm oxuya-oxuya ali məktəbi bitirən minlərlə şəxs artan yaşları üzrə inkişaf edərək gəlib məktəb direktoru, dərs hissə müdiri olublar. Həm rüşvətxordurlar, həm də bisavad. Hüquq sahəsindəki əyintilərin, pozuntuların, neqativ halların başlıca səbəbi da budur. Sovet dövründə hüquq fakültəsindəki məhdud yeri 30-50 min manata alan və ya yüksək vəzifəli atasının, əmisinin, dayısının tapşırığı ilə icarəyə götürən yüzlərlə adam gəlib prokuror, hakim, rəis olublar. Universitetə rüşvətlə girən, rüşvətlə oxuyan adam kristal və prinsipial hüquqşünas olacaqdımı? Hər kəs ölkədə yaxşı həkimlərin az olmasından, ona görə də hamının öz dərdinə əlac tapmaq üçün İrana, Türkiyəyə getməsindən danışır. Yaxşı həkimlərin az olmasının səbəbi də sovet dövrünün axır illərində “leçfak”a (müalicə-profilaktika fakültəsi) qəbulun böyük rüşvətlər hesabına baş tutmasıdır. Bisavad övladını ağ xalatlı həkim görmək istəyənlərin xudbinliyi üzündən bisavad züryət-həkimlər minlərlə sağalası xəstəni ağ kəfənə bürüdülər. Başqa sahələrdəki bərbad vəziyyət də sovet dövrünün təhsil sisteminin tam olaraq korrupsiya bataqlığına gömülməsi (ən azı Azərbaycanda) üzündəndir. Bunu heç cür danmaq olmaz. Bugünkü kütləvi bisavadlıq öz qaynağını ordan götürür. 1975-ci ildən ta 1992-ci ilə qədər ölkədə yüz minlərlə bisavad adam ali təhsil haqqında diplom aldı, məzun oldu və indi ölkənin idarə edilməsində mühüm rol oynayırlar. 1992-ci ildə isə inqilab baş verdi. O inqilab heç də milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin hakimiyyətə gəlməsi deyildi, əsl inqilab Elçibəyin, Furidun Cəlilovun və Vurğun Əyyubun rəhbərlikləri ilə həyata keçirilən “test inqilabı”ydı. Həmin il minlərlə kasıb gənc qara qəpik ödəniş etmədən, rüşvət vermədən ölkənin ən yaxşı ali məktəblərinin ən yaxşı fakültələrinə qəbul olundular. Əgər Elçibəy hakimiyyətə gəlməsəydi və dərhal da “test inqilabı”na qol qoymasaydı, o gənclər arzuladıqları ixtisaslara yiyələnə bilməyəcəkdilər, sadəcə, pulları çatmayacaqdı. Onların yerini isə yağ içində böyrək kimi bəslənmiş harın və bisavad balalar tutacaqdı. Düzdür, o bisavad harınlar öz ölkəmizdə ali məktəblərin prestijli fakültələrinə daxil ola bilmədilər, amma bir yol tapdılar, gedib Moskvada, Kiyevdə, Minskdə, Sankt-Peterburqda və digər şəhərlərdə böyük pullar hesabına yaxşı universitetlərə daxil oldular, sonra bir xeylisi köçürmə yoluyla Bakıya qayıtdı və sonda zəhmətiyilə təhsil alanlarla birlikdə diplom əldə etdilər. İndi yenə yağlı vəzifələrdə məhz onlardır - “xaric”də oxuyanlar. Londondakı, Parisdəki ali məktəblərə dadanma mərhələsi sonrakı illərdə oldu. Öz ölkəsində 500-600 bal toplaya bilməyən varlı balalar hansı yollarlasa Avropa universitetlərini diplomlarını aldılar. İndi budur, beyin qıırşları məhdud olan gənclərin maneəsiz olaraq öz ölkəmizdə ali məktəblərə daxil olması üçün test üsulu ilə qəbulun ləğvinə çalışanlar var. Bu artıq neçənci cəhddir. Ancaq bu cür təşəbbüslər həmişə xalq tərəfindən böyük hiddətlə qarşılanıb və hakimiyyət rəhbərləri bu işə qol qoymayıblar. Bəlkə də bu ölkədə ciddi sosial partlayış yarada biləcək yeganə amil test üsulunun ləğvi ola bilər. Xalq bu məsələdə çox həssasdır. Hər il on minlərlə valideyn övladının rüşvətsiz-filansız ali məktəblərə qəbul olunmasından qürur duyur, rahatlıq tapır. Bununla belə, görünür, ali məktəbələrə qəbul sahəsindəki alınmayan, toplanmayan rüşvətlər bəzilərinə rahatlıq vermir. Bu işdə böyük pullar var. İndiki məzənnə ilə bəlkə də 10 milyard dollar pul batır. Deyilə bilər ki, indi də valideynlər repetitorlara pul ödəyirlər və bu da abituriyentin iki il ərzində 4-5 min manat vəsait xərcləməsi deməkdir. Elədir, valideynlər boğazlarından kəsir, övladlarına əlavə dərs keçən müəllimlərə ödəniş edirlər. Amma əvəzində o uşaqlar savad alır. Əsas məsələ də budur: savad, təhsil, bilik. Ümid edək ki, test üsulunun ləğvi kimi avantüra bu dəfə də baş tutmayacaq.

Bizə qoşulun