Medianews.az
Çəkicli xuliqanın hikkəsi
455 baxış

Çəkicli xuliqanın hikkəsi

samir sari kose 1 Məqsədyönlü yerişinə, ustaca çəkic işlətməsinə, maşının ətrafına becid-becid dolanmasına baxırsan, hiss edirsən ki, adam nə nəşəlidir, nə də içkili. İçibsə də az içib, təxminən 100-150 qram. Yoxsa biz içkili adam görməmişikmi? Əsl içkili adam üç metr yolda mütləq 8 yazmalıdır, yazmırsa, demək, o qədər də içməyib. Bu gənc isə əzdiyi maşının başına fırfıra kimi fırlanır, atlıb üstünə çıxır. Yaxşı, bəs adam içkili, nəşəli deyilsə, görəsən, heç bir günahı, qəbahəti olmayan maşının başına niyə o oyunu açır, şüşəsini sındırır, tormoz işıqlarını qırır, kapotunu əzir, yan güzgülərini cilik-cilik edir və sair. Özü də deyilənə görə, Bəylərov soyadlı o gənc sürücü deyil, adi, çiyni çantalı bir piyadadır. Piyadadırsa, demək, yol polisi ona “maşını sağa çək, saxla”, “bir bu alkometrə üfür, görüm”, “cərimə meydançasına getməliyik” kimi canincidən, adamı əsəbiləşdirən sözlər deməyib. Lap adam sürücü olsaydı da, yol polisi ona yuxarıda sitat gətirdiyimiz beyinqazan əmrləri versəydi də, prinsipcə, Bəylərov çəkicə əl atmamalıydı. Ona qalsa, hər gün yollarda yüzlərlə adam bu cür əmrlər eşidir, amma heç biri maşının baqajına cumub çəkic götürmür. Hərçənd bəzən elə hirsli sürücülər olur ki, benzin butulkasına əl uzadaraq, “həzrət Abbas haqqı, bu saat bunu yandıracam, sizin də canınız qurtarsın, özümün də” deyə təhdid edirlər. Ancaq belə hirs-hikkəli adamlar adətən öz şəxsi mülkiyyətinə ziyan vurmaqla hədələyirlər. Ta heç kim polisin üstünə cumub başını bəlaya soxmur, türkün sözü. Bu, hər nədirsə, təzə xanədəndir, indiyəcən görülməmiş işdir. Nə bu cür iş görən olub, nə də bu cür mənzərəni görən. Hamı bilir ki, yolda-rizdə yetimin birinin maşınını əzməklə polisin maşınını əzməyin nəticəsi eyni olmur. Adam var ki, üç il əvvəl əzdiyi maşının cəriməsini hələ verməyib, vermir, hələ “yaxşı eləmişəm, vermirəm, heç verməyəcəm də, get əlindən gələni beş qaba çək” də deyir. Amma eyni şeyi çiynində poqon daşıyan adama eləmək olmaz. Xüsusilə də poqon yiyəsinin sərəncamındakı dövlət mülkiyyətinə qarşı elə hərəkət etmək heç mümkün deyil. Dəymiş ziyanı ödətdirərlər. Çığırda-çığırda alarlar. Ev satdırarlar, sələmə borc götürtdürərlər, nəsli yığıb tasa para düşürtdürərlər, axır ki, ziyan ödənər. Bu, yüzdəyüzdür. Ziyankar xuliqanın cəzalandırılması proseduru isə bir ayrı qaravəllidir. Adamın danaboyun və itqusdu edilməsi heç, bu startda olur və sırf zövqə bağlı məsələdir. Ancaq onun ardınca müstəntiq, prokurorluq, məhkəmə, penitensiar xidmət mərhələləri gəlir. Lap axırda iş yenə gəlib çəkicə çıxır, xuliqanın əlinə çəkic verir, cəzaçəkmə müəssisənin uçuq-sökük yerlərini mismarladırlar. Bu baxımdan adam gərək əsəblərini cilovlamağı bacarsın. Atalar da deyib ki, “hirsli başda ağıl olmaz”, “hirsin dövlətə (yəni adamın öz mülkünə) ziyanı var”, “sirkə tünd olsa, öz qabını çatladar” və sair və ilaxır. Ancaq sosial şəbəkələrə baxıram ki, yol polisinin “Be-eM-Ve”sini pis günə qoyan gəncə haqq qazandıranlar var. Bəziləri yazır ki, görün, yazığı nə günə qoyubmuşlar ki, o, belə bir hərəkət eləyib. Yəni guya ki, Bəylərova qarşı haqsızlıq olubmuş. Bəlkə də ona qarşı nəsə olubmuş. Hələlik bilinmir. Amma nəsə bir haqsızlıq olubsa da, adam gərək bu qədər cinlənib aqressiv olmasın, aqressiv olsa da, başını dirəyə-filana vursun, amma bu cür hərəkətlər edib özünü cəncələ salmasın. Xuliqana haqq qazandıranlar da bilsinlər ki, o şəxs hələ çiynində poqon, belində silah daşıyan polisə qarşı bu qədər aqressivdirsə, bir belə hirs-hikkəlidirsə, görün, onunla söz güləşdirən sıravi adamların başına nə oyun açardı. Heç nə yox, hərənin başına bircə çəkic vursa, təcili tibbi yardım maşınları dal-dala düzülər. Yenə o gözəgörünməzə şükür edək ki, belə adam bizə rast olmur. Yoxsa vallahi, biabır olarıq.

Bizə qoşulun