Medianews.az
İflasa aparan siyasətin təkrarlanması
184 baxış

İflasa aparan siyasətin təkrarlanması

xalid kazimli kose 1
Rus dövləti ətraf dünyaya qarşı bu qədər total aqressiyanı axırıncı dəfə 1979-82-ci illər arasında sərgiləyib. Düzdür, Kreml son yüz ildə heç vaxt fağır-fasıq olmayıb, həmişə yaxın ətrafına diş qıcayıb, caynaq atıb, ancaq 1979-82-ci illər arasında özünütamamilə dünyaya qarşı qoymuşdu, dünyanı nüvə müharibəsi ilə hədələyirdi.
Həmin illərdə qırmızı rus imperiyası Əfqanıstana açıq hərbi müdaxilə etmişdi, Türkiyədə yerli kommunistlərin əliylə ölkəni qarışdırmışdı, şahı devirən İran xalqına “kömək etmək” üçün sərhədə qoşun kontingenti səfərbər etmişdi, Cənubi Koreyaya məxsus sərnişin təyyarəsini vurmuşdu, Nikaraquada üsyançı partizanlara dəstək verərək vətəndaş müharibəsini şiddətləndirmişdi, Polşada antisosialist qüvvələrə qarşı repressiya aparılmasını təmin etmişdi. Bundan başqa, Kremlin bir barmağı Laosda, biri Kambocada, o biri Vyetnamda, başqa biri Kubada, Anqoladaydı. Harda bir dövlət çevrilişi, vətəndaş müharibəsi olurdusa, altından mütləq rus barmağı çıxırdı.
 
O vaxt dünya birliyi bu dövlətin hərbi avantürasının qarşısını almaqdan ötrü sözü bir yerə qoydu, gücünü bir araya topladı, çoxşaxəli sanksiyalarla Kremlin aqressiv siyasətini bir qədər yumşalda bildi. ABŞ başda olmaqla, digər qüdrətli dövlətlərin əfqan mücahidlərini maliyyə və hərbi texnika ilə dəstəkləməsi bu üzdən idi. Rus təhlükəsi o qədər böyük və qorxuducu idi ki, ABŞ gələcəkdə özünə düşmən kəsiləcək Gülbəddin Hikmətyar və Üsamə bin Laden kimi adamları, dini fanatizmə əsaslanan terror qruplaşmalarını dəstəkləməkdən çəkinmirdi. 
Bəlkə də Ağ Evdə, Pentaqonda bilirdilər ki, bu qruplaşmalar gələcəkdə problemə çevriləcək, amma onlar üçün əsas təhlükə sovet Rusiyasıydı. Terrorçular tünd sirkə kimi yalnız öz qablarını çatlada bilərdisə, Rusiya bəşəriyyət üçün təhlükəydi.
İndi də elədir. Hazırda da dünyanın bütün terror qruplaşmaları bir yerdə Rusiya qədər təhlükəli deyil.
Çünki bu dövlət yenidən ətraf dünyaya, yaxın qonşularına, uzaq rəqiblərinə düşmən kəsilib. 1979-82-ci illərdə olduğu kimi, yenə də Rusiyanın bir barmağı Suriyada, biri Türkiyədə, o biri Ukraynada, bu biri Qafqazda, başqa biri Şimali Koreyadadır. Ortada ruslar tərəfindən vurulmuş sərnişin təyyarəsi də var.
Suriyada qırıcı təyyarələrlə mülki əhali, hərbi baza demədən gözə görünən hər şeyi bombalayan Rusiyanın əl altından Şimali Koreyaya nüvə komponentləri ötürdüyü məlum olub. Di gəl, Kreml hər zamankı aqressiyası ilə belə bir iddia irəli sürmüş Cənubi Koreya hökumətindən üzrxahlıq tələb edir, “ya dediyinizi sübut edin, ya da üzr istəyin” deyir.
Sanki adi diş çöpü istehsal edə bilməyən Şimali Koreya öz qüvvəsi ilə birdən-birə nüvə başlıqlı ballistik raket istehsal edə bilərmiş. Dünyanın ən yoxsul, ən səfil ölkəsini nüvə dövləti edən, əlbəttə ki, Rusiyadır.
Heç kəs zənn etməsin ki, Rusiyanın işi yalnız böyük dövlətlərlədir, ABŞ-la, Ingiltərəylə, Almaniyayla çəkişir. Böyük dövlətlərlə intriqa öz yerində, Rusiya həmişə onlarla itələşib və bu davam edəcək, amma Kremlin gücü onlara çatmır və dönüb özündən qat-qat zəifləri ayağının altına salır.
Bu baxımdan Rusiyanın istər Qafqaz respublikalarına, istərsə də Baltikyanı ölkələrə qarşı aqressiv hərəkətlər edə biləcəyi hər zaman gözləniləndir. Kreml bununla dünyaya necə güclü olduğunu sübut etmək ehtiyacı duya bilər və artıq duyur.
Dövşanı arabayla tutmağı dəfələrlə sınaqdan keçirmiş Qərb isə yenə də Rusiyaya qarşı qətiyyətli və tədbirlidir, onun gücünün nəyə dayandığını bilir və o sütunları yavaş-yavaş sarsıdır.
Ən qorxulusu da elə budur. Divara qısnanmış pişik son xilas çarəsi olaraq necə onu qısnayanların üstünə atıla bilərsə, Rusiya da elə bir hərəkət edə bilər. Bu dövlətin hökmdarı Putinin son illərdəki davranışı da göstərir ki, adam ən ağlasığmaz qərarlar verməkdən çəkinməz.
Bizə düşən oturub dünyada, regionda gedən prosesləri diqqətlə izləməkdir. Heç də hər şey yaxşılığa doğru deyil.

Bizə qoşulun