Medianews.az
İnsanov amili
244 baxış

İnsanov amili

xalid kazimli kose 1
Bu çoxdan sübut olunub ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. Amma bu fikri siyasi arenaya nəzərən, narazı elektorata şamilən səsləndirdikdə  demək lazımdır ki, o, ənənəvi müxalifətə aiddir.
Əli İnsanov  həbsdən çıxdıqdan sonra gerçəkdən də müxalifətə qoşularsa, bu, artıq toplananların sayının artması demək olacaq. Toplananlar artacaqsa, cəm də dəyişəcək. Cəm dəyişəcəksə, hərəkat və hərəkət də dəyişəcək.
Əli İnsanov elə bir simadır ki, onun müxalifətə qoşulması adi bir qoşulma olmayacaq. Elə bir iş baş versə, o, mütləq müxalifətin üç liderindən biri olacaq.
Zamanında, mərhum eks-prezident Heydər Əliyevin hakimiyyəti dövründə iqtidar komandası onun potensialından sona qədər istifadə etmədi, onu nazir postunda saxlamaqla kifayətləndi.
Əgər Əli İnsanov iddiasında olduğu postları əldə etsəydi, məsələn, əvvəlcə parlament sədri ola bilsəydi, ölkənin bugünkü siyasi arenası, durumu çox fərqli olardı. 
“Fərqli” deyəndə elə çıxmasın ki, müəllif ölkənin bir ildəcə demokratikləşəcəyini, iqtidar-müxalifət münasibətlərinin normallaşacağını, azad, qanuni, şəffaf seçkilər keçiriləcəyini nəzərdə tutur.
Əsla belə şey olmayacaqdı. Əli İnsanov hərəkatçı müxaliflərə qarşı barışmaz mövqedə olan, onlara səmimi-qəlbdən nifrət edən, parlamentdəki çıxışlarında onların məhv edilməsinin vacibliyini vurğulayan, liderləri “faşist” adlandıran bir adam idi.
O, böyük vəzifə əldə edəcəyi, yəni parlament sədri olacağı halda öz güvəndiyi, sözçüsü olduğu siyasi dairələrlə birlikdə bu məqsədini gerçəkləşdirmək yolunda addımlar atacaqdı və yəqin ki, müxalifəti indikindən də pis hala salacaqdı.
Orası da dəqiqdir ki, Əli İnsanov ölkənin ikinci böyük vəzifəsini tutardısa, bir müddətdən sonra birincini də əldə edəcəkdi. Bundan ötrü onun bütün potensialı (maddi, siyasi, elektoral bazası, kadrlar korpusu) vardı.
Görünür, Heydər Əliyev də onun bu niyyət və planlarından xəbərdar idi, ona görə də İnsanovu digər bir iddialı nazirlə  - YAP-ın qurucusu Əli Nağıyevlə toqquşdurdu, ikisini də məsafədə saxladı, heç birini olduqları yerdən qabağa çəkmədi, öz varis planını təkbaşına müəyyənləşdirdi.
Sonradan, 2005-ci ildə İnsanovun tamamilə zərərsizləşdirilib sıradan çıxarılmasında bu amilin - onun ambisiyasının, eləcə də arxasındakı qüvvənin planlarının faş olmasının böyük rolu oldu. Korrupsiya ittihamları boş şeydir, sabiq nazir ambisiyasının güdazına getdi.
Bununla belə, ola bilərdi ki, İnsanovun hakimiyyəti götürəcəyi halda ölkədə korrupsiya, əlləri milyardalarla oynayan oliqarxlar hakimiyyəti bu qədər güclü olmazdı. O, təcrübəli, qətiyyətli, xeyli dərəcədə də ötkəm adam olduğu üçün nə başlanğıcda, nə də sonralar ayrı-ayrı nazirlərin onun üzərində hər hansı bir hakimiyyət qurmasına imkan verməzdi.
Ancaq onun da öz dairəsi olduğundan, güman ki, ətrafındakı kadrları irəli çıxaracaq, başqalarının varlanmasına şərait yaradacaqdı. Bu halda ölkəni başqa milyarder-oliqarxlar idarə edəcəkdi və onlar ad-soyad etibarilə indikilərdən bir az fərqli olacaqdılar.  Yəni bu halda da saraya toplananların yeri dəyişəcək, dövlət büdcəsindən və xalqdan oğurlanan sərvətin cəmi dəyişməyəcəkdi.
Bütün bunları yaxşı bildiyi halda müxalif qüvvələr bir vaxtların barışmaz anti-müxalifətçisinə qarşı niyə yumşalıb?
Çünki başqa variant yoxdur. Son on ildə müxalifət qüvvələri xeyli zəifləyib, parçalanmalara məruz qalıb, geniş tərəfdarlar kontingentinin, funksionerlər korpusunun bir hissəsini itirib. Yenidən toparlanmaq üçün geniş sosial bazası, maliyyə resursu, dövlətdə iş təcrübəsi olan siyasi xadimə ehtiyac var.
İnsanova loyal yanaşma və bəslənilən ümid bu üzdəndir. Elə bir dövr gəlib ki, parlaq siyasi keçmişi, təmiz avtobiorafiyası olan kasıb demokratdansa, dövlət postundan barınaraq sərvət toplamış, demokratiya və insan haqlarına daima xor baxmış siyasi xadimə üstünlük verir, güman edirlər ki, onun vasitəsilə hakimiyyət dəyişikliyinə nail olmaq daha realdır.
Azərbaycanın günündə olan başqa ölkələrdə də belə situasiyalar yaranıb və təmiz, imkansız demokratlar bir odioz oliqarxın hakimiyyətə gəlməsinə kömək ediblər və... az sonra kənarda qalıblar.

Bizə qoşulun