Medianews.az
Zika hücumdadır
162 baxış

Zika hücumdadır

samir sari kose 1
Zika virusundan söhbət düşəndə adamın ağlına birinci futbolçu Ziko gəlir. Tərs kimi, Zika da Ziko kimi Cənubi Amerikada əmələ gəlib. Sadəcə, 4 yaş fərqləri var. Artur Ziko 1953-cü il təvəllüdlüdür, amma Zika 1947-ci ildə aşkarlanıb.
Bəli, düz 69 ildir ki, Zika virusu öz qitəsində insanlara problem yaradır, canlarını alır, hazırda isə dünyaya yayılmaqdadır.
Əvvəl-əvvəl heç kəs fikir vermirdi, camaatın başı “donuz qripi”nə qarışmışdı. Açığı, “donuz qripi” rəsmən ölkəmizə gəlmiş sayılmasa da, yerli qriplərin donuz kimi şinəyib candan çıxmamasına görə çox adam şübhələnir ki, bu, elə həmin qripdir.
Elədirsə, başqa ölkələrdəkindən fərqli olaraq, bu qrup bizi niyə öldürmür, elə deyilsə, yığışıb buna bir ad qoyaq. Təsəvvür edin ki, bir-iki tanış adam var, cavan da adamdır, noyabr ayının 15-dən bəri qripdir, onun üstündə dünyada N qədər adam H1N1 virusunun qurbanı olub, qırılıb, amma bu hələ sağ-salamatdır. Salamatdır, intəhası, bir türlü sağalmır da. Nə vaxt baxırsan, naxoşdur, burnu, boğazı şişib, qızarıb, dərman reklamlarındakı xəstə pinqvinlərə dönüb. (Kim bilir, bəlkə adam pinqvin qripidir?).
Hər halda, bu cür qorxulu epidemiyaların, oxumuş adamlar demişkən, coğrafiyamıza yaxınlaşması artıq ölkədə müəyyən əndişə, narahatlıq, pərişanlıq və sair bu kimi şeylər yaradıb. İctimai yerlərdə, mediada söhbət tez-tez qorxulu viruslardan düşür. Odur, deyirlər, Ebola Syerra-Leonedə təzədən baş qaldırıb, Syerra-Leone bizdən çox uzaq olsa da, camaatımız təbii olaraq Eboladan da qorxur. Çünki indinin virusları sitaldır, sərhəd-filan tanımırlar, təyyarələrlə ölkəbəölkə gəzilər.
Ona qalsa, Braziliya, Kolumbiya, Meksika da uzaqdır, amma Zika qapının ağzında, təyyarə trapının üstündədır .
 
Bu üzdəndir ki, ölkənin baş epidemioloqu İbadulla Ağayev narahatdır. Dünən o, mediaya bildirib ki, “donuz qripi”, “Zika” virusu və digər xəstəliklərin qeydə alındığı ölkələrdən gələn şəxslər müayinə olunduqdan sonra ölkə ərazisinə buraxılır.
Elə də olmalıdır. Özbaşına qoymaq olmaz. Üstəlik, o da bildirilir ki, ölkənin bütün sərhəd-keçid məntəqələrində Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin nəzarət postları fəaliyyət göstərir.
Bu da çox sevindirici xəbərdir. Gömrük Komitəsinin nəzarət postları varsa, demək, əmi canı, qəti qorxusu yoxdur. Bu o deməkdir ki, heç bir virus ölkəyə birbaşa daxil ola bilməz, mütləq gömrükdən keçməlidir. Gömrüyü də ki, bilirsiniz. Ordan heç nə icazəsiz, rüsxətsiz (“rüsxət” kəlməsini səhv salmayın) keçə bilməz. (Hərçənd 3 tonluq mayelər sarıdan xırda istisnalar ola bilər, o da ki, necə deyərlər, “iş olan yerdə nöqsan da olar”).
 
Bircə iş pisdir ki, məmləkət əhlinin bir yarısı dünyanın hər yerindəki xəstəliklərdən, viruslardan qorxduğu halda, o biri yarısı heç nədən qorxmur. İkincilər eyzən deyirlər, virus-mirus boş şeydir, Allahın köməkliyi ilə bizə heç zad olmaz.
Ta demirik ki, olanda olur. Necə ki, son iki ildə “Zika” virusuna yoluxma halları 33 ölkədə qeydə alınıb. Prinsipcə, onlarda olursa, bizdə də ola bilər, amma nəyə görəsə bizdə ola bilməzmiş. Axtarsan, o virusu yayan  “Aedes aegypti” növlü ağcaqanadların ən yekəsi elə bizim aran rayonlarında, çaybasar ərazilərdə yaşayır, yaradır.
Ona görə də bu məsələyə barmaqarası baxmaq olmaz. Sonra gec ola bilər, bir də görərik, yüzlərlə adam sosial şəbəkədə yazır: “Dostlar, dua edin, dayım Zika virusuna yoluxub, klinikadadır”; “Dualarınıza ehtiyacım var, arkadaşlar, nənəmi ağcaqanad dişləyib, arvad səpib, qızdırması düşmür”; “Dualarınızı əsirgəməyin, hazırda xəstəxanadayam, həkimlər Zika deyirlər” və s.
Qeyd etmək vacibdir ki, duanın-filanın Zikaya heç bir təsiri yoxdur. O virus buralara gəlsə, bizə zika-zika dedirdəcək.

Bizə qoşulun