Medianews.az
Nə qədər ki, zülm var...
164 baxış

Nə qədər ki, zülm var...

xalid kazimli kose 1
Xəbər başlıqlarına baxın:  “Türkiyə: Suriya sərhədində toplaşan qaçqınların sayı 35 minə çatıb”; “Avropa İttifaqı Ankaraya: Qaçqınlara yardım etməlisiniz”; “Daha bir ölkə miqrant axınına qarşı ayağa qalxdı”; “Miqrant axını Almaniyanı dəyişəcək”; “Avropada miqrant böhranı dərinləşir” və sair və ilaxır.
Anlaşılan odur ki, insanlar müharibə gedən yerlərdən, zülm, kasıbçılıq, hüquqsuzluq hökm sürən ölkələrdən qaçır. Hamı üzünü Avropaya tutub. Amerika uzaqdır, üstəlik, qapısı qaçqınlara bağlıdır. Kanadanın qaçqınlara açılan qapısı arxadan cəftələnməsə də, şərqli miqrantların əlinin çatası məsafədə deyil.
Qaçqınlar dünyanın ən firavan ölkəsi Yaponiyaya, yarısəfalət içində olan Braziliya, Argentina kimi ölkələrə getmirlər, Avropanın ən yüksək rifahlı ölkələrinə üz tuturlar. Hələlik onların üzlərinə xoş baxan Almaniya və İsveçdir. Ancaq onların da yerli xalqının üzü dönməkdədir, çünki yerləri daralır, problemləri artır.
Heç kəs dədə-babasının min bir əziyyətlə qurub yaratdığı, cənnətə çevirdiyi bağçada gəlmələrin çadır qurub yaşamasını, üstəlik, səs-küy salıb onun rahatlığını pozmasını istəmir - məsələ bu qədər bəsit. Miqrantlar isə gəldikcə gəlir. Arxadan onları labüd ölüm, zorlanma, səfalət, aclıq təqib edir. Bu binəsib insanların başqa variantı yoxdur. Sağ qalmaq instinkti onları təhlükəsiz yerlərə sığınmağa vadar edir.
 Ancaq dünyada təhlükəsiz yerlər yalnız okeandakı adalar kimi adda-buddadır. Məlum, dünyanın 7 milyardlıq əhalisinin 4 milyardı Avropaya yerləşə bilməz. Avropa əslində balaca bir yerdir, Rusiyanın ərazisinin beşdə biri qədər ola, olmaya. Avropa heç  təkcə bu qitədə yaşamağı arzu edən çinliləri tutmaz.
Beləliklə, dünya, əsasən də Avropa qlobal iqtisadi böhranla yanaşı, ondan da qlobal miqrant böhranı ilə üz-üzədir.
Dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların liderləri vaxtaşırı görüşür, sammitlər keçirir, bu böhranı həll etməyə çalışırlar, amma gücləri çatmır.
Bəzən hesab edirlər ki, iri dövlətlər Avropaya axmaqda olan miqrantları aşağı-yuxarı bərabər sayda öz aralarında bölüb yerləşdirsinlər. Ancaq bu ideya populyarlıq qazanmır. Bəzi dövlətlər böyük məbləğdə pullarından keçməyə hazırdırlar - təki miqrant qəbul etməsinlər. Çünki miqrant kütləsi istənilən ölkənin daxili həyatı üçün təhlükədir: kriminogen durum ağırlaşır, mədəniyyət fərqi, düşüncə tərzi problemlər yaradır,  “gəlmə-yerli” münaqişəsi yaranır və s. (Burda-bura ağdamlı qaçqınlarla 15-20 kilometr bu tərəfdəki Qarabağrayonlarının - Tərtər və Bərdənin yerli camaatının arasında düşən münaqişələri xatırlayaq).
Ona görə də Avropa İttifaqı Türkiyə və İtaliya kimi miqrant axınının mənsəbində olan ölkələrə böyük yardımlar edir ki, onlar bu axının qarşısında rezervuar olsunlar.
Heç bu da ümumdünya qaçqın hərəkatını səngitməyəcək. Nə qədər ki, rəhbərlik etdikləri ölkələri feodal-monarxiya üsul-idarəsi ilə idarə edən, bəzənsə quldarlıq quruluşu tətbiq etmək istəyən zalım, tamahkar despotlar var, heç bir sabitlikdən söhbət gedə bilməz. Çünki despotların hərəkətləri bir gün öz ölkələrində milli, dini, sinfi zəmində qarşıdurmaya səbəb olacaq, müharibə başlayacaq və qaçqınlar ordusu yaranacaq.
On illərdir ki, belədir. Sabitlik adası kimi görünən istənilən istibdad yuvasının diktatura rejimi bir azca zəifləyən kimi milyonlarla insan iztiraba, mərhumiyyətlərə düçar olur, qırğına məruz qalır.
Çıxış yolu diktaturalarda və avtoritar rejimli dövlətlərdə demokratiyanın bərqərarıdır. Bunu isə xalq özü istəməlidir və özü həyata keçirməlidir. Fəqət uzun illərin təcrübəsi göstərir ki, beynəlxalq birliyin dəstəyi, qarantiyası, nəzarəti olmayınca heç bir ölkədə “ayağa qalxmış xalq kütlələri”nin demokratik rejim qurması mümkün olmur, əsasən bir despotu digəri əvəz edir.
***
Dünən sosial şəbəkədə bir gənc öz müşahidəsini yazmışdı. O, ASAN xidmətdə olarkən görüb ki, bir valideyn azyaşlı oğluyla bərabər xidmətə gəlib və Almaniya vətəndaşı olan oğlunun Azərbaycan vətəndaşlığına necə keçə bilməsini soruşur. Həmin gənc bu epizoda mat qaldığını yazırdı, çünki milyonlarla insanın Almaniya vətəndaşı olmaq istədiyi bir vaxtda həmin valideynin bu hərəkəti ona qəribə gəlir.
Biz vətəndaş müharibəsi yaşamayan, aclıq, səfalət görməyən ölkə olduğumuz halda, bizdə də miqrant olub Avropaya sığınmaq istəyən minlərlə insan varsa, demək, nələrsə qaydasında deyil.

Bizə qoşulun