Medianews.az
Bank bağlamaq - banka bağlamaq
355 baxış

Bank bağlamaq - banka bağlamaq

samir sari kose 1
Dünən “Texnikabank”ın lisenziyasının ləğv olunması xəbərinə Sərxan adlı sosial şəbəkə üzvü belə bir unikal və bir az da məzəli şərh yazmışdı: “Bank bağlamaq banka bağlamağa dönüb”.
Doğrudan da son bir ayda bağlanan bankların statistikasına baxanda adamın gözünün qabağına evdar qadınların xiyar, pomidor və sair tərəvəzləri üç kiloluq bankalara doldurub bağlamağı gəlir. Hər iki iş (bank və banka bağlamaq) bu qədər asandır, yəni.
 
Yuxarıda adı çəkilən bankın lisenziyasının ləğv olunacağı xəbəri hələ ötən həftənin axırlarından var idi. Çoxları məsələyə bizim dədə-babaların sınanmış prizmasından, “çıxmayan cana ümid çoxdur” deyə yanaşırdılar və düşünürdülər ki, o məşum qərarı elan etməyiblərsə, demək, etməyə bilərlər.
Amma olmadı, Mərkəzi Bank öz qərarıyla bank bağlamağın texniki iş olduğunu təsdiqlədi.
Görünür, belə lazımdır. Bunun nə dərəcədə və kimə faydalı olduğunu iqtisadçılar bilər. Amma kimə ziyan olduğunu artıq bilirik. Bunlar o bankda işləyənlər, bankda əmanətləri olanlar, bir də maliyyə əməliyyatlarını həmin bankla aparanlardır. Sonuncular başqa bank tapacaqlar, amma bir bankın bağlanması o bankda əmanəti olanlar üçün sığortasız gəmisinin dəryada batması kimi bir şeydir.
Biz banklarda əmanət batırmış nəslin pessimist nümayəndələriyik, belə şeyləri çox görmüşük. O vaxt dağılmış SSRİ-nin iflas etmiş əmanət banklarında milyardlarımız batdı, nə oldu? Ac ından qırılmadıq ki. Dözdük, durduq, kasıbçılığa mətanət göstərdik, yaşayış uğrunda mübarizədə rəşadət, şücaət  sərgilədik, nəhayət, vəziyyətdən çıxdıq. Batan əmanətlərin yolunu düz iyirmi il gözlədik, nəhayət, insanlar gözəgörünməzə, eləcə də gözə tez-tez görünənlərə şükür edə-edə əmanətlərini geri ala bildilər. İntəhası, bankda 10 min manat əmanəti olana 10 min manat vermədilər, 2 min-filan verdilər, yerdə qalanını doxsanıncı illərin inflyasiyasına çıxdılar.
İndi deyirlər ki, bağlanan bankların birində 40 milyon manatı batan adam var və ona 30 min manat verəcəklər. 40 milyon hara, 30 min hara? Fərq çox böyükdür. Devalvasiyadan qabaq o 40 milyona 1000 ədəd 40 minlik cip almaq olardısa, indi bu 30 minə tanışlıqla bir dənə cip almaq olar -  o da barda dava salıb adam döymüş oğlunu türmədən qurtarmaq üçün əlimyandıda maşınını satan fədakar atadan.
Bu yerdə istər-istəməz adamın yadına “Vahidbank” və onun kimi onlarla bankın bağlanması dönəmi də düşür. O nəydi, ilahi, pərvərdigara? Yadınızdadırmı, bu dələduz-banklar az qala 50 faiz mənfəət vəd edirdilər və millət əlinə düşən pul-paranı aparıb dələduzlara verirdi. Hətta minlərlə insan cehizini, qızıllarını, olub-qalan əmlaklarını dəyər-dəyməzinə satıb banka  qoyurdu ki, kasıbçılığın daşını atsın. Oxumuş-bilmiş adamları dinləyən yox idi. Amma bir gün məlum oldu ki, hamıya atıblar. Banklar bağlandı, pullar batdı, camaat  əl-qoyun, diz-qarın qaldı.
 
Bax, o zamanlar dələduz banklar bir-birinin ardınca bağlananda bunu başa düşmək olardı ki, hökumət bank-maliyyə sektorunda nizam-intizam yaradır. Bəs indi nə yaradırlar?
Son illərdə əmanətlərini yenidən banklara etibar edənlərə bank sarıdan əli, ağzı yanmış ağıllı adamlar deyirdilər ki, heç kəsə etibar yoxdur, pulu aparıb banka qoymaqdansa, evdə bankalarda saxlamaq daha etibarlıdır. Amma çox pulu olanlar və onu evdə saxlamaqdan qorxanlar da deyirdilər ki, yox, pulu evdən oğurlaya bilərlər, bank daha etibarlıdır. Ta demirdilər ki, oğruların ən yekələri elə banklardadır və əmanətləri elə çırpışdırarlar ki, heç kəsin xəbəri olmaz. Bir var, maskalı quldura, oğruya 3-4 min (lap olsun 30-40 min) manat qapdırasan, bir də var, 40 milyonun birdən gedə, “gördüm” deyən də olmaya.
Vəziyyət indi bu cürdür. Xalqımız bank-əmanət dövründən yenidən banka-yastıq dönəminə qayıdır. Bu camaat bir də nə vaxt banklara etibar edəcək, əmanət qoyacaq?
Ümid onadır ki, unutqan camaatıq. SSRİ-nin əmanət bankını, “Vahidbank”ı unudan camaat bu biriləri də unudacaq.

Bizə qoşulun