Rayonlarda baş verən aksiyaları siyasi partiyaların, destruktiv qüvvələrin ayağına yazmağa lüzum yoxdur.
Belə deyil. Bunu hamı bilir. Hər şey göz önündədir. Səbəblər bəs-bəllidir.
O siyasi qüvvələr budur, 20 ildir xalqı fəal olmağa, aksiyalara qoşulmağa çağırırlar, amma bu gün ayağa qalxanların 99 faizi bir dəfə kütləvi aksiyaya çıxmayıblar. Niyə? Onlara lazım deyildi.
Amma indi lazımdır. İndi adamlar ehtiyac hiss edirlər ki, ayağa durmalıdırlar, səslərini çıxarmalıdırlar. Çünki söykənə-söykənə getdikləri divar qurtarıb, böhran onların onsuz da xoş olmayan həyatını daha da qaraldıb.
Bu günlərə qədər “az aşım, ağrımaz başım” deyə aza qane olan, özlərini təhlükəyə, ailələrini iztiraba atmaqdan qaçan insanlar indi maddi sıxıntının içindədirlər. Burdan o yanası yoxdur. Geri çəkilməyə yer qalmayıb. Ona görə də çırpınırlar.
Bu baxımdan lokal aksiyaları “ölkədə ictimai asayişin pozulmasına hesablanmış qanunazidd əməllər” adlandırmaq və onu “AXCP və Müsavat Partiyasının fəalları”yla bağlamaq, “həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr tərəfindən təşkil edildiyini” iddia etmək həm absurddur, həm də özünü aldatmaqdır.
Bu, o deməkdir ki, dövlətin orqanizmində başlayan iltihab prosesinin diaqnozu düz qoyulmayıb. Diaqnoz düz deyilsə, müalicə də yanlış gedəcək, orqanizmin vəziyyəti daha da ağırlaşacaq.
Tutaq ki, son illərdə onsuz da sıraları xeyli seyrəlmiş müxalifət partiyalarının yerlərdəki olan-qalan üzvlərini də müxtəlif bəhanələrlə bir-bir dənləyib içəri doldurdular, bunun nə faydası olacaq? Dərhal yerdə qalanların, çörək davası edənlərin, sıxıntı çəkənlərin vəziyyəti düzələcəkmi, kasıbın cibinə 5 manat girəcəkmi, ərzaq mallarının qiyməti ucuzlaşacaqmı, yeni iş yerləri açılacaqmı, ən nəhayət, dünya birjalarında “Azerilayt” markalı neftin qiyməti artacaqmı?
Əlbəttə, heç biri olmayacaq. Ümumi böhran davam edəcək. Böhran davam etdikcə, yoxsulluq həddinin aşağısına keçənlərin sayı artacaq, başın ağrımaması üçün lazım olan aşın miqdarı minimuma enincə, boğazlardan etiraz səsləri çıxacaq. Onda necə olacaq? Bayırda tutmağa müxalifətçi də qalmayıbsa...
Demək ki, hər şeyi öz adı ilə çağırmaqda, baş verən hadisənin mahiyyətini düzgün təyin etməkdə, prosesin məcrasını dürüst müəyyənləşdirməkdə, bir də nəticələri real hesablamaqda yarar var.
Yox, əgər bunları, çox şeyi bilə-bilə duruma realist yanaşma kənara qoyulursa, rəqib siyasi qüvvələri diskreditasiya etmək yolu tutulursa, bu, həm problemin həllinə çalışmaqdan imtina deməkdir, həm də məkrli yoldur, əsas məqsədin hakimiyyətin nəyin bahasına olursa-olsun qorunması olduğunun təsdiqidir.
Deyək ki, hakimiyyəti qorumaq tarixi ənənədir, “müqəddəs iş”dir, siyasi-psixoloji instinktdir, bəs yaranmış problemi qəbul etməmək, belə bir problem yoxmuş kimi davranmaq nə deməkdir?
Bax, bu, artıq başqa problemdir və etiraza qalxan insanların hədəflərini dəyişdirə bilmək gücündədir.
Əgər bu gün kasıbçılıq və bahaçılıq əleyhinə səsini qaldıran insanlar görürlərsə ki, hökumət və məmurlar onların problemini həll etmək əvəzinə, ağızlarını yoxuşa sürürlər, qısa müddətdən sonra onlar belə bir fikrə gəlirlər ki, əsas problem hakimiyyətdə, məmurlardadır.
Son illər inqilablar, üsyanlar, vətəndaş-hökumət qarşıdurmaları, iğtişaşlar yaşayan ölkələrin təcrübəsinə nəzər salsaq görəcəyik ki, başlanğıcda hökumətin yaranmış problemi həll etmək əvəzinə zor yolu tutması, etirazları boğmaq, etirazçıları zərərsizləşdirmək taktikası seçməsi vəziyyəti qəlizləşdirib.
Məhz bu yanlış taktika gerdönməz proseslərə start verib və bir çox ölkələr dibigörünməz girdabın içinə yuvarlanıblar.
Bu gün etiraza heç də kefindən deyil, dərdindən çıxan adamlar görməlidirlər ki, səsləri, mesajları hökumətə, məmurlara çatıb və onlar imkan daxilində, gücləri çatdığı qədər problemləri həll etməyə çalışırlar. Yox, əksinə olsa, onlar görsələr ki, dedikləri ilə maraqlanan yoxdur, vəzifə adamları hər şeyi ört-basdır etməyə çalışırlar, onda xalqın üzü dönəcək.
Yüzlərlə belə örnəklər var.
