Medianews.az
“Karavan” bizlik deyil, bizimki karvandır
374 baxış

“Karavan” bizlik deyil, bizimki karvandır

samir sari kose 1
O cür qoşqunu ilk dəfə uzun illər öncə “İlğım” (“Miraj”) filmində görmüşəm. Sovet adamları xatırlayar, elə bir sovet-latış filmi vardı, amerikalı qanqsterlərdən bəhs edirdi. 
Qanqsterlər inkassator maşınından pul dolu kassanı qaçırıb həmin “özüyeriyən ev”ə qoymuşdular, maşının arxasına qoşub ora-bura sürüyürdülər ki, bir daldabasar yerdə kassanı açıb, pulları bölsünlər.
Bax, həmin o filmdə qanqsterlərin hamısı (5-6 nəfər)  avtomobilin dalına qoşulmuş özüyeriyən evə doluşmuşdular. Yəni elə bir şəraitli ev idi. Hamı sığırdı.
Gərək ki, amerikalı yazıçı Con Steynbekin də avtobioqrafik romanında yazıçı bu tipli ev-maşına minib Amerikanı gəzir, başına gələnləri yazır.
Bir də həmin maşına qoşulan “ev”lərdən 20-30 dənəsini Stokholmun Sollentuna kommununun ərazisində göl qırağındakı meşənin talasında gördüm. Böyür-böyürə verib saxlamışdılar. Noyabr ayı idi, kurort, tətil sezonu bitmişdi, amma bu cür ev-maşınlarda istirahət etmək həvəskarı olan insanlar hələ doymamışdılar, yenə öz “karavan”larına minib gəlmişdilər istirahət düşərgəsinə.
Deyirlər, Avropada belə şeyləri çox sevirlər, yaxşı yemək-içmək götürür, “ev”i maşının arxasına bağlayır, cananı yanlarına alır, ölkələrinin dilbər guşələrinə səyahətə çıxırlar, bir gün orda, bir gün burda gecələyə-gecələyə gəzirlər. “Dilbər guşə”lər də ki nə çox. Ölkə başdan-başa dilbər guşə olandan sonra dincəlmək üçün yer tapmaq asandır.
Yuxarıda “ev” sözünü dırnaqda yazdım, amma əslində dırnaq işarələrinə gərək yoxdur. O qoşqular doğrudan da evdir. İçində hamamı, tualeti, mətbəxi, yataq otağı, oturub işləmək üçün kətili-masası varsa, ta ev necə olur. Camaat on illərdir Keşlə, Montin tərəfdə ondan da balaca evlərdə kirayədə yaşayır.
Bu cür “ev-maşın”lar, “karavan”lar xaricdə çoxdan var, intəhası, bahadır. Amma bu günlərdə Salyanda bir usta qardaş da həmin “qoşqu-ev”lərdən birini düzəldib. Bu, həmvətənimizə 5700 manata başa gəlib.
Bu evin də hər şəraiti, o cümlədən altında təkərləri  var, qoş maşınının dalına, sür Masallıya, bir gün “İstisu”da dincəl, sonra iyulda get Kürdəmirə, iki gün də orda yaxşıca istirahət et, keç Göygölə, var Qazağa, adla Qəbələyə, aş Qubaya, Qusardan dolan gəl Nabrana, dənizdə çim, çıx Şabrana, “Qalaaltı”da sərinlə, ordan, Sərəki yaylağı tərəfdən torpaq yolla keç Xızıya, gəl Giləziyə, gir Bakıya. Vəssalam, tətil bitdi. Ta iqtisadi böhranın bu vaxtında dağa-daşa düşməyə ehtiyac yoxdur.
İndi salyanlı eloğlumuz istəyir ki, dövlət kömək eləsin, o da bu mobil evin istehsalını artırsın, 45 gündə birini yox, məsələn, 3 gündə birini qayırıb-düzəltsin ki, bu cür evlərdə yata-yata gəzmək istəyənlərin də hamısına çatsın.
Yaxşı olar. Həm bir xeyli adamın başı işə-gücə qarışar, həm də daxili turizm inkişaf edər.
Amma mən bu təşəbbüsə pis reaksiya veriləcəyindən qorxuram. Bu barədə yazı hazırlayan əməkdaşımıza da demişəm, bir həftədən sonra salyanlı ustayla əlaqə saxlasın, həmin “ev”i onun əlindən alıb, müsadirə edərək, hansısa cipin dalına bağlayıb aparmayıblarsa, demək, ümid var gələcəyə.
Hələ düşünürəm ki, yeddi dənə əlaqədar dövlət strukturundan gəlib bu mobil evlərin standarta uyğun olmadığını bildirərək, ustanı cərimələyəcəklər. Adam bir daha əlinə rəndə, mişar götürməyəcək.
Lap deyək ki, bu ideya böyüklərə maraqlı görünəcək, əmin olun ki, onlar onun zavodunu, fabriki özləri tikəcəklər, adamı da bir ay işlədəndən, mobil “ev” qurmağın çəmini öyrərənəndən sonra qovacaqlar.
Bunu da keçək. Yenə tutaq ki, o mobil evlərdən min dənə istehsal edildi və arzu edənlərə satıldı. Sizcə, sonra nə olacaq? Heç nə. Əlaqədar və qeyri-əlaqədar məmurlar rayonlarda, orda-burda bu maşınla istirahətə gedənlərin qabağını kəsəcəklər ki, hələ bir dayan, görək, bu örütlü, pərdəli maşında nə aparırsan, bəlkə narkotik daşıyırsan, bəlkə adam qaçırırsan, bu qadın kimdir, kəbin kağızınızı göstərin və sair və ilaxır.
Bizdə belədir, qardaşlar, Avropadakı “karavan”lar bizlik deyil, bizimki dədə-baba karvanıdır. Biz işıq gələn yerə barmaq tıxamasaq, çoxdan işıqlığa çıxmış olardıq...

Bizə qoşulun