Bəlkə də supermarketlər bir gündə etdikləri alver qədər ilin iki rübündə alver edib pul qazanmamışdılar. O nəydi? İnsanlar nə təhər tökülüşüb supermarketlərin rəflərini yağmaladılarsa, sanasan, işğalçı ordunun əsgərləri hərbi qənimət toplayır.
Nə olub? Nə xəbərdir? Heç nə, devalvasiya olub, manat dəyərini 47 faiz itirib, ona görə də “ölmüş pul”la nə alsan qənimətdir, di doldurun arabanı, daşıyın evə.
Müşahidəçilər, yəni hal şahidləri and içirlər ki, bir aylıq azuqəni vur-həşirlə alıb aparanlar olub. O qədər ərzağı necə yeyəcəklər. Heç nə, aparıb evdə xarab edəcəklər. “Malım xarab olunca, qarnım xarab olsun” məntiqiylə düşünərək vaxtı keçmiş ərzaqları basıb yeyənlər də olacaq, şübhəsiz.
Supermarket işlədənlərin nə vecinədir, hər şeyi köhnə qiymətdən satıblar, gedib. Onlara sərf edir. Alınan malların mühüm bir hissəsi onsuz da atılacaqdı, geri qaytarılacaqdı, bəlli bir ziyanları olacaqdı, amma bir günün içində alver o qədər şıdırğı getdi ki, ta ziyan-filan yoxdur. Üç aşağı, beş yuxarı, əsas odur ki, alver olsun, dövriyyə olsun.
Bəli, bizimkilərin anti-devalvasiya tədbiri bundan ibarətdir: kütləvi şəkildə cumurlar supermarketə, ciblərindəki pulun hamısını xərcləyirlər, arabanı təpili-tıxılı doldururlar, aldıqlarını daşıyıb yığırlar maşının baqajına, gətirirlər evə. Sonra da məhəllədə, yolda-rizdə, iş yerində, toy-nişan və hüzr məclislərində oturub, manatın dəyərinin düşməsindən, bahalıqdan danışırlar, lap axırda da deyirlər, neynəyəsən ey, millət qoyundur, müxalifət də yoxdur ki, çıxıb etiraz eləsin. (Guya ki, özü qoçdur).
Ölkədə baş verənlərin ona və onun kimi hərəkət edən, düşünən yüz minlərlə işli-güclü, evli-maşınlı insana dəxli yoxdur, sadəcə, “müxalifət” deyilən bir qüvvə olmalıdır, belə məqamlarda çıxıb hökumətə etiraz eləməlidir, bahalığın qarşısını almalıdır, adamlar ziyana düşməməlidir, ara düzələndən sonra, seçki zamanı bunlar da çıxıb deməlidir: “Gəlmişdiz də, gördük”.
İndi hamı giley-güzar edir. Ənənəvi müxalifətçilər, destruktiv qüvvələr heç, onlar illərdir ki, narazıydılar, deyirdilər, iqtisadiyyat düzgün idarə olunmur, belə dolanışıq olmaz. İndi konsturiktiv qüvvələr də, bitərəflər də onlara qoşulub, deyirlər, bu nədir, dolanışığımız pisləşdi, biz belə gözləmirdik. Ən pis vəziyyətdə iqtidar komandasının aşağı ranqının üzvləri qalıblar. Onların çoxu güzəranlarının pisləşməsindən narazıdırlar, amma bunu dilə gətirə bilmirlər. Arada partiya, əqidə, məfkurə, dövlətçilik söhbəti var. Həm də xalqın içində çoxlu qırmızı adamlar var, iqtidar tərəfdarlarının gileyləndiyini görəndə yanıq verə-verə deyəcəklər: “Özünüz seçmisiniz də, yadınızdadır, seçkilərdə çıxardığınız oyunlar, buna çalışırdınız?”
Mənim bir qonşum var, iqtidar adamıdır, seçkilərdə fəallıq edir. Zalım oğlu bütün seçkilərdə qalib gəlir. Fevraldakı devalivasiya zamanı belə bir duruma düşdü, ənənəvi kütləvi gileylənmə zamanı bu da nəsə dedi, taksi sürücüləri adamı hoydu-hoyduya götürdülər, dedilər, sən deyildinmi bu hökumətdən ötrü seçkilərdə canfəşanlıq edən. O da ütük, bir az da baməzə adamdır, vəziyyətdən zarafata salaraq çıxdı, dedi: “Qələt eləmişəm”.
O, builki seçkilərdə də fəal olub, amma axırıncı devalvasiyadan sonra hələ adam arasına çıxmayıb. O üzdən bilinmir ki, hazırkı durumda o öz məsuliyyətini və səhvini anlayır, etiraf edir, yoxsa yox.
Bəs çıxış yolu nədir, doğrudanmı deyildiyi kimi, xaos, aclıq, səfalət olacaq? Yox, elə şey olmayacaq. Biz dözümlü camaatıq, yeni qiymətlərə də, pulsuzluğa da, sıxıntılara da öyrəşəcəyik, yollaşıb yola gedəcəyik. Birinci dəfə deyil ki. Yanacağın da qiyməti qaldırılanda əvvəl-əvvəl bir az narazılıq olur, amma çox adam gecədən yanacaqdoldurma məntəqələrinə cumur ki, çənini doldurub 3-5 manat qabağa düşsün. Sonrakı günlərdə vəziyyət normallaşır, dara-bara salan olmur.
Amma qırmızı xətt deyilən bir şey var, Allah eləsin, o xətt keçilməsin, o xətt keçilsə, ta bilmirəm, nə olar. Hərçənd qırmızı xəttin yerini indilikdə heç kəs bilmir. Üstəlik, qorxasan, hökumət qırmızı xətti keçə, amma camaat keçməyə. Yayda sarı xətti keçməyə qorxan camaatıq...
