Medianews.az
Cərimələrdən qazananlar da cərimələnsə...
242 baxış

Cərimələrdən qazananlar da cərimələnsə...

images_dekabr_kose samir sari Bu cərimə məsələsi absurda gedir, əziz oxucular. Bu xüsusda gündə beş-altı xəbər çıxır və qədirbilən xalqımız bu xəbərlərdən çox pəjmürdə olur. Əslində uzun illərdir ki, xarici ölkələrə çox gedən və oranın qayda-qanunlarını görüb bəyənən, eyni şeylərin ölkəmizdə də olmasını istəyən şəxslərin arzuları doğrulur. Demirdikmi Avropada yolu icazə verilməyən yerdən keçən yoxdur, ona görə ki, cəriməsi var və insanlar pul itirməməkdən ötrü yolu işarələnmiş yerlərdən keçirlər? Artıq bizdə də öylədir. “20 Yanvar” tərəfdə, “Nizami” kinoteatrının yanında, şəhərin bir çox mərkəzi yerlərində hər gün yüzlərlə, bəlkə də minlərlə piyada cərimələnir. Hiss olunur ki, bu tədbir effekt verir. Məsələn, əvvəllər “20 Yanvar” dairəsində, velotrekə tərəf keçən insanlar sellənib gedirdilərsə, indi təkəm-seyrək keçən olur, onlar da polis tərəfindən fıştırıqla durdurulur. Yazmırdıqmı ki, Avropada küçəyə zibil atanlar cərimələnir, ona görə də küçələr təmizdir. Bizdə də elə olacaq, cərimələr gəlir. Orda-burda danışmırdıqmı ki, Avropada heyvanları incidənləri cərimələyirlər, ona görə də insanlar heyvanlara qarşı mərhəmətlidir. Gözünüz aydın olsun, ey heyvansevərlər, heyvanları incidənləri cərimələyəcəklər - qulun kimi çığırda-çığırda pullarını alacaqlar, təzə qanun çıxıb. Qanun layihəsinə görə, heyvanları şikəst və ya tələf edənlərdən 500 manat alacaqlar. Daha əvvəlki kimi küçə itlərini maşınla vurub aradan çıxmaq mümkün olmayacaq. İndi yiyəsiz itlərin də sahibi var. Başqa vaxt olmasa da, maşınla vurulduqları zaman hökumət onların qisasını zalımda qoymayacaq, tutub pulunu alacaq. Bekarçılıqdan it döyənlərin işi də çətinləşir. Onlar sırf məzəyə, zövq üçün it döymək vərdişlərini tərgitməli olacaqlar. Cəriməsi böyükdür. Yadınızdadırsa, bəzi ağzıqara gədələr itə işgəncə verib videolentə də çəkmişdilər. O söhbət qurtardı. Hətta biz bir çöl heyvanını, tutaq ki, dovşanı, kirpini, dələni, tısbağanı, timsahı, köpək balığını sırf mərhəmət prizmasından götürüb evimizə gətirsək cərimələnə bilərik. Çünki onları təbii mühitindən ayırırıq. Düzgün deyil. Bu hala görə bizim kimi fiziki şəxslər 200-500, vəzifəli şəxslər 2000 -2500, hüquqi şəxslər isə 5000 -7500 manatadək miqdarda cərimə edilir. Məcəllədə belə yazırlar. Bu xüsusda daha pis bir şey də var. İndən belə dost-aşna ilə meşə talasındakı bulağın üstündə ocaq qalayıb kabab bişirmək də çətinləşəcək. Gərək özünlə meşəyə odun, kömür aparasan. (Məsələn, Stokholmda camaat quru odunların bol olduğu yerlərə torbada kömür aparır). Meşənin qurumuş bitkilərinin budaqlarından çırpı kimi istifadə etmək, onları yandırmaq olmaz. Cəriməsi 500 manatdan 7000 manata qədərdir. İndi bəzi həmkarlar deyirlər ki, hökumət büdcəni bu cür cərimələrlə doldurmaq istəyir, çünki neftin qiyməti aşağı düşüb, büdcədə pul azalıb. Bəlkə də belədir. Yəqin ki, elə bir niyyət də var. Məsələn, bir az da sıxsalar yolu düz keçməyən piyadalardan alınan cərimənin ümumi məbləği bəlkə də Ermənistanın hərbi büdcəsi qədər olacaq. Küçəni zibilləyənləri də vicdanla, heç kəsə güzəşt etmədən cərimələsələr, hesab edin ki, dənizdə daha bir neft yatağı tapılıb. Hərçənd bu da tükənən sərvətdir. Çünki bir pinti adam iki dəfə cərimələnəndən sonra görəcək ki, belə olmaq sərf eləmir, dönüb təmizkar olacaq. Sizə deyim ki, Avropanın mədəni ölkələrində insanları məhz cərimələyə-cərimələyə adam ediblər. Yoxsa özbaşına qoysalar, indi onlar da zibili küçəyə tökürdülər, üçrəngdə qırmızı işıqdan keçirdilər, küçədə anqıra-anqıra gəzirdilər. Yeri gəlmişkən, beş-altı gün əvvəl Brüsseldə metroya düşəndə qəfildən eşitdik ki, sanasan, tunelə bir sürü eşşək girib. Bir anqırtı, kişnərti səsi gəlirdi ki. Bir az aşağı endik, gördük 7-8 qaradərili gənc nəyə görəsə səslərini başlarına atıblar, hırıldayır, zarıldayır, rəsmən anqırırlar. Aydın məsələydi ki, özlərini bu cür ifadə edən, doğulduqları ölkənin üzünü bu sayaq ağardan gənclər Belçikaya yeni gəliblər. Yerli adam olsalar, bilərdilər ki, metroda anqırmağa görə cərimə var. Bu cərimələr qanunpərəst, qaydasevər adamlar üçün qorxulu deyil. Vay o gündən ki, kriminal qafalı məmurlar bu cərimələrdən öz cibləri üçün istifadə eləsinlər. Bax, bu cinayətdir. Yaxşı olar ki, cərimələrdən sui-istifadə edənləri də cərimələsinlər.

Bizə qoşulun