Dünən baxıram ki, sosial şəbəkədə fəallar Xoşbəxt Yusifzadəni də xoşbəxt eləyiblər. Sözün düzü, bu xüsusda ilk paylaşımı görəndə mən də öz-özümə dedim ki, görəsən, ağsaqqal kişi sinninin bu vaxtında niyə belə danışıb. Sonra ikinci, üçüncü paylaşımları oxudum, gördüm, yox, məsələ qələmə, klaviaturaya verildiyi kimi deyil.
Məlum oldu ki, ağsaqqal mütəxəssisimiz “Günəşli” neft yatağında baş verən faciədə yer alan insan itkisinə vaysınıb, təəssüflənib, sonra maddi itkiylə bağlı suala da dəqiq bir cavab verib, deyib, maddi itkimiz də bu qədərdir.
Pəh! Yazığı sosial şəbəkədə itdən alıb itə vermirdilərmi? Heç demə, hansısa qərəzsiz, vicdanlı, obyektiv jurnalist cənab Yusifzadənin fikrinin əvvəlki hissəsini yox, maddi itkiyə görə hayfıslanmasını xəbər edib və bu, həssas camaatımızın incə damarına toxunub.
Necə yəni, orda o qədər insan həlak olub, itkin düşüb, ağsaqqal da mazut, qaz itkisindən danışır. Cəhənnəm olsun neft də, qaz da! Xalqımız haqlı olaraq böylə fikirləşərək, insan həyatını maddi sərvətlərdən üstün tuturdu. Çünki deyilənə görə, insan həyatı hər şeydən üstündür, ümumiyyətlə ən böyük sərvət insandır.
Həqiqətin necəliyindən asılı olmayaraq, bir xeyli insan Xoşbəxt Yusifzadənin şəxsində məmurları söyüb-yamanlayandan sonra o söhbətin yer aldığı brifinqdə iştirak edən jurnalistlər yazı, xəbər, status, şərh yazıb bildirdilər ki, o kişi elə söz deməyib, belə deyib, burda da ilişəsi bir şey yoxdur.
Düşünmək olardı ki, mübahisə qurtardı, həqiqət ortaya çıxdı, ahıl mütəxəssisin adının qarşısına düşən bu qara ləkə tezliklə təmizlənəcək.
Kimə deyirsən? Hiddət püskürmələri davam edir. Hər dəfə yeni-yeni feysbuk fəalları status yazıb Xoşbəxt müəllimi yamanlayırlar ki, o niyə belə deyib.
Hətta artıq gerçəyi meydana çıxaran, X.Yusifzadənin nəyi harda necə deməsini dəqiqliyi ilə yazan şəxslər də beziblər, prosesə etiraz etmirlər. Bir şeyi nə qədər yazmaq olar? Beləcə, o söz ağsaqqalın boynunda qalacaqmış kimi görünür.
Baxarsınız, o rəhmətə gedəndə də bir xeyli adam yazacaq ki, Xoşbəxt müəllim o vaxt faciə qurbanlarına sayğısızlıq etmişdi, ona rəhmət düşmür.
İnsanların kütləvi şəkildə mətbuata - istər peşəkar, istərsə də sosial mediaya çıxışının olmasının da bu cür mənfi tərəfləri var. Yüzlərlə, minlərlə adam var ki, rəqib saydığı qüvvələrə minus gəlsin deyə istənilən sözü, dəbdə olan ifadəylə desək, kontekstdən çıxarıb yaymağa amadədir.
İndiyəcən belə şeylər çox olub və siyasi mübarizə, cılız intriqalar, boğuşmalar, qapışmalar davam etdiyi müddətdə elə də olacaq.
Bir bizdə deyil, dünyanın hər yerində belədir. Hər yerdə stəkanda fırtına, nəlbəkidə sunami yaratmağa çalışan jurnalistlər siyasilərin, məmurların ağzını güdürlər ki, biri bir quş buraxsın və bunlar onu yolub tabaka, qril eləsinlər.
Hətta həmişə korrekt danışan, təmkinli, ağzıbütöv məşhurların da təxribata çəkildiyi hallar olur.
Məsələn, bir dəfə Roma papası İoann Pavel Parisə səfərə gəlir. Jurnalistlər bunu aeroportda qarşılayırlar və biri ona belə bir sual verir: “Papa həzrətləri, siz Parisin qırımızı fənərli küçəsinə (yəni fahişəxanalara) də baş çəkəcəksinizmi?”
Papa gözlənilməz sual qarşısında çaşır, sakitcə deyir, mən heç bilmirəm Parisdə qırmızı fənərli küçə varmı, yoxmu, hardadır.
Vəssalam. Ertəsi gün sensasiya dalınca qaçan qəzetlər bu və buna oxşar manşetlərlə çıxırlar: “Parisə qədəm basan Roma papası qırmızı fənərli küçənin harada olması ilə maraqlandı”. Di get!
Ancaq belə bir gerçək də var ki, ölkəmizdə məmurların hansısa fikrini kontekstdən çıxarmağa, hökumət adamlarının sevimli sözü ilə desək, ucuz sensasiya yaratmağa ehtiyac yoxdur. Onsuz da bir çoxları vaxtaşırı “quşlayır”lar, sadəcə, dediklərini olduğu kimi yazmaq kifayətdir. Həm də belə görünür ki, söhbəti audioyazıya və videolentə almaq lazımdır – sonradan dara-bara salıb “mən elə deməmişəm, jurnalist təhrif edib” deməsinlər deyə.
07.12.2015, 13:29
273 baxış
Samir Sarı
Ucuz sensasiya dalınca qaçanda...