Medianews.az
Görüş yeri: dekabrın 10-u, saat 20:30, Brüssel
200 baxış

Görüş yeri: dekabrın 10-u, saat 20:30, Brüssel

Xaricdə, xüsusilə də Avropada yaşayan dostların, eloğluların, həmvətənlərin sırasına baxanda adamın ürəyi açılır. Maşallah, bizimkilər qoca qitənin demək olar ki, hər tərəfinə yayılıblar, bir çox şəhərlərində yaşayırlar.
Ən ümdəsi odur ki, bu, yeni nəsil mühacirlər (əslində onların çoxu artıq mühacir həyatına son qoyub, yaşadıqları ölkələrin vətəndaşlarına çevrilib) vətənlə əlaqəni bir gün, bir saat belə kəsmirlər, necə deyərlər, ürəkləri burdadır, gələndən, gedəndən, baş verənlərdən, hər şeydən xəbərdardırlar.
Məsələn, bildiyiniz kimi, iki həftə qabaq İsveçə getmişdim, bu ölkədə yaşayan həmvətənlərimiz səfərdən xəbər tutan kimi zəngi zəngə caladılar, hamısı öz şəhərinə qonaq çağırırdı. İntəhası, çətin idi, aradakı məsafə buracıq, oracıq deyildi, Vahid Qaziyə qonaq olmaq üçün 500 kilometr, Kənan Hacıəkbəroğlunun kürəyinə şappıldadıb, “salam, qaqa, ə, nətərsən” demək üçün 350-400 kilometr yol getməliydim. Vaxt dar, türkün sözü, proqram yoğun. Heç ordan-ora Rahim Sadıqbəyliylə də vaxtı tutuşdurub görüşə bilmədik. Keçmiş iş yoldaşım Könül və yoldaşı Yaşarla telefonla çox danışdıq, vaxt eləyib buluşa bilmədik. Yaşar yeddi dəfə “hətmən görüşək” dedi, amma alındırmaq mümkün olmadı.
images_dekabr_kose samir sari
Hətta əyani tanışlığım olmayan bir həmvətənimiz də mesaj yazıb qonaq çağırdı, özünü də belə təqdim etdi: “Bəy, biz bir-birimizi tanımırıq, amma mən əvvəllər sizin qəzetdəki yazılara “Masallı Malik” nikiylə şərhlər yazırdım”. Baa, tanımarammı? “Masallı Malik”lə nə qədər qiyabi mübahisə də eləmişik, heyf ki, mübahisəni əyani şəkildə davam etdirmək imkan tapa bilmədik.
Bununla belə, təkcə gələn zənglər, yazılan mesajlar adamın ürəyini açır, bilirsən ki, sən ömründə olmadığın bu qərib şəhərdə tək deyilsən, iki küçə o yanda, bir qəsəbə bu yanda sənin dilində danışan, sənə hər an yardım göstərə biləcək biri var. Bu, balaca şey deyil, dostlar.
Budur, səkkiz jurnalist daha bir Avropa paytaxtına getməyə hazırlaşırıq. Proqramımız yenə yoğundur. Görüşlər, ziyarətlər var. Səfər yoldaşlarımızdan biri deyir ki, imkan olsa, qısa müddətliyə Almaniyaya da dəyək. Onun orda qohumları, dostları var. Biri deyir, Fransada da olmalıyıq, dostlar gözləyəcək. Hollandiyaya da dəyməyimiz gündəlikdədir. Kamal Qasımov Niderlanda gəlib ona dəymədiyimizi bilsə, inciyər. Zatən, biz Brüsselə çatanda gedib görəcəyik ki, Mirzə Sakit otelin qabağında bizi gözləyir, xəbəri var, dünəndən qalacağımız otelin ünvanını tapıb.
İsveçrə solaxay düşür, ordakı dostları görə bilməyəcəyik, Hacı, Elbəyi, Kamil, Elxan və başqaları gərək Brüsselə özləri gəlsinlər. Polşa bir az uzaqdır, Şövqü və Arazın Belçikaya gəlməsi çətin olar. Ancaq digər ölkələrdə yaşayan və bizi tez-tez öz ölkələrinə dəvət edən dostlara bir dəvətimiz var, ən yaxşısı, elə burdanca bir görüş təyin edək, ayın 10-da axşam Brüsseldə toplaşaq. Həm hamılıqca görüşmüş olarıq, həm də gedib “Qarabağ”a dəstək verərik.
Onsuz da 27 il öncə biz meydana “Qa-ra-bağ” deyərək çıxıb, bir-birimizi tanımışdıq. O zaman öz səsimizi yalnız özümüz eşidirdik. Səsimiz ölkəmizdən çıxmırdı. İndi maşallah, yüzlərlə soydaşımızın, həmvətənimizin səsi dünyanın ən qüdrətli ölkələrindən gəlir. Arada dalaşa-dalaşa bir araya gəlir, bir-iki aksiya keçirir, sonra da bir-birindən giley-güzar edə-edə dağılışırlar. Ancaq onların hamısını birləşdirən dəyərlər var: ana vətən, ana dili, Qarabağ.
“Qarabağ” da ki, göz dəyməsin, ildən-ilə qabağa gedir. Belə davam etsə, bir gün Barselonaya, Mançesterə, Liverpula, Milana da gedəcəyik.
Əsas məsələ odur ki, mehribançılıq olsun, bir də “Qarabağ” həmişə yaxşı oynasın.

Bizə qoşulun