Medianews.az
Bir üzrlə sülh yaradan xoşməramlı
275 baxış

Bir üzrlə sülh yaradan xoşməramlı

samir sari kose 1
Oqtay Ataxan adlı bir siyasət adamının Türkiyənin yerinə Rusiyadan üzr istəməsi gerçəkdən aktual, unikal, analoqu olmayan, həm də gözlənilməz hadisədir. Bu addım müasir politologiya dərsliklərinə düşməlidir.
Vallahi, adamı olsa, onu Nobel sülh mükafatına namizəd göstərər. (Hərçənd Oqtay müəllimin adamı olsa, heç zad yox, eləcə Binəqədi tərəflərdə MİS rəisi qoydurardı, məsələ bitərdi). Çünki təsəvvür edini, bu üzrxahlıq bəlkə də III Dünya müharibəsinin qarşısını alır (ola bilər, artıq alıb).
Çünki təyyarəsi vurulmuş ruslar çox hiddətlidirlər, Türkiyə ilə neçə milyard dollarlıq ticarət sazişlərini, alverlərini pozurlar. Bir-iki milyonluq təyyarəyə görə bu, əlbəttə, əbəs işdir. Bir təyyarəyə görə acıq edib yüz təyyarənin pul-parasını itirmək nəyə lazımdır?
Məsələyə, oxumuş adamların sözü olmasın, praqmatik prizmadan sərf-nəzər eləmək lazımdır. Bir düşünün, qırıcı təyyarə nədən ötrüdür? Müharibədən ötrü. Suriyada nə gedir? Müharibə. Bu təyyarə orda nə edirdi? Mövqelərə zərbə endirirdi. Axırda nə oldu? Özünə zərbə endirdilər.
Yəni qırıcı təyyarələrin alın (bort) yazısında vurub-vurulmaq var. Su-24 də bir vurdu, iki vurdu, axırda da vuruldu. Yaşlaşıb pensiyaya çıxası deyildi ki. Bir gün onsuz da vurulacaqdı.
İndi buna görə qanqaraçılıq salmağın nə mənası var. Durub şimal qütbündən isti bir ölkəyə gedib müharibə aparırsan, demək, itki də verəcəksən. Döyülmək istəmirsən, davaya girmə, girdinsə, sənə də bir-iki şillə-qapaz dəyəcək. Bu işin kaderi budur, türkün sözü.
Rus demişkən, kak raz, Suriya səmalarında o iş baş verdi, ona görə də onu namus-qeyrət söhbətinə çevirmək doğru deyil.
Oqtay Ataxan da olmasa, Allah bilir, nələr olardı. Odur, Ərdoğan iki ayağını bir başmağa dirəyib, deyir, qırxdır, bir əskik deyil, üzr istəməyəcəyik. Putin də ondan betər höcətdir, deyir, yox, bu hadisə kürəyimə saplanan xəncərdir.
Bir şey ki, kürəyə saplanan xəncəri bir üzrlə beldən çıxarmaq olar, onu gərək vaxtında çıxarasan. Oqtay bəy də dünyanın, regionun, ölkənin taleyini nəzərə alır, ona görə üzr istəyir ki, iki qüdrətli ölkə tutaşmasın.
Düzdür, Kreml bu üzrə qane olmayacaq, deyəcək, a tı kto, qospodin Ataxan, idi na yuq. Amma danmaq olmaz, niyyət olaraq gözəl niyyətdir. Qoy həmişə sülh olsun.
Bir var, yazıçılar kimi Türkiyəyə Rusiyadan üzr istəməyi tövsiyə edəsən, bir də var, özün qabağa durub üzr istəyəsən. Fərqli şeylərdir.
Əslində  Oqtay bəy gərək bu trendini davam etdirsin. Dünyada konflikt zonaları, qaynar bölgələr çoxdur. Qoy xutuların əvəzindən tutsilərdən də üzr istəsin (hərçənd ola bilər, tərsinədir, tutslərin əvəzindən xutulardan üzr istənilməlidir, dəqiq bimirəm).
Kim bilir, bəlkə Suriyadakı müharibə bir üzrdən asılıdır, heç kəs özünə sığışdırıb üzr istəmir və müharibə davam edir. Oqtay bəy Bəşər Əsədin yerinə Əbubəkr əl-Bağdadidən üzr istəsə,  o da daş-qaya deyil ki, deyər, Əsəd, səni qurban olasan Ataxana, arada o olmasaydı, şəxsən ağız açmasaydı, səni bağışlamazdım.
Bu yerdə gərəkdir ki, Oqtay müəllim Rusiyanın yerinə də Ukraynadan üzr istəsin. Çünki orda da vəziyyət ürəkaçan deyil, sülhə ehtiyac var. Bax, neçə vaxtdır Malayziya və Hollandiya Rusiyanın vurdurduğu sərnişin təyyarəsinə görə üzr tələb edirlər, Moskva da məhəl qoymur, cənab Ataxan bu münaqişəni də həll edə bilər. Bu işin bir üzrlük canı var.
Bəs Obama bu işə nə deyər? Alqışlayar. Bəlkə də Pan Ki Mun Oqtay Ataxanı BMT-nin xoşməramlı səfiri təyin edər ki, o da qaynar nöqtələrdə tərəflərdən üzr istəyə-istəyə gəzsin, dünyada sülhü bərqərar eləsin.
Bircə xəbərdarlıq edin, O.Ataxan bizim əvəzimizdən ermənilərdən üzr istəməsin. Bunu ondan qabaq edən biri oldu, düz iki ay baş-qulağımız getdi. Ancaq o, ermənilərin əvəzindən özümüzdən üzr istəsə, bəlkə də qəbul edə bilərik. Bir az sıyıq camaatıq biz.

Bizə qoşulun