Medianews.az
Geriyə necə qayıdaq, gecdir
230 baxış

Geriyə necə qayıdaq, gecdir

images_dekabr_kose samir sari Ölkədə internet rabitəsində yaranan müvəqqəti problem göstərdi ki, müasir insanları daş dövrünə, internetsiz, avtomobilsiz, kondisionersiz, televizorsuz dönəmlərə qaytarmaq mümkün deyil. Düzdür, klassik inqilabçıların sözü olmasın, ayrıca götürülmüş ölkələrdə buna cəhd etmək olar, amma onda da gərək əlində “Kalaşnikov”, “Uzi” və sair müasir silahlar olsun. Yoxsa internet, televizor görmüş adamların ağzını bir yerə yığmaq olmaz. Hamısı “Apokalpsis”, “Rembo” kimi filmlərə baxıb, bir xeylisi meşəyə qaçıb müqavimət göstərər. İşin pis tərəfi odur ki, müasir insanları daş dövrünə qaytarmaq istəyənlər buna tam eləmirlər, özləri “Rang Rover”də gəzəcək, “Ayfon” işlədəcək, təbii ki, əllərində “Kalaşnikov” da olacaq, amma camaat televizordan, internetdən imtina etməlidir. Əlbəttə, isti ölkələrdə kondisionerdən, soyuducudan və bu kimi faydalı gavur icadlarından imtina etmək olmaz, bunlar lazımlıdır, ancaq tutaq ki, audiopleyer, rəqəmsal fotoaparat nəyə lazımdır? Lazım deyil, çünki musiqi də, şəkil çəkmək də haramdır. Bəs müasir tibb avadanlıqları, əməliyyat üsulları necə olsun, axı onlar da elmi-texniki tərəqqinin nailiyyətləridir və kafirlər tərəfindən icad olunub. Burada da məsələ aydındır, əgər əməliyyata ehtiyacı olan qəbilənin şeyxidirsə və o, lazer şüası ilə əməliyyat olunmalıdırsa, bu, Allahın buyruğudur. Yox, ölüm döşəyində olan kasıbdırsa, ta neyləmək olar, “ölüm haqdı, çıxmaq olmaz əmirdən”, “Allahın yazdığıdır”, “Tanrının işinə əl aparmaq olmaz” və s. O vaxt maqnitofon icad olunub sürətlə bütün dünyada yayılanda İran üləmaları elə hey deyirmişlər ki, bu, şeytan əməlidir, haramdır, kafir ölkələrin icadıdır, amma sonra inqilab etmək lazım gələndə öz müraciətlərini maqnitofon kasetləri vasitəsilə yayıb xalqa çatdırıblar. İndinin özündə də İŞİD interneti haram buyura-buyura, başkəsmə, adamyandırma videolarını internet resurslarının ən bərkgedəni olan “Youtube” saytına yükləyir. Belə çıxır ki, videoalarda zənən xeylağının açıq dizinin görünməsi haramdır, camaatın əxlaqını poza bilər, amma insanların kütləvi şəkildə edam edilməsini göstərmək halaldır, gənc nəslin təlim-tərbiyəsinə töhfə verir. Bəli, söhbət ondan gedir ki, dünyanı yenidən daş dövrünə qaytarmaq istəyənlər əslində özləri o dövrə qayıtmaq istəmirlər, başqalarını qaytarmaq istəyirlər ki, asan idarə edə bilsinlər. Bir ara Taliban Əfqanıstanda elə etmişdi, camaatın evlərinə hücum edib, televizorları, antenləri yığışdırmışdılar ki, 1400 il öncə bunlar olmayıb, yenə də olmaya bilər, olmamalıdır, çünki kafir icadlarıdır. Hətta elektrik işığını da kəsmişdilər ki, qədim zamanlarda adamlar çıraq işığında yaşayıblar. “Kalaşnikov”un qorxusundan adamlar zülmətə, informasiyasızlığa, əyləncəsizliyə dözürdülər, dözməyənləri isə tutub aparırdılar Kabil stadionuna və edam edirdilər. Alın, bu da sizə müftə tamaşa, baxın, zövq alın. Srağagün internet 5-6 saat pis işlədi, sürət olmadı, yüz minlərlə adam özünü daş dövrünə düşmüş kimi hiss etdilər. Ona görə ki, adam Vaşinqtondakı (Parisdəki, İstanbuldakı, Londondakı, Lənkondakı, Zərdabdakı, Zaqrebdəki və s.) qardaşıyla (iş yoldaşıyla, ortağıyla, nişanlısıyla və b.) yazışdığı yerdə rabitə kəsildi və ünsiyyət bitdi. Di gəl, dünyanın o başıyla əlaqə saxla, görüm, necə saxlayırsan. Adicə 20-25 il əvvəl ölkəmizdə mobil telefonların olmadığı, naqilli telefon xəttinin isə rayonlar arasında pis işlədiyi dönəmlərdə burdan basa-basa Qazağa, Astaraya, Qusara dəvətnamə aparanlar olurdu. Bir gün o tərəfə, bir gün bu tərəfə, iki gün vaxt gedirdi. Amma indi zəng edirsən, mesaj yazırsan, istəsən hətta dəvətnamənin şəklinin “Votsap”dan, facebookdan göndərirsən, 5 saniyədən sonra qohumlar toya dəvət olunmuş, iki günün vaxtına, əziyyətinə, xərcinə qənaət edilmiş olur. Yəni indiki dövrdə həyatımızı asanlaşdıran çox şeylər var. Di gəl, hərdən bəzi qüvvələr ortaya çıxıb deyirlər, dədəmiz-babamız internetmi işlədirdi, biz də işlətməsək, nə olacaq. Canımıza dərd olacaq - özü də sözün birbaşa mənasında. Bu internet dədə-babamızın zamanında olsaydı, yəqin ki, onlar da dinc durmazdılar, ən azı nənələrimizi facebookda “bişirərdilər”.

Bizə qoşulun