İlk gündən, yəni oktyabrın 17-dən, daha dəqiqi, Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən götürülən andan şübhə vardı ki, bu fərmanın arxasında siyasi səbəblər durur.
“Siyasi səbəblər” deyərkən,əsasən hakimiyyət məsələsi nəzərdə tutulur. Rəsmən elan edilən “iqtisadi cinayətlər”ə dair ittihamlar sanki bir az bəhanə xarakteri daşıyırdı.
Hiss olunurdu ki, Eldar Mahmudov və onun rəhbərlik etdiyi generallar, polkovniklər çetesi hakimiyyət başçısına sədaqətlərində də səhvə, xəyanətə yol veriblər və kütləvi şəkildə qandallanmaları buna görədir.
İqtisadi cinayətlərin cəzalandırılması bu qədər şiddətli ola bilməzdi. Məmurların 99, 99 faizinin bu və ya digər dərinlikdə daldığı korrupsiya bataqlığı, hər halda, bu qədər ciddi cəza əməliyyatlarına səbəb olmazdı.
Belə hallarda bir qayda olaraq, yanmış korrupsionerlərin varidatını əlindən alır, ancaq onunla tısbağa kimi davranırlar, öldürmür, eləcə arxası üstə çevirirlər ki, öz-özünə çabalasın.
Təcrübədən bilirik ki, vəzifədən çıxarılan nazir, nazir müavinləri, generallar bir də həbs edilirsə, demək, ortada dövlət başçısına şəxsi sədaqət müstəvisində səhv ediblər, daha pisi, hakimiyyəti götürmək sevdasına düşüblər.
Eldar Mahmudovun mütəşəkkil qrupunun hakimiyyət sevdasına düşməsinə dair informasiyalar çox yenidir. Ortada MTN-in az qala qeyri-rəsmi ikinci adamı olan Akif Çovdarovun dediyi bir ifadə fırlanır: “Eldar Mahmudov baş nazir olmalıdır”.
Əlbəttə, Artur Rasizadənin və ya Samir Şərifovun, yaxud da Əli Həsənovun baş nazir olmasıyla, Eldar Mahmudovun baş nazir olmasının arasında dağla düz qədər fərq var.
Arxasında heç bir hərbi qüvvə, gizli servis dayanmayan mülki şəxs baş nazir olsa, özünün hakimiyyət əldə etmə niyyətini asanlıqla həyata keçirə bilməz. Ona mane olan mütəşəkkil qüvvələr tapılar.
Ancaq ölkənin ən qüdrətli dövlət strukturunun rəhbəri dövlətin ikinci postuna yiyələnərsə, onun qısa müddətdən sonra birinci adam olması artıq texniki-siyasi məsələdir.
Dünyanın hər yerində gizli xidmətlərin şefi öz nazir həmkarlarını ram etmək üçün güclü rıçaqlara malik olurlar və bu, məkr, şantaj yuvası olan Şərqdə daha da şiddətlidir.
Ölkəboyu dinləmələr həyata keçirən, ən müasir foto-video çəkiliş avadanlıqlarıyla təchiz olunmuş bir struktur ölkə elitasının təmsilçilərinin bütün kirli camaşırlarına, gizli əlaqələrinə dair sənədlər, sübutlar əldə edə bilər.
İnformasiyalar göstərir ki, Mahmudovun dəstəsi məhz bu işlə məşğul olub və onların əlinin altında böyük kompromat bazası varmış.
Burası sübuta yetirilib, generallar bu kompromat və digər informasiyalardan şəxsi varidatlarını artırmaq üçün gen-bol istifadə ediblər. Hamısı milyonçu olub. Bəs bununla kifayətləniblərmi?
Belə anlaşılır ki, xeyr, iştah diş altında olduğu üçün ölkənin ən varlı, ən səlahiyyətli adamlarına çevrilmiş generallar tam hakimiyyət əldə etmək niyyətində olublar.
Görünür, Rusiyanın daxili siyasətini təqlid etmək mərəzi MTN-ə də yoluxubmuş və generallar hesab ediblər ki, Rusiyada əsas hakimiyyət təhlükəsizlik zabitlərinə, generallara məxsus olduğu kimi, eyni şey Azərbaycanda da ola bilər.
İndilikdə biz sızıb gələn məhdud informasiyalara, daha çox isə əlamətlərə və rəsmi xəbəri yayılan olayların pərdəarxası təfərrüatlarına əsasən bu cür qənaətlərə gələ bilirik. Amma şübhəsiz ki, nazirləri və onların müavinlərini ard-arda vəzifələrindən götürən, bəzilərini isə məhbəsə yola salan hakim dairənin əlində daha aydın, detallı bilgilər var.
Bununla belə, “ikinci 17 oktyabr vaqiəsi”nin əsas səbəbinin MTN generallarının hakimiyyət çevrilişinə cəhdi olsa belə, bu, heç vaxt açıqlanmaya bilər. 10 il əvvəlin 17 oktyabrında olduğu kimi.
Xatırlayırsınızsa, o vaxtlar da nazirləri və onların adamlarını yalnız CM-in iqtisadi cinayətkarlığa dair maddələri ilə mühakimə etdilər. Çevrilişə dair təhqiqat aparmaq, dəlil-sübut toplamaq həm çətindir, həm də qalmaqalı çox olur. Salamatı budur: xirtdəyə qədər korrupsiyanın içində olanları korrupsioner deyə xirtdəkləmək.
17.11.2015, 07:58
256 baxış
Xalid Kazımlı
Diş altındakı iştahın “yediyi başlar”