Yıxılanları baltalamaqdan əllərimiz qabar oldu, baltalaramız kütləşdi, korşaldı, amma hələ ortalıqda bir şey yoxdur, hamısı sağ-salamatdır, heç yerdə çabalamırlar da.
Hanı bunların vəkilləri, niyə çıxıb “müvəkillərimizin hüquqları pozulur”, “saxlanarkən fiziki təzyiqə məruz qalıblar”, “içəridə onlara işgəncə verilir” kimi çıxışlar etmir, mətbuata açıqlama vermirlər?
Hanı tutulanların ictimai-siyasi fəal olan dostları, qohum-əqrrəbaları, niyə ortaya düşüb müdafiə komitələri yaratmırlar?
Niyə hakimiyyəti hədələyən yoxdur ki, ölkədə bu işə ədalətlə baxılmasa, məsələni Avropa İnsan Haqları Məhkəməsinə daşıyacaq və orda işə prioritet qaydada baxılmasına çalışacaqlar.
Məlum olduğu kimi, belə söhbətlər, haqq-hesablar yoxdur. MTN-in generalları köhnə qaydada, səs-səmirsiz tutulurlar və cınqırlarını çıxarmırlar, tutulmazdan əvvəl hüquq müdafiəçilərini, jurnalistləri ofislərinə, evlərinə çağırmırlar.
Çünki onlar öz təqsirlərini bilirlər, başa düşürlər ki, dövranları dönüb, müqavimətin xeyri yoxdur, salamatı taleyə boyun əymək, hökmdarın mərhəmətinə sığınmaqdır.
Sonrası asandır, tutacaqlarsa, tutsunlar, illərlə toplanmış paraların hesabına içəridə bəy kefində yaşamaq olar.
Ancaq indilikdə əsas məsələ toplanmış sərvəti birtəhər qorumaqdır. Bu, çox çətin məsələdir. İyləyib-çüyləyib adamın harda nəyi var, tapırlar, tutub əlindən alırlar.
Heç kim də deyə bilmir ki, ixtiyarınız yoxdur, bu, mənim halal qazancımla əldə etdiyim mülkdür. Deyə bilmirlər, çünki ortada halallığın “ha”sı da yoxdur, hər şey haramlıqla, haramiliklə, soyğunçuluqla, açıq quldurluqla, reketlə, talanla, kələklə başa gəlib.
Atalar öz zamanlarında deyiblər axı, “kələklə gələn küləklə gedər”. Bizim kələkbazlar bu hikmətli məsəli hərfi mənada anlayırlar, gedib villalarını külək tutmayan yerlərdə tikdirir, hasarlarını heç bir xəzrinin, hətta səmum yelinin belə girə bilməyəcəyi qədər qalın və hündür edir, elə bilirlər, külək onlardan heç nə apara bilməz.
Amma tifaqları dağıdan külək, qasırğa, tornado, sunami təbiətdən gəlmir, ali sarayların təbiətindən gəlir və bir gün kələklə yığılan milyonları uçurub aparır.
İndi deyirlər, nazirin bağ evindən bir üç kiloluq balonda brilyant aşkar olunub götürülmüşdür. Düzü, adamın buna inanmağı gəlmir. Daha doğrusu, brilyantların tapıla biləcəyi inandırıcıdır, hətta “tapılmayıb” desələr, heç kəs inanmaz, fəqət burda inamsızlıq yaradan detal balonun miqyasıdır. Yenə bir kiloluq balon desələr... 3 kilo çoxdur. Bəlkə də xam almazın vətəni Cənubi Afrika Respublikasında ildə 3 kilo brilyant istehsal etsələr, sevindiklərindən il on iki ay vuvuzela çalarlar.
Ondan da keçən yerdə, 10 il öncə bu vaxtlar dolaşdırılıb tutulmuş nazirlərin nə qədər böyük korrupsioner olduqlarını göstərmək üşün hüquq-mühafizə orqanlarının zərgərlik mağazalarından qızıl-zinət əşyalarını müvəqqəti kirayəyə götürərək videoçəkilişdə istifadə etdikləri haqq-hesabını bilirəm. Məqsəd də bu olub ki, tamaşaçıda effektiv rəy yaransın, ömrü boyu arvadına bir üzük, bir sırğanı zorla alan sadə vətəndaş əlini dizinə çırparaq, “pah atonnan, insanın nə qədər qızılı olar” deyə vaysınsın. Elə də olmuşdu. O qızıl lentlərin xalqa göstərildiyi günün ertəsi yüz minlərlə adam bundan danışırdı. Hərçənd “pah atonnan” nidasından sonrakı zərbələr nəticəsində göyrəmiş dizlərin monitorinqini aparmaq çətin idi.
Ona görə də gərək hər deyilənə, göstərilənə dərhal inanmayaq. Ola bilər ki, tutulan generallardan, məsələn, yarım kilo brilyant tutulub. Ağlımız qızıla, platinə getməsin, brilyanta gələndə yarım kilo da balaca çəki deyil.
Yeri gəlmişkən, dünyanın ən böyük brilyantı Nadir şaha məxsus olub. O da Hindistandan çırpışdırıbmış. Hazırda o brilyant Rusiyanın almaz fondundadır. (İran onu Tehranda öldürülmüş Qriboyedova görə qanpulu verib).
Yəni Nadir şaha qalmayan brilyant heç kimə qalmaz, əziz oxucular, brilyant həvəskarı olmayın, Brilyant Dadaşovanın ifasında “Vokaliz”ə qulaq asın, mənalı sözləri var.
16.11.2015, 06:19
453 baxış
Samir Sarı
Bir balon brilyant