Uzun illər öncəydi, vaxtaşırı iqtidar adamlarının yerlibazlıq və qohumbazlığından yazılar yazırdım (o vaxtlar bu mövzu indikindən bir neçə dəfə aktual idi). Təvazökralıqdan kəndimizdəki Qocaqazan təpəsi qədər uzaq olsa da, deyim ki, bu yazılar xalqımız tərəfindən yaxşı qarşılanırdı.
“Xalqımız” deyərkən, əlbəttə ki, yerlibazlıq, qohumbazlıq edənlərdən söhbət getmir. Onlar mənə səmimi qəlbdən nifrət edirdilər, hətta arada qəzetimizin təsisçisinin üstünə şikayətə-filana da gəlirdilər ki, ona de, yerlibazlıqdan yazı yazmasın, bu, bizim heysiyyətimizə toxunur.
Xüləs, həmin ərəfələrdi, bir uzaq qohumumuzun hüzr məclisinin bir küncündə yaşıma uyğun qohumlarla oturub mollanın dərin məzmunlu çıxışına qulaq asıram və öz aramızda pəsdən söhbət edirik. Söz yazdığım yazılardan düşdü. Birdən qohumlardan həmyaşıdım olan biri son yazımı nəzərdə tutaraq soruşdu: “Yazırsan ki, yerlibazlıq, qohumbazlıq pis şeydir. Bax, sabah sənin əlində yaxşı bir vəzifə olsa, mənə babat bir vəzifə verməyəcəksən?”
Sual çox qəti qoyulmuşdu, konkret cavab tələb edirdi. Özü də elə bir vaxt idi ki, birləşmiş müxalifət qüvvələrinin hakimiyyətə gəlmək şansı, müşahidəçilərə görə, 50 faizin üstündə dəyərləndirilirdi.
Sital suala cavab verərkən ağzımı sürüdüm. Əslində mən ona dərhal, sırf başdan eləmək üçün “niyə vermirəm, vəzifə sənə qurbandır” desəm, o saat deyəcəkdi ki, bəs onda niyə belə yazılar yazırsan, görürsən, vəzifən olsa, sən də qohumbazlıq edərsən. Yox, əgər 24 saat ideya-məfkurə dərdi çəkən inqilabçılar kimi, “xeyr, sənə vəzifə düşmür, çünki layiq deyilsən” desəm, yenə olmazdı, bu gün-sabah seçkidir, bunlar da Allah qoymasa, elektoratdır, acıq edərlər.
Ona görə də diplomatik cavab verməyi üstün tutdum, dedim ki, vəzifələri ixtisaslı kadrlara kimin qohumu, haralı olmasına görə vermək düzgün olmaz, hər kəs qabiliyyətinə və bacarığına görə hansısa posta təyin edilməlidir, sənin də bacarığın hansı sahədədirsə, potensialından o sahədə istifadə oluna bilər.
Qohum qane olmadı, sanki adıma yazdığı ərizənin üstünə dərkənar qoymadan üstünə qaytarmışdım. İnciyəntəhər oldu, hətta bir balaca da hiddətləndi, dedi, bax, ona görə də siz heç vaxt hakimiyyətə gələ bilməyəcəksiz.
Mən də yüngülcə qəzəbləndim, dedim, heç bizə lazım da deyil, hakimiyyətə gəlib sənin kimilərə vəzifə paylayacağısa, elə müxalifətdə qalsaq yaxşıdır.
Amma maşallah olmasın heç, adamlar var ki, əllərinə vəzifə keçəndən sonra nəslində bir başıpapaqlı qoymur, hamısına vəzifə verir. İş də yox ha, vəzifə, gəlirli post. Bir ilin içində villa tikdirməyə, cip almağa imkan verən yağlı vəzifə.
Budur, ARDNŞ prezidenti Rövnəq Abdullayevin vəzifəli qohumlarının siyahısını yenə paylaşıblar.
Bu arada şirkətin nəyə görə özünə son vaxtlar israrla ARDNŞ yox, SOKAR deməsinin sirrini açım. ARDNŞ abbreviaturasının açması, türkün sözü tühafdır, belə də açıla bilir: Abdullayev Rövnəqin Dədəsinin Neft Şirkəti.
Təvazökarlıqdan Diyarbəkir mahalı qədər uzaq olsa da, deyim ki, ARDNŞ abbreviatrasının bu variantını ilk dəfə 7 il qabaq qəzetdə mən yazmışam. Mənə də adının çəkilməsini istəməyən həkim dostum Allahverdiyev İmamverdi demişdi (burasını zarafat edirəm, həkim dostumun adını məndən yalnız içəridə ala bilərlər).
Əslində, son zamanlar populyarlaşan bu ifadə həqiqətə çox yaxındır, bunu Rövnəq müəllimin ARDNŞ-də toplaşan qohumlarının siyahısına baxanda aydın görmək olar.
Təsəvvür edin ki, SOCAR-da Informasiya Texnologiyaları Departamentinin rəisi də, müavini də, satış direktoru da, Neft Emalı zavodunda qaz və oksigen sektorlarının müdirləri də, “Suraxanı OIL” və “Balaxanıneft”in rəhbərləri də, “EKOL”-un və Neft-Yağ Emalı zavodunun rəisləri də, SOCAR-da demontaj sektorunun, Neft Kəmərləri Idarəsinin rəisləri də, rəisin müavini də, “SOCAR PETROL”-un prezidenti də, şirkətin təchizat departamentinin rəisi də Rövnəq müəllimin qan qohumlarıdır.
Hələ bunlar rəislərdir, üç o qədər başqa qohumlar da gözəgörünməyən işlərdə çalışırlar. Allah iş avandlığı versin, hamısı dövlətçilik üçün, neft strategiyamızın uğur qazanması üçün işləyir.
Mən də o vaxt nahaq yerə qohumumu incitdim, getdi. Hələ də xeyir-şər məclislərində çəp-çəp baxır, elə bil, MTN-də general imiş, sərəncama götürmüşəm, işsiz qoymuşam.
06.11.2015, 06:40
298 baxış
Samir Sarı
Qohumcanlı olmadınsa...