Görürəm, gənclər ürəklərinə salır, sosial şəbəkədə yazırlar: “Belə seçki olarmı? Rəzalət!”; “Səhərin gözü açılmamış seçki saxtakarlığı başladı”; “Biabırçılıq!” və sair və ilaxır.
Hiss olunur ki, onlar yenidirlər, belə şeyləri hələ indi-indi görürlər. Biz çox şanslıyıq, gözümüzü açandan seçkini belə görmüşük.
Bəzən adam nostalji ovqata köklənir, sovet vaxtının seçkisini, türkün sözü, özləyir. Vallahi, o seçki indikindən daha yaxşıydı.
Partiya və hökumətimiz bir rayonda sağıcı, o birində tütünçü, bu birində üzümçü, başqa birində traktorçu, aran rayonlarında pambıqçı tapırdı, deputatlığa namizədliyini irəli sürürdü. Bülletendə bircə onun adı olurdu. Səsvermə günü əmək kollektivlərini qoyun sürüsü kimi qabaqlarına qatıb məntəqəyə aparırdılar. Orda seçicilərə ideal seçim imkanı verirdilər: bülleteni ya sağ əlinlə, ya da sol əlinlə götürüb qutuya atmalıydın. Hamı da dinməz-söyləməz öz bülletenini qutuya atırdı. Bəzən bir demaqoq adam tapılırdı, deyirdi, indi bu sağıcı gedib orda nə danışacaq. Tez ona deyirdilər: “Ədə hey, artıq-əskik danışma, antisovet təbliğatı aparma. Sən öləsən, başını qırxıb salarlar səni qoduqluğa”.
Adam görürdü ki, bir az da çox danışsa, doğrudan da bunun başını qırxıb içəri basacaqlar, tez geri verirdi, sifətinə irişmə ifadəsi verib deyirdi ki, zarafat edir, çox layiqli namizəddir, bu da deputat olmayacaq, kim olacaq.
Sovet dövrünün seçkilərinin bir üstün cəhəti vardı ki, seçkiqabağı təşviqat kampaniyasında söyüşmə, boğuşma olmurdu, “mən ondan yaxşı oğlanam, mənə səs verin”, “On ildir deputatdır, nə edib sizin üçün”, “Mən seçilsəm yollarınız asfalt olacaq, qaz, su çəkdirəcəm” kimi söhbətlər yox idi. Heç yazıq pambıqçı-namizəd “mənə səs verin” də demirdi, eləcə gülümsəyə-gülümsəyə deyirdi ki, sağ olsun partiyamızı, mənə yüksək etimad göstərib, çalışacağam ki, etimadı doğruldum, bir beşillikdə iki beşilliyin planını yerinə yetirim.
Səsvermə günü məntəqələrdə süpürləşmə, itələşmə də olmazdı. Əslində heç saxtakarlığa ehtiyac da yox idi, amma komissiya üzvləri hər ehtimala qarşı seçki qutularını ləbələb doldururdular. Seçilməli olan adam onsuz da seçilirdi və heç olmurdu ki, kimsə seçilməsin.
Prinsipcə, indi də elədir, əvvəlcədən nəzərdə tutulmuş adamlar onsuz da seçilir, sadəcə, indi əl-ayağa dolaşanlar, gərginlik yaradanlar çoxdur. Seçki qutusunu qucaqlayıb göz bəbəyi kimi qoruyanlar, bu səbəbdən qutuya kərkinməkdə ittiham olunaraq polis bölməsinə aparılanlar, özünün və təmsil etdiyi namizədin var-yoxuna söyüldüyünə görə protokol tərtib etdirmək istəyənlər, bir yerində bülleten gizlətməsindən quşqulandığı seçki komissiyası üzvünün alt paltarlarına baxış keçirilməsini tələb edənlər, məntəqəyə gəlmiş əcnəbi müşahidəçiyə “ser, bunlar saxtakarlıq edirlər” deyə şikayətlənənlər, ser gedəndən sonra “suka” adlandırılaraq, danaboyun edilib məntəqədən çıxarılanlar var.
Bunlar seçkinin normal atmosferdə keçməsinə mane olurlar. Bu üzdəndir ki, son illər camaat acıq eləyib seçkiyə getmir. Məntəqə seçki komissiyalarının üzvləri səsvermə günü boyunca çiyinlərinə palto, plaş, şal ataraq soyuq məktəb dəhlizlərində oturur, məchulluğa baxırlar. Elə olur, iki saatdan sonra kimsə azıb-təzib məntəqəyə gəlir. Onda komissiya üzvləri özlərini kimsəsiz adaya düşmüş və illərdən sonra canlı adam görmüş Robinzon Kruzo kimi aparırlar, fəallaşırlar, tez adama bülleten təşkil edirlər və seçici fəallığının yüksək olması barədə yuxarılara raport verirlər.
Belə olmuşdu ki, bir dəfə Şərurda seçici fəallığını 101 faiz göstəmişdilər. Nə etsinlər, yarışma gedirdi. O biri rayonların başçıları günortaya qədər 80-85 faiz seçici fəallığı olduğu barədə raport vermişdilər və artıra-artıra gedirdilər, Şərurun böyükləri görmüşdülər, yox, bu gedişlə onlara çata bilməyəcəklər, artıq 99 və 100 faiz fəallığa dair raport verilib, bunlar da vurub hamını keçmişdilər - 101 faiz. Di gedin.
Eh, biz nə seçkilər görmüşük. Darıxmayın, gənclər, siz də çox görəcəksiniz. Hələ 2036-cı ilə qədər belə olacaq. Amma o vaxt Apofis asteroidi gələcək və Siyavuş Novruzovun yenidən mandat almasına mane olacaq. İnşallah.
02.11.2015, 07:53
286 baxış
Samir Sarı
Asteroid gələcək, zülm bitəcək