Medianews.az
Abidələr də əbədi deyilmiş
223 baxış

Abidələr də əbədi deyilmiş

images_000xalid bey kose Sabiq təhlükəsizlik naziri Eldar Mahmudovun atasının büstünün demontaj edilməsi xəbəri ölkədə həm təəccüblə, həm təəssüflə, həm də anlayışla qarşılandı. Məlum olduğu kimi, hadisə Naxçıvanda, Şərur rayonunda baş verib. Mərhum akademikin büstü türk liseyinin önündə qoyulubmuş. Həmin lisey Əhməd Mahmudovun adını daşıyır və məktəbdə son dərəcə nəfis şəkildə süslənmiş bir otaq akademikin mini-muzeyi kimi nəzərdə tutulub. İndi məntiqlə Ə.Mahmudovun adı o liseydən götürüləcək, “akademik otağı” da ləğv edilərək, ya sinif otağına çevriləcək, ya da müəllimlərə veriləcək. İctimaiyyət şəxsiyyətlərə qarşı bu münasibəti qəbul edə bilmir. Ortaya suallar çıxır: əgər mərhum akademik xatirəsinin bu cür əziz tutulmasına layiq deyildisə, onda onun adı niyə liseyə verilir, büstü qoyulur, guşəsi yaradılırdı?; Layiq idisə, indi niyə sökülür? Əlbəttə, hamı bunun nəyə görə baş verdiyinin fərqindədir. O torpaqların böyük oğlu olan (adi bir kənd uşağının böyüyüb paytaxtda akademik olması, hər halda, sıradan hadisə deyil) akademikə birdən-birə belə şərəf verilməsi, xatirəsinin əziz tutulması nazir təyin edilmiş oğluna görəydi. Yoxsa 1989-cu ildə vəfat edən Əhməd müəllimin xatirəsi elə o vaxtlar əziz tutulardı. (Orası da var ki, 1989-90-cı illər o qədər təlatümlü idi ki, vəfat etmiş akademikin xatirəsini əziz tutmaq bir kimsənin yadına düşməyə bilərdi). Belə çıxır ki, övladın atanın hərəkətinə görə cavabdeh olmaması kimi sovetdənqalma ifadə çox riyakar bir devizdir, əslində tam əksinədir. Bu ölkədə oğullar da valideynlərin hərəkətinə cavabdeh tutulurlar, hətta atalar da oğullarının əməlinə görə cavab verirlər. Akademikin büstünün sökülməsi göstərdi ki, 26 il əvvəl vəfat etmiş atanın büstü belə oğlunun hərəkətinə görə cavabdeh qismində ortaya çəkilə, cəzalandırıla bilər. Bu, bir ilkdir, unikal hadisədir, amma heyrətamiz deyil. Qisas aktları başqa formalarda çox olub. Maraqlıdır, bu hadisəyə etiraz edənlər olmayıb. Dünənə qədər ildə azı üç dəfə (tədris ilinin başlanğıcında, akademikin doğum və ölüm günlərində) həmin büstün qarşısına toplaşıb tədbir keçirən, əklillər qoyan, çıxış edən, şəkil çəkdirən insanlar da cınqırlarını çıxarmayıblar. Çünki bu yuxarıdan gələn əmrdir. Belə məsləhət olub. Dünənə qədər bu adamlar ora dinməz-söyləməz şəkildə ona görə yığışırdılar ki, yuxarıdan belə məsləhət görülürdü. Bu gün də belədir. Sabah möcüzə baş versə, akademikin büstü əzəlki yerinə bərpa olunsa o adamlar yenə eyni qaydada tədbirlərini keçirəcəklər. Bu kimi hadisələr bizim nə qədər etibarsız bir siyasi sistemdə, ondan daha etibarsız olan bir cəmiyyətdə yaşadığımızı göstərir. Təəssüf doğuran hallardan biri də budur. Vəzifəli ataya görə gənc oğula qulluq göstərənlərin vəzifəli oğula görə mərhum atanın büstünə təzim etməsi təbiidir. Belə adamlar heç bir halda öz iradələri, öz düşüncələri ilə hərəkət etməyəcək, adicə “bəs dünən belə deyirdiniz, indi nə oldu” sualı səsləndirməyəcəklər. Bizim toplum olaraq üzləşdiyimiz anormallıqların bir səbəbi də məhz bu olmalıdır: əbədi mütilik, daimi fağırlıq, məzlumluq. Əslində o abidə akademikə heç lazım da deyildi, ömrünü yaşamış, dövranını sürmüş, əcəli ilə rəhmətə getmiş şəxsdir, öz nəsli onsuz da onun xatirəsini həmişə əziz tutacaq. Bu hadisə bir acı həqiqəti də üzə çıxardı ki, başqalarını vəzifənin gücüylə öz əzizlərinin xatirəsinə hörmət etdirməyə zorlamağın axırı yoxdur. Baxın, Rəsulzadənin nə vəzifəli qohumu var, nə də çoxlu heykəlləri, ancaq yüz minlərlə adam onun işıqlı xatirəsi önündə baş əyir. Belə şeyləri zamanın axarına buraxmaq lazımdır. Əgər bir şəxsiyyət xalqının tarixində gerçəkdən də dərin iz buraxıbsa, ona layiqli xidmət göstəribsə, heykəlsiz, büstsüz də xatirəsi əziz tutulacaq, ən əsası unudulmayacaq.

Bizə qoşulun