Medianews.az
Çovdarovu uçurumdan qoruyan...
590 baxış

Çovdarovu uçurumdan qoruyan...

xalid kazimli kose 1
12 gündən artıqdır ki, hər gün bu cür xəbər başlıqları oxuyuruq:
“Eldar Mahmudovun daha bir yaxın adamı vəzifədən götürüldü”;
“MTN-dən daha bir general postundan uzaqlaşdırıldı”;
“Eldar Mahmudovun yaxın qohumu vəzifəsindən çıxarıldı və həbs edildi”;
“MTN-in generalı Akif Çovdarov ev dustağı edilib”;
“Akif Çovdarovun oğlu MM-dəki vəzifəsindən qovuldu”;
“MTN generallarından şikayətçi olan sahibkarlar danışdı”.
Bir sözlə, bu kimi xəbər başlıqları çoxdur. Bu işlə bağlı həbsə alınanların sayı da 15-dən artıqdır və həbslər davam edir.
Jurnalistlərin lakonik şəkildə “MTN işi” adı qoyduqları qalmaqalla bağlı vəzifəsindən, işindən götürülənlər, adları qara siyahıya düşənlər çoxdur, heç dəqiq sayı, statistikası da yoxdur.
Bununla belə, bu qədər ağır cinayətlərin üstü açılsa da, həbs olunanların dairəsi hələ də məhduddur. Hələ də bilinmir ki, məsələn, Çovdarovu uçurumdan qoruyan nədir, kimdir.
Prinsipcə, o və digər çete üzvləri artıq həbs olunmalıydılar. Çünki bu cür ittihamlara məruz qala-qala azadlıqda olmaq absurddur.
Unutmayaq ki, qəzaya düşən bəzi sürücülərin haqqında dərhal həbs qətimkan tədbiri seçildiyi ölkənin vətəndaşlarıyıq.
Necə olur,  inzibati xətaya görə adamlar həbsə alınır, ancaq ağır dövlət cinayəti törədənlər cəmiyyətdən təcrid edilmir?
MTN işində adı keçən bu qədər general və polkovniklərin içində Çovdarovun personasına fokuslaşmaq, bəlkə də, düzgün deyil, amma bunun ciddi səbəbləri var.
Bu şəxsin adı bir neçə jurnalistlə bağlı qalmaqallı hadisələrdə yer alıb. Hamısından məşhuru odur.
7-8 il öncə jurnalist Aqil Xəlilin başına açılan oyunlarda aparıcı fiqur məhz Çovdarov idi. İlk dəfə onun adını məhz o qalmaqalda gördük. Onun  ilk və yeganə şəkli də Binəqədi rayonundakı zeytunluqda çəkilmişdi.
O zaman Çovdarov polkovnik idi. Düşünmək olardı ki, jurnalistin ifşa etdiyi bu şəxs,  parkdakı zeytun ağaclarını doğratdırıb iaşə müəssisəsi tikdirdiyi sübut olunan polkovnik cəzalandırılacaq.
Əksinə oldu. Jurnalisti cəzalandırdılar. Ona qarşı elə bir total təqib-təzyiq dalğası başlatdılar ki, xarici ölkə səfirləri işə qarışaraq, Aqil Xəlilin əlindən yapışaraq aparıb təyyarəyə mindirməsəydilər, adam ya öldürülmüş, ya da həbsə atılmış olacaqdı.
Hətta səfirlərin müdaxiləsinə, polislərin mühafizə etməsinə baxmayaraq, MTN əməliyyatçıları jurnalisti aeroprtdaca hop götürmək istəmişdilər. O zaman polislərlə MTN-çilər arasında qarşıdurma olmuşdu, az qala bir-birinə silah çəkmişdilər.
Bunun arxasında məhz Çovdarov dururdu. O vaxt onun iradəsi o qədər güclüydü ki, dövlət televiziyası və digər telekanallar Aqil Xəlilə qarşı quraşdırılmış “homoseksual qalmaqal” da təşkil etmişdilər, üzdəniraq adamları tapıb üzünə qoymuşdular. Onlardan biri “qısqanclıq zəminində” jurnalisti bıçaqlamaq istəmişdi. Hamı bunun qurama iş olduğunu və arxasında MTN polkovnikinin olduğunu bilirdi.
Sonradan o, general oldu və adı bir dəfə də Eynulla Fətullayevin işində çəkildi. O zaman jurnalist həbsxanada idi və bildirirdi ki, Çovdarov şəxsən onun yanına gəlib, hədələyib, bəzi etiraflar edib və sair və ilaxır. O, bu işdən də sıyrıldı.
Son günlərə qədər bu adamın zəhmi, zabitəsi öz naziri Eldar Mahmudovunkundan da ötəydi. Nəyə görə, hansı xidmətlərinin müqabilində Çovdarov bu qədər ötkəm idi, toxunulmaz idi, bilinmirdi. Hələ də bilinmir.
“MTN işi”nin ən qalmaqallı fiquru məhz odur. Belə görünür ki, elə nüfuzuna, səlahiyyətinə görə həmin mütəşəkkil dəstənin ikinci skripkası da Çovdarovdur.
Belə bir ehtimal da var ki, əslində onu istintaqa cəlb edib, lazımi ifadə də alıblar, ancaq haqqında daha kəskin tədbirlər görülməsi seçkidən sonraya saxlanılıb.
Çovdarovun oğlunun parlamentdəki işindən uzaqlaşdırılmasının həmin cəza tədbirlərinin tərkib hissəsi olduğu bildirilir.
İndi kim istəyirsə, bu yazını da “yıxılana balta vurmaq” kimi qələmə verə bilər. Amma biz Çovdarovu məhz zeytunluqda işlədilən baltalardan sonra tanımışdıq.
Sinəsindən bıçaqlanan həmkarımız möcüzə nəticəsində ölümdən qurtarmasaydı, bu gün bəlkə də ona qarşı irəli sürülən ittihamlardan biri də o məsələ olacaqdı.

Bizə qoşulun