İqtidar adamlarının açıqlamalarından belə anlaşılır ki, builki seçkilərə beynəlxalq ictimaiyyətin marağının sıfırın üzərində olmasını rəsmi Bakı özü istəyib və özü təşkil edib. Yoxsa hər il olduğu kimi, Avropanın müxtəlif üstqurum təşkilatlarının (ATƏT, AŞ və s.) təmsilçiləri kütləvi şəkildə tökülüşüb ölkəmizə gələcək, seçkiləri müşahidə edəcəklərmiş.
Bu, o qədər də “dəhşətli” olmayan sirrin üstünü parlamentin indiki və gələcək sədri Oqtay Əsədov açıb.
Spiker ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) müşahidəçi göndərməkdən imtina etməsindən danışarkən deyib: “Bu təsisatdan bizə məktub göndərdilər ki, Azərbaycana 400 müşahidəçi yollamaq istəyirlər. Biz onlara yalnız bir sual verdik: niyə 400? Sizin metodologiyanız haradadır? Azərbaycanda 9 milyon əhali var, siz 400 müşahidəçi göndərirsiniz. Ukraynada 45 milyon insan yaşayır, oradakı seçkilərə də 400 müşahidəçi göndərirsiniz. Türkiyədə 80 milyon əhali var, ora 18 müşahidəçi göndərirlər. ATƏT/DTİHB metodologiyanı izah etmədi, bununla əlaqədar müşahidəçi göndərməmək haqqında qərar verdi və bəyan etdilər ki, Azərbaycan ”müşahidəçiləri qəbul etməyə hazır deyil". Seçkiləri 27 beynəlxalq təşkilat izləyəcək, bu, kifayətdir".
İndi bununla bağlı spikerin özünə düz beş sual vermək olar.
Axı siz niyə ATƏT/DTİHB-ə o “bir sual”ı verirdiniz? Sizin də metodologiyanız budurmu ki, ölkədəki seçkiləri urvatlı etmək, onun dünyanın diqqətində olduğunu göstərmək istəyən beynəlxalq təşkilatlara mənfi reaksiya verəsiniz?
ATƏT/DTİHB ölkəmizə 400 müşahidəçi göndərmək niyyətində olduğunu bildirirkən, siz 4 min müşahidəçi tələb etsəniz, dünya dağılardı? Bu, ölkəyə gələn əcnəbilərin sayının artmasını təmin edər, sırf turizm prizmasından yanaşsaq, mənfəətli (otellər, restoranlar nə qədər pul qazanardı) olmazdımı? Üstəlik, “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması” baxımından fayda gətirməzdimi?
Azərbaycanı Ukrayna və Türkiyə ilə müqayisə etmək nə dərəcədə doğrudur? O ölkələrdə keçirilən seçkilərlə Azərbaycanda keçirilən seçkilər fərqlidir. Birincisi, Ukraynada bələdiyyə seçkiləri keçirilir, ikincisi, Ukraynanın artıq demokratik seçki keçirmək təcrübəsi var, əyinti, pozuntuları minimal həddə olur. Ona görə də ora 1500 müşahidəçi göndərməyə ehtiyac yoxdur. Türkiyəyə gəlincə, artıq Avropa bu ölkədən əlini üzüb, oturub onun nə vaxt özünü teokratik xilafət elan olunacağını, prezident üsuli idarəsinə keçərək hazırkı prezidenti ömürlük elan edəcəyini gözləyir. ATƏT-in ora 18 müşahidəçi göndərməsi də sırf simvolik səciyyə daşıyır.
Əgər hər şey qanunlar çərçivəsində, dürüst, şəffaf olacaqsa, seçkilərdə hiyləgərlik və zorakılıq olmayacaqsa, müşahidəçinin sayının nə önəmi var?
Bəs MDB-dən gələn müşahidəçilərin sayında necə, hansısa məhdudiyyət tələb olundumu?
Əslində, məsələ belədir: 1995-ci ildən bəri ATƏT-dən gələn müşahidəçilər “ögey, yad”, MDB-dən gələn müşahidəçilər “doğma, əziz” sayılır.
Bunun da əsas səbəbi odur ki, avropalı müşahidəçilər sonda rəhbərlərinin hansı bəyanatla çıxış etmələrinə baxmayaraq daima seçkiləri diqqətlə müşahidə edib, neqativ halları olduğu kimi qeydə alıb, obyektiv olmağa çalışıblar. Yalnız sonda onların rəhbərləri “nə şiş yansın, nə kabab” səciyyəli bəyanatlar verib, “seçkilərin Avropa standartlarına uyğun olmadığını” qeyd edərək, bununla belə, “irəliyə doğru bir addım olduğunu” bildiriblər.
MDB-dən gələn müşahidəçilər isə həmişə tamam fərqləniblər. Onların müşahidəçiliyi bir qayda olaraq, rəmzi, formal xarakter daşıyır, günləri şiş-kabablı, ziyafətli keçir, axırda da “hər şey əlaydı, Azərbaycanda keçirilən seçkilərin demokratikliyinə görə dünyada analoqu yoxdur, biz bu təcrübəni öyrənməliyik” kimi riyakarlığın zirvəsi sayılacaq açıqlama ilə çıxış edirlər.
Hələ avropalı müşahidəçiləri də iki qrupa bölmək olar: qərbi avropalı müşahidəçilərlə şərqi avropalıların davranışı və bəyanatları da fərqlənir. Şərqi Avropa ölkələrindən (məsələn, Rumıniya, Bolqarıstan, Macarıstan, Serbiya, Sloveniya, Makedoniya və s.) gələn müşahidəçilər də təxminən MDB-li müşahidəçilər kimi bəyanatlar verirlər.
Ona görə də rəsmi Bakı onları və MDB-dən gələn müşahidəçiləri sevir, o birilərini isə sevmir.
“Azərbaycan müşahidəçiləri qəbul etməyə hazır deyil” ifadəsinin sirri də bundadır. İqtidar gerçəkdən də yaman söz deyəsi müşahidəçilər qəbul etməyə hazır deyil. Atalar əbəs deməyib, “yüz yeyənin olsun, bir deyənin olmasın”.
