Hər şey hamıya çox adi gəlir. İnsanlar nə boyda faciələrin içində olduqlarının fərqində deyillər. Sanki elə bu cür də olmalıymış. Uzun illər öncə biz bu gün ölkəmizdə baş verən hadisələrin eynisini Meksika, Çili, Peru, Honduras, Kolumbiya, Paraqvay və başqa ölkələrdə olması barədə oxuyar, müvafiq məzmunlu filmlərə baxar, dəhşətə gələr, “vay, vay” deyərdik.
Fikirləşərdik ki, bu ölkələrin xalqı necə də məzlumdur, yazıqdır, işsizlik, kasıbçılıqla yanaşı, hüdudsuz səlahiyyətlərə sahiblənmiş odioz generalların əlində əsir-yesirdir.
Həmin bədii, sənədli, publisistik əsərlər bizdə siyasi rəqibləri oğurlayan, həbs edən, özlərindən olmayan iş adamlarını soyub-talayan, silah qaçaqçılığıyla, insan alveriylə, narkotik ticarəti ilə məşğul olan generalların necə dəhşətli bir xunta rejimi qurması barədə dolğun rəy yaradardı.
Amma bu gün bu hadisələrin içindəyik və dəhşətə gələn yoxdur, varsa da, çox azdır.
Bu, ona görə belədir ki, biz uzun illər boyunca bu duruma alışmışıq, alışdırılmışıq. Ətrafımızı sarmış neqativ hallar, əyintilər, pozuntular normaya çevrilib. Hətta bir ovuc elitar zümrənin ən ağır cinayətlər (narkotik maddə alveri, qətl) törədərək cəzasız qalması da artıq adi hal kimi qarşılanır.
Bir nazirin oğlu və ya ikinci manqadan olan yaxın qohumları jurnalisti vəhşicəsinə döydürə, ölkədə böyük bir qalmaqal yarada, sonra da altından asanca çıxa bilirlər.
Hər gün neçə-neçə adamn cibindən, hətta anus dəliyindən 9-10 qram narkotik maddənin tapılb çıxarıldığı ölkədə hansısa yüksək vəzifəli şəxs sərhəddən 3 ton maye heroin keçirə bilir, qonşu dövlətin hüquq-mühafizə orqanları tərəfindən ifşa olunur, amma öz ölkəsində adı belə çəkilmir.
Dövlət başçısına şəxsi sədaqətsizliyi, daha dorusu, xəyanəti üzündən vəzifəsindən götürülən, həbsə alınan nazirlərin məhkəməsndə dövlət ittihamnaməsi oxunarkən sadalanan mülklərin, varidatın siyahısını qoşa qəzet səhifələri tutmur. Amma adam liderinə sadiq olsaydı, indiyə bu varidatı ikiyə qatlamış olacaqdı.
Bu kimi müdhiş faktlardan çox saymaq olar. Hamı detalları ilə olmasa da, ümumi şəkildə hər şeyi bilir.
Hər kəs bilir ki, bu ölkədə xalqı və dövləti talamaq imkanı olanların hər biri bunu edir - biri az, biri orta, biri çox, hər kəs öz ranqına görə.
Hamı bilir ki, bu ölkənin məhkəmələrində pul basıb qan batırmaq, eləcə də pul gücünə məsum insanları şərlətdirib türmədə yatırtmaq mümkündür.
Hər kəsə əyandır ki, şəhərin küçələrində şütüyən 200 minlik avtomobillər, şəhərin kənarındakı milyonluq (2-20 milyon dollarlıq) villalar oğurluq və haram pullarla əldə olunub.
Böyük oğurluqların və böyük talançılığın leqallaşdığı ölkədə bütün bunlar heç kəsə qəribə gəlmir, hətta daha pisi odur ki, insanlar bu böyük, mütəşəkkil cinayət qruplarının üzvü olmağa çalışırlar. Bundan ötrü iriməbləğli rüşvət verməyə də hazırdırlar - nəqliyyat, vergi müfəttişi, hakim, polis, ədliyyə işçisi, gömrükçü olub xalqı soymaq üçün.
Hər növ cinayətlərin leqallaşdığına görədir ki, bu ölkədə generalların girovgötürmə, xərac tələbetmə, şantaja əlatma kimi cinayət əməlləri törətməsi və ifşa olunması xalqın tükünü tərpətmir. Axı generallar başqa bir şey etməyiblər, hamı necə olubsa, onlar da elə olublar.
Ölkənin idarəolunma üsulunu klassik xunta vərdişlərindən artlayaraq sağlam, normal, qanuni müstəviyə oturtmaq çətin olacaq. Bundan ötrü inqilabi tədbirlər görmək, sərt rejim bərqərar etmək lazımdır. Bu, kütləvi cəzalandırmalar olmadan başa gələn iş deyil.
Həm də kim kimi cəzalandıracaq? Cəza mexanizmi tam şəkildə cəzalandırılmalı olan adamların əlindədir və onlar bu işi bir yerə qədər apara bilərlər, su öz boğazlarına çıxanda, təbii ki, şlüzü bağlayacaqlar.
Qanunların pis-yaxşı işlədiyi, qanunçuluğa az-çox riayət olunduğu sovet dövründə bu cür ağır cinayətlərə bulaşmış generalları mütləq güllələyərdilər. Bizdə isə onların cəzası təxminən qonşunun hinindən toyuq oğurlayan oğrunun cəzası qədər olacaq və bir neçə ildən sonra azadlığa çıxacaqlar.
Beləcə, köhnə oğruları yeni oğrular əvəz edəcək - ənadəzəni aşmasalar, xəyanət eləməsələr, zavala gəlməyəcəkər.
