Medianews.az
Siyasi motivli qudalığın axırı
316 baxış

Siyasi motivli qudalığın axırı

samir sari kose 1 Allah Məmmədbağır Bağırzadəyə rəhmət eləsin, “Qudam, ay qudam” mahnısını bəstələyib Azərbaycan toylarına ərməğan edəndə bilməzdi ki, bu mahnı 20 ildən artıq bir müddətdə hit olacaq və santexniklərdən tutmuş yüksək vəzifəli adamlara qədər, övladı ailə quran hər kəs bu mahnının sədaları altında oynayacaqlar. Doğrusu, birdən-ikiyə nazir övladlarının toyunda olmamışam, amma eşitdiyimə görə, nazirlər də “Qudam, ay qudam” mahnısına oynayırlar - özlərinə xas, ağır-ağır. Nazirə dingildəmək yaraşmaz axı. Bu ölkədə dəbdir, prokurorlar, rəislər, məhkəmə sədrləri bir-biri ilə quda olduğu kimi, nazirlər də bir-birilə quda olurlar. Sırf nazir qudalıqları şərt olmasa da, ranq ranqa uyğun olmalıdır. Bəzən başqa kombinasiyalar da olur. Məsələn, hansısa İH başçısının oğlu hansısa nazir müavininin qızını alır, yaxud “Qudam, ay qudam” mahnısına oynayanların bir cinahına içində milyardlar fırlanan bank sədri rəhbərlik edəndə onunla üzbəüzdə komitə sədri qol yelləyir, bel fırladır. Əslində burda qəbahət bir şey yoxdur, müəllimlər öz müəllim yoldaşlarıyla, həkimlər öz həkim həmkarlarıyla oturub-durduğu kimi yüksək mənsəbli şəxslərin də oturub-durma çevrələri birdir. Ona görə də gənclər o görüşlərdə bir-birini görür, tanış olur, bir-birini bəyənir, sevir, evlənirlər, nazirlər də məcburən quda olur. Holdinq şirkətinin qızının sürücü oğlana vurulması, nazir oğlunun bərbər qızına aşiq olması və tərəflərin bir-birini dəlicəsinə sevməsi kimi hallar adətən seriallarda olur, elə seriallarda da qalır. Hətta maqazin verilişlərindən aydın olur ki, serialda holdinq rəhbərinin aşiq oğlu rolunu oynayan, İstanbulun dar-düdük, tozlu məhəlləsində böyümüş, bir neçə il öncəyə qədər kasıb oğlan olmuş aktyorun özü də əsnaf qonşusunun qızını istəmir, gedib başqa serialda varlı qız rolunu oynayan aktrisanı alır. Amma söhbət bundan getmir, ondan gedir ki, bəzən böyük vəzifəli adamlar bu cür qohumluqları siyasi motivlərlə qururlar - bir-birinə arxa-dayaq olmaq üçün. Nə qədər olmasa da quda nazirlər saray başbilənlərinin nəzərində daha güclüdürlər. Yeri gələndə bir-birini müdafiə edir, başqalarından daha üstün mövqeyə çıxırlar. Hərçənd vaxt gəlir, qudalıq kara gəlmir, əksinə, yanan qudanın oduna o biri quda da alışır. Bu, əsasən o halda olur ki, qudalar qardaş kimi olurlar, bir oturub-dururlar, mövqeləri üst-üstə düşür, vaxtaşırı müzakirə aparır, eyni planlar qururlar. Belə olandan sonra gərək o biri qudanı da vurub aşırasan. Mehriban olmayan qudalarla bağlı vəziyyət fərqlidir, qudasının siyasi baxışlarını bölüşməyən, məkrli planlarına ortaq olmayan yaxşı quda “vurulmuş” pis qudanın leşinin altında qalmır. Onun vəzifəsinə dəymirlər, amma artıq adam daha yüksək vəzifəyə ümid edə bilməz. Qudası onun özünü olmasa da, şansını vurdurmuş sayılır. “Vurulan” qudaya görə qızını və ya gəlinini boşatdıran, ən azı buna cəhd edən qudalar da olub. Elə nazir quda olub ki, oğlu onun “yoldaşını boşa, canımızı qurtaraq” təklifi ilə razılaşmayıb, deyib, mən xanımımı boşamıram, vəzifə də cəhənnəmə olsun, sərvət-filan da. Yəni hər gəlahəgəlin bir gethagedi olduğu kimi, bir zamanlar “Qudam, ay qudam” mahnısına eyni anda oynayanların da bir-birinin ayağından pudluq daş kimi sallandığı gün gəlir. Budur, MTN şefi Eldar Mahmudovu işindən çıxarıblar, onun qudası Cahangir Hacıyevin də işi ağırdır. İki qudanın ikisi də “vurulub”. Nəqliyyat naziri Ziya Məmmədovun bu gün-sabah vəzifədən götürüləcəyi deyilir, camaat isə gözünü onun qudasına - kənd təsərrüfatı naziri Heydər Əsədova dikib. Düşünürlər ki, görəsən, Heydər müəllimə sədəmə toxunmayacaq ki. Ona görə də gərək yüksək vəzifəli qudalarla bağlı aydın xətt, vahid konsepsiya olsun. Bəzi kriteriyalar müəyyənləşməlidir: 1. Quda qudaya cavabdeh ola bilməz. 2. Qudalıq əqidə birliyi demək deyil. 3. Cəhənnəmə gedən quda özünə yoldaşı qudaları arasında seçməyə bilər. 4. Əbədi qudalıq yoxdur, əbədi maraqlar var. 5. Sadiq quda qudurmuş qudanın qadasına şərik deyil və s. Qudalıq yaxşı institutdur, amma minusları da var.

Bizə qoşulun