Medianews.az
Sən haralısan, haralı... nazir?
342 baxış

Sən haralısan, haralı... nazir?

images_dekabr_kose samir sari Uzun illərdir ki, ölkəmizdə ən mühüm siyasi hadisə nazir dəyişikliyidir. Bir qayda olaraq rayonlarda da başçı, rəis dəyişikliyi bir nömrəli siyasi hadisə sayılır. Bu, niyə belədir, bilirsinizmi? Necə olur ki, insanların taleyini həll edən başlıca siyasi hadisə, proses olan seçkiylə maraqlanmayan camaatımız ellikcə nazir, başçı, rəis dəyişikliyi ilə maraqlanır, bunu günlərlə müzakirə edir? Burda elə bir sirr yoxdur, əziz oxucular. Bu, ona görə belədir ki, ölkə insanı hər şeyə, oxumuş adamların sözü olmasın, merkantil və korporativ maraqları prizmasından yanaşır. Bizə yeni nazirin hansı universiteti bitirməsi, hansı postlarda nə dərəcədə uğurlu, təmiz çalışması, yüksək vəzifədə çalışarkən qanunlara necə riayət edəcəyi maraqlı deyil. Bizə onun ilk növbədə haralı olması, hansı qohumumuzla, tanışımızla birgə təhsil alması, birlikdə işləməsi, qanunpərəst olmasındansa, elcanlı, qohumcanlı olması maraqlıdır. Yeni nazir yerlimiz olarsa, bu o deməkdir ki, o, prinsipcə, ətrafına bir xeyli eloğlumuzu yığacaq. Belə olanda da xeyli adama gəlirli iş yerləri açılacaq. Məsələn, tutaq ki, Nehrəli kəndinin bir oxumuş oğlu hərlənib, fırlanıb Gömrük Komitəsinə sədr gəlir. O, ilk növbədə nə edir? Heç zad. Kadr islahatlarına başlayır və bir-iki ldən sonar rəhbərlik etdiyi strukturun 90 faizinin öz kəndçilərindən ibarət olmasını təşki edir. Bəs bu nə deməkdir? Villalar, ciplər, bahalı tətillər, dəbdəbəli toylar, şan-şöhrətli qohumluqlar Belə olandan sonra nehrəlililər üçün nazirin kim olmasının fərqi oldumu, olmadımı? Oldu. Bəs yerdə qalanlar üçün? Onlar üçün də fərq olur, əlbəttə. Onların malı gömrükdən keçmirmi? Keçir. Onları gömrük məntəqələrində inək kimi sağıb, “süd”lərini ümumi nehrəyə töküb çalxalayıb, yağını yağ, ayranını ayran etmirlərmi? Edirlər. Ona görə də başqaları da istəyirlər ki, yeni nazir onların kəndçiləri, rayonluları olsun. Amma insanlıq halıdır, əgər yeni nazir yerlipərəstlik və qohumbazlıq edən adam olmasa, ona ən çox nifrəti, bilirsiniz, kimlər bəsləyir? Öz kəndçiləri, öz cəhrəlililəri (tutaq ki). Ona görə ki, o nazir dal qapıdan soxulub babat bir post məngirləmək istəyən eloğlusuna boz üz göstərib, kəndinin oğullarını rəhbərlik etdiyi strukturda adi işlərə belə götürməiyb. Onda adamın adı bədnam çıxır. Kəndçiləri həmin xeyirsiz nazirlə nəinki qürur duymurlar, hətta bütün xeyir-şər məclislərində onun dalınca danışırlar, deyirlər, yaralı barmağa ilk tibbi yardım edən qurumsaq deyil, haram olsun ona bu kəndin çörəyi, yıxılıb arvad tərəfə, eyzən arvad tərəfinin qohumlarına iş verir və sair və ilaxır. Xoşbəxtlikdən, bizim nazirlərimizin tam əksəriyyəti eloğlu qədri bilənlərdir, qohumlarına da əl tutur, yerbəyer edirlər, orta məktəb, universitet yoldaşlarını da unutmurlar. Bu üzdəndir ki, hər yeni təyin olunan nazirin kimliyi, türkün sözü, mərcək (lupa) altına alınır, özünün, ata-anasının, xanımının haralı olması incələnir, bütün qohumluq, dostluq bağları tapılır, üzə çıxarılır. Hər dəfə xeyli bəxti gətirənlər olur. Məsələn, hansısa xırda bir dövlət qulluğunda işləyən məmur yeni nazirin əsgərlik yoldaşının qardaşıdırsa, yaxud onun atası ilə bunun atası çaydan keçəndə qoşqu təması ediblərsə və arada salam-əleyk qalırsa, məsələ həll olunmuşdur, tezliklə o xırda məmur idarə rəisi olacaq. Başqa kim olasıdır ki? Yeni nazir özünə komanda yığmalıdır, ya yox? Bu halda çoxdan tanıdığı adamı qıraqda qoyacaq, gedib yad rayondan olan birini gətirib yanında işlədəcək? Nə olsun ki, yad rayondan olan məmur iki universitet qurtarıb. Bizim bəxtimiz əvvəldən gətirmədi, elə kəndçimiz oldu ki, BDU-nu qırmızı diplomla bitirdi, bir neçə il işlədi, gedib Ali Partiya Məktəbini (indiki İdarəçilik Akademiyası), yenə 3-4 il ortabab vəzifələrdə çalışdı, gedib Moskvada Ali Milis Akademiyasını qurtarıb gəldi, üç qırmızı diplomla ən böyük vəzifəsi balaca rayonlarda polis şöbəsinin rəisi oldu. Birinci dəfə onu 1989-cu ildə daha yüksək vəzifəyə təyin etmədilər ki, Vəzirovun yerlisidir, yaxşı çıxmaz, yerlibazlq kimi görünər. İkinci dəfə də 1994-cü ildə daha yüksək vəzifəyə qoymadılar ki, Vəzirovun yerlisidir, yaxşı olmaz. Beləcə, eloğlumuz polkovnik olduğu vaxt serjant olanlar yekəlib general oldular, bizimki eləcə polkovnik qaldı. İndi görək yeni nazirlər haralı olacaqlar, heç olmasa dostlarımızın tanışı-zadı olacaqlarmı?

Bizə qoşulun