Medianews.az
Xortdanlar və zombilər
310 baxış

Xortdanlar və zombilər

zamin yeni raz

Yayda məhəllədən keçəndə gördüm uşaqlar qəribə bir oyun oynayırlar. Biri əlini qabağa uzadıb sərsəm-sərsəm addımlar ataraq o biri uşaqları qovalayır, arada da “Zombi, zombi” deyə çığırışırlar. Hansı uşağı tutsa bunu yüngülvari dişləyir. Sonra həmin uşaq da başlayır buna qoşulub başqalarını qovalamağa. Beləcə, oyun davam edirdi, uşaqlar isə hiss olunurdu yüksək zövq alırlar. Fikirləşdim, yəqin bunlar hansısa zombilər, zombi-vampirlər mövzusunda kinolara, animasiyaya baxıblar, ya da indi internetdə zombi oyunları var. Ancaq adam uşaq olanda hər cür səfeh oyun çıxarır, məsələn, biz balaca olanda hər gün “bizimkilər” “nemeslərin” anasını ağladırdı, heç ağlımıza gəlməzdi üstündən 40 il keçəcək, eyni səfehliyi AzTV ekranında yekəqarın kişi xeylaqlarının ifasında görəcəyik. Buna görə uşaqların “zombi-zombi” oynamağı yadımdan çıxdı getdi, ta dünənə qədər. Dünən qəzetdə elə bir yazı oxudum, barmağımı dişlədim (həm də özümün zombi olub-olmadığımı yoxlamaq üçün). Yazıblar ki, Bakı şəhərində, Nərimanov rayonunda bir kişinin restoranı varmış. 2000-ci ildə bu kişi yol qəzasında ölüb, 3 uşağı qalıb. Uşaqlar həmin restoranı icarəyə verib birtəhər dolanırmış. 2009-cu ildə isə yapistlər “abadlıq” adıyla restoranı dağıdıblar, ancaq yetimlərə bir qəpik də kompensasiya verilməyib. Şikayət ediblər, ancaq məhkəmə hakimləri qərar çıxarıb ki, gərək... restoranın yiyəsi - 15 il qabaq ölən adam da gəlsin ifadə versin. Bu unikal qərarı imzalayan hakimlərin adını da bir daha yazaq, tarixə düşsünlər: Bakı Apelyasiya Məhkəməsindən Nurəddin Mustafayev, Kəmalə Abıyeva, Mirzə Tağızadə, Ali Məhkəmədən isə Sevda Hüseynova. Ölünü dindirmək istəyən bu hakimlər haqlıdır məncə. Biz hamımız zombilərik, içi bu hakimlər qarışıq. Əlimizi qabağa uzadıb yeriyirik, lakin hara getdiyimizi, həyatda məqsədimizin nə olduğunu, nə üçün yaşadığımızı bilmirik. Pardon, əslində biz yaşaya da bilmərik, çünki ölmüşük. Zombilər dirilmiş ölülərdir. Milli mentalitetimizə uyğun yazsaq, xortdanlar. Hər sahədə olduğu kimi xortdan sahəsində da gül kimi milli sözümüzü xarici təsirə satmışıq gedib, alçaq qərblilərin dəyirmanına su axıtmışıq. Sabir Rüstəmxanlı müəllim gəlib bu xortdan-zombi temasında bir soy soylayıb, boy boylasa, uca millətimiz məmnun olardı. Hətta yaxşı olardı Cəmil müəllim də “Anarın əsərlərində xortdanların ifşası milli kimliyimizin ana həqiqətinin təcəssümü kimi” adlı məqalə yazsın. Qayıdaq öz zombilərimizin yanına, başqa yerə getməyə imkan da yoxdur. Azərbaycanda bütün sahələr üzrə zombilər yetişdirilir. Məsələn, təhsil zombiləri, səhiyyə zombiləri, jurnalist-zombilər, zombi-hüquq-mühafizə qüvvələri, Çevik Zombi Alayı (ÇZA), Azərbaycan Zombi Yazarlar Birliyi (AZYB), “Zombilər zombisi” şadlıq sarayı və sairə. Bunlar hamısı bir-birini gəmirə-gəmirə asudə yaşayırlar, sabitlik hökm sürür, Suriyaya-zada nisbətən bizdə heç kim ölmür. Ölüyük axı, zombini necə öldürəsən? Ölüb təzədən dirilirik. Zombi-səməndərlərik biz! Bəlkə bu ölü məhəbbətinə görə ən yaxşı bədii əsərimiz “Ölülər” adlanır. Şairlər ancaq ölüm mövzusunda vızıldaşırlar. Ölü yerinə getmək hər bir zombi üçün vacib əməl sayılır, hər məhlədə uşaq oyun yerində bir ölüxana tikilir. Ziyalı-zombilərimiz təklif edir ki, respublikanın adını dəyişib Azombiycan qoyaq. Zombi əhvalatının tarixinə görə haçansa Haiti adasında bir cadugər var imiş, camaata bir meyvənin şirəsini nə iləsə qatışdırıb verirmiş, həmin adamlar hissiyyatsız, şüursuz, yaddaşsız qullara çevrilirmiş. Sonra həmin qulları öz şəkər qamışı plantasiyasında işlədirmiş. İndi bizim dükanlarda satılan meyvə şirələri də həmin cadugərin resepti ilə hazırlanır. İçirik, zombiyə dönürük. Hərçənd, anadan zombi doğulan zəhmətkeşlərimiz də vardır, onlar lap xoşbəxtdir! Onlar heç vaxt nəyisə fikirləşib dərd çəkməmişdir.

Bizə qoşulun