Medianews.az
Siyasi oyunbazlığa son!
178 baxış

Siyasi oyunbazlığa son!

zamin yeni raz Qazaxdan bir satirik xəbər almışam, öncə onu paylaşım. 

Demək, bu sazlı-sözlü rayonumuzda YAP-ın deputatxana üzvlüyünə namizədinə elə YAP özü qəribə bir qadağa qoyubdur: adama deyiblər nəbadə orda-burda namizəd olduğunu söyləyəsən. Kimdənsə səs istəməyi, seçicilərlə görüşü-zadı ümumiyyətlə ağlına gətirmə, yoxsa boğazını üzərik. Səbəb isə budur ki, yapistlərin deputatxana tərkibi üzrə qabaqcadan hazırladıqları siyahıda Qazaxdan başqa adam, bitərəf adıyla deputat qoyulmalı imiş. 

Hərçənd, deputatxananın indiki tərkibi də satirik mövzular istehsalı baxımından geri qalmır. Örnək üçün, bugünlərdə orda büdcə zərfi müzakirə edilirdi.  

Burda bir haşiyə çıxım. Açığı, neft borusu kəsiləndən adam bu “büdcə zərfini” daha çox “zərif büdcə” kimi oxumağa meyllənir. Nərmənazik bir şey olmaqdadır. Görün nə pis durumdur ki, deputatlar hətta öz boğazlarından kəsiblər, eşitdiyimə görə gələn il öz maaşlarının artırılmasını nəzərdə tutmayıblar. Halbuki vaxt var idi hər kvartalda maaşlarını qaldırırdılar. Hadı müəllim deyirdi, toya gedirəm, pul yazdırmalıyam. Bıdı müəllim deyirdi, seçicilərimə pampers alıram. 

Uzun sözün qısası, həmin müzakirə vaxtı Səyavuş Novruzov proqram xarakterli təklif irəli sürüb. Deyib, burda bazar açmağın, büdcəni müzakirə eləməyin yeri yoxdur, cənab prezidentin Nazirlər Kabinetinin iclasındakı çıxışı bəsimizdir, biz büdcənin səsvermə düyməsini basaq, çıxsın getsin. 

Bəzi geridəqalmış vətəndaşımız isə deyir bu avtoritarizm əlamətidir. Guya büdcəni müzakirə eləmək parlamentin əsas funksiyalarından biri imiş. Mənasız söhbətdir. O deyilən parlamentə aiddir. Bizimki isə Prezident Administrasiyasının təyin elədiyi düyməbasanlar federasiyasıdır. Səyavuş müəllim düz buyurur, artistlik eləmək nəyə lazım? Şimali Koreya yolunda iri addımlarla gediriksə, bizə özümüzü Gürcüstan-filan kimi aparmağın manipulyasiyası lazımdırmı? Qətiyyən lazım deyil. Səmimiyyət min dəfə gözəl şeydir. 

Dünən oxudum, Putinin ardınca Kuba da Bəşər Əsədə hərbi yardım göndəribmiş. Biz niyə bu cərgədə yoxuq? Azərbaycan ordusunun Suriyada sabitliyi yaratması çox lazımdır. Hər kəs öz adamları, öz tay-tuşları, öz dostları, özünə bənzəyənlərlə oturub-durmalıdır. Yoxsa 20 ildir düşmüşük Avropanın, Amerikanın quyruğuna... Heyf o itirilən vaxtdan. 
Diktatura demokratiyadan faydalı sahədir. Bir adam əlini çırpır masaya, deyir budur. Yoxsa demokratiyada gərək iclas keçirəsən, pul toplana, nəzarət ola, nə bilim, qəzet-məzet yaza... Təsəvvür elə, Avropa Məhkəməsi 2010-cu ildəki deputatxana seçkimizdə saxtakarlıqla üzləşən müxalifətçilərin şikayəti üzrə qərarı hələ indi verib! Keçən həftə 3 şikayətə görə yapistlərə 30 min avro cərimə yazıblar. A kişi, təzə seçki olacaq ey! 5 il də işə baxarlar? Bizdə hakimi gecə yarısı tumançaq yerindən durğuzsan xoruzların ikinci banınacan üç müsavatçıya əmlakı müsadirə olunmaqla on beş il, dörd cəbhəçiyə arvad-uşağı müzakirə olunmaqla güllələnmə cəzası kəsər, uf da deməz. (Bəlkə Elnur Həsənov kimi nisbətən gənc hakimlər “Ah” deyər, ona sözüm yoxdur, imanımı yandırmayım).  

 Demokratiya çox axmaq sistemdir. Diktatura isə dərhal reaksiya verir: “Əəə, tutun bını basın maşına!” Putinin Suriyaya ordu basmağı kimi. Halbuki Amerika-zad gərək bunun üçün BMT-ni yığsın, koalisiya qayırsın, nə bilim, NATO gəlsin... Nə NATO? Qaldır təyyarəni, səp bombanı. Serjantı göndər, jurnalisti təpikləyib qohum-qardaşı ilə birgə qoduqluğa bassın. Bunlara üz verdikcə adamdan astar da istəyirlər. Kərbəlayı demişkən, sabah da gəlib adamdan papaq istəyirlər.  

Koppolunun urusu... (Müəllif vəcdə gəldiyindən yazının ardını redaksiyaya göndərməyi unutmuşdur. Belə getsə növbəti yazıları onun yerinə özümüz yazacağıq - redaktor). 

Bizə qoşulun