Medianews.az
Dana üstündə döyülən deputat
443 baxış

Dana üstündə döyülən deputat

samir sari kose 1 Bizim bəxtimiz gətirib ki, dədə-babalarımız 39-42-ci paraleldə məskən salıblar. Əgər biz bu boyda, bu buxunda başqa yerdə, məsələn, Hindistanın ştatlarından biri olsaydıq, günümüz lap qara olardı. Burda ermənilərlə min ildir eyni kababı, eyni dolmanı, eyni lavaşı, eyni turşunu yeyir, eyni tut arağını içirik, amma yenə dalaşırıq, orda hindlilər bizi mal əti yediyimizə görə qırıb-çatardı. O gün dünyanın demək olar ki, bütün telekanallarında göstərdilər: bir sürü hindistanlı senator müsəlman həmkarlarını basıb döyürdülər ki, bəs siz inək əti yeyən kafirlərsiniz. Hələ bu, Allah qoymasa, Hindistanın seçilmişləri, elitasıdır, gör, sıravi əhali bu cöngə-dana məsələsində nə qədər həssasdır. Niyə? Ona görə ki, bunların hansısa bir başıxarab əcdadı inəyi müqəddəs elan edib, deyib ki, ona toxunmaq, onu yemək olmaz, inəyə sitayiş eləmək lazımdır. Vəssalam, odu-budu, Hindistanda inəklər kef eləyir: nəinki kütləvi şəkildə qurban kəsilmirlər, heç tək-tək də kəsilmirlər, öz əcəlləri ilə ölənə qədər yaşayırlar; küçədə yatırlar, bir qurumsaq siqnal vermir ki, yoldan çəkil; küçənin ortasına lappasıya... təzəkləyirlər, heç kəs buna natəmizlik kimi baxmır – axı bu müqəddəs p..eyindir. Biz əlbəttə ki, bu məsələyə, oxumuş adamların sözü olmasın, daha rasional, yəni ağıllı yanaşırıq. Min dəfə sınamışıq, bilirik ki, inək, camış, eləcə də bu növdən olan iribuynuzlu heyvanların heç biri müqəddəs-zad deyil. Haraları müqəddəsdir? Müqəddəs olub nə qayırırlar ki? Ot otlayıb, su içirlər, sonra da uzun-uzadı gövşəyirlər. Söz yox, faydalı heyvanlardır, süd verirlər, onda qatıq, pendir, qaymaq, kərə yağı, yoqurt, smetan düzəldib yeyirik, ətləri də əladır, dəriləri də işə yarayır, hələ dırnaqları da süfrələrdə xaş olur. Amma elə bir müqəddəslikləri yoxdur ki, başlarına and içək. Ona qalsa, gərək qoyunu inəkdən də müqəddəs sayaq. Çünki qoyunun faydalı cəhətləri daha çoxdur, əti, südü, dərisi qiymətlidir, hələ yunundan da xalça-palaz, kostyum-filan çıxır. Amma işə baxın ki, hindlilər yüzlərlə əti yeyilən digər heyvanlardan fərqli olaraq inəyi müqəddəs sayırlar və onu yeyənləri parlament zalındaca basıb döyürlər. Bəlkə də elə millət var, qaşqaldağı müqəddəs sayır, kim bilir? Bu, nə dünyadır yaratmısınız, uca Tanrı? Yaratdıqlarınza bir az ağıl-kamal, dərrakə verə bilməzdinizmi? Biri hansısa bir heyvanın ətini haram buyurur, o biri başqa bir heyvanın, tutaq ki, balığın belindəki bir əzanı haram sayır, onu bilmədən ona təklif edənləri düşmən elan edir, biri qurbağadan iyrənir, yemir, yeyənlərə lağ edir, başqa biri ilan, çəyirtkə yeyir, yeməyənlərə xor baxır, eləsi var, qapısının itini kəsir, quzu kababı kimi əziz qonağına verir və sair və ilaxır. Hansı heyvanın ətiylə və ya hansı bitkiylə qidalanmağın inanca, dinə, imana nə dəxli var axı? Yəni insan oğlu 21-ci əsrdə də bu məsələ üstündə dalaşırsa, ölüb-öldürürsə, ta bunun harası şüurlu məxluqdur? Demək ki, min ilin cəhaləti hökm sürür. 2-3 min il əvvəl insan oğlu vaxtilə hansısa səbəblərdən (böyük ehtimalla epidemiyalara və kütləvi zəhərlənmələrə görə) özünə qida ilə bağlı tabular düzəldib, sonra ona dini don geyindirib, indi də onun əsarətindən çıxa bilmir. Hər hansı bir qidanın qəbuledilməzliyini, haramlığını, orqanizm üçün zərərini yalnız tibb elmi iddia və sübut edə bilər. Göydəkilər bu işə qarışmır. Bu xüsusda mənə bir olmuş əhvalat danışblar, indi onu sizə danışım, özünüz hesabınızı götürün. Demək, sovet vaxtı Sibir tərəfdə hərbi xidmət keçən iki kəlbəcərli əsgər bir gün meşədə işləyərkən görürlər ki, xidmət yoldaşları donuz vurublar, kəsib kabab edirlər. Bunların ikisi də ac imiş, amma biri seyid olduğuna görə donuz əti yemək istəmir, intəhası, dözə də bilmir, aclıq güc gəlir, axırda kəndçisinə deyir, qaqa, başına dönüm, o ətdən bıçaqla bir-iki tikə kəs, ağzıma qoy, yeyim, əl vura bilmirəm. P.S. Hindistandakı inəklərin də bəxti gətirib ki, ölkəmizdə yaşamırlar. Onlara müqəddəsliyin nə olduğunu göstərərdik.

Bizə qoşulun