Medianews.az
Təxribat eləyirlər
191 baxış

Təxribat eləyirlər

zamin yeni raz
Bir neçə gün qabaq Qarabağ cəbhəsində atışma şiddətləndi, 3 əsgərimizi itirdik. Ondan sonra yenə ara sakitləşdi. Həmişə belə olur. Bütün savaşlar kimi Qarabağ savaşı da insan cahilliyinin zirvəsidir, mənasız bir hadisədir. Amma bu faciəvi mənasızlıq hər iki tərəfdəki qara camaatın taleyində əks olunur. Yuxarı təbəqədə, hərbi qurumlarda nə qədər goreşən bu qırğınlardan həzz alır, özünə sərvət toplayır. Təəssüf ki, ermənilər bunu anlamadılar, özlərini də biz qarışıq sonu görünməyən bir zibilə saldılar.
Həmin atışmadan sonra Azərbaycan rəhbərliyinin bir açıqlamasını oxudum, mübariz ruhuna görə sevindim. Sitat: “Ermənistan rəhbərliyi bizi təxribata çəkmək istəyir”. Yapistlərin hakimiyyətdə olduqları 22 ildən sonra bu nəticəyə gəlməsi maraqlıdır. Belə çıxır Ermənistanın indiyə qədər respublikamıza elədiyi hansısa kütləvi mədəniyyət tədbiri imiş. Konsert verirmişlər. Altı rayonun və Dağlıq Qarabağın işğalı səyyar sirk truppasının əhalimiz qarşısında çıxış proqramı imiş. Bəlkə də yumoristik proqram imiş, indiyə qədər ölənlərimiz də yalandan ölüblər, durub təzədən taxta avtomat götürüb “Part-part!” edərək qaçışacaqlar. Yoxsa təxribat söhbətini necə anlayaq? Elə bil Hitler Moskvaya hücum edir, sən də deyirsən ki, vallah Leninqradı blokadaya almaqla təxribat edirsiniz.
Söz problemlərimizin terminologiyasından, filoloji əsaslarından düşmüşkən - diqqətli oxucular bilirlər, biz vaxtaşırı bu cür işlərlə məşğul olub vaxtımızı öldürürük - bir yeniliyə nəzər salaq. Elə bunu da bizə diqqətli oxucumuz Turan bəy yazıb göndərmişdir. Vallah, belə oxucular olmasa adamın Azərbaycanda yaşadığı yadından çıxar, təmiz kosmopolit olub gedərik. Yazır: “Mən Azərbaycan müxalifətinin, əsasən də AXC-Müsavat cütlüyünün yerinə olsam ABŞ və Avropa cütlüyünü həmən Haaqa Məhkəməsinə verərdim. Onlar hansı haqla Azərbaycan müxalifətinin konstitusiya ilə təsdiq olunmuş özəl hüququnu mənimsəyərək YAP hakimiyyətinə qarşı ANA müxalifətə çevriliblər? Dünənə qədər hakim partiyanın söz sahibləri AXC-Müsavat cütlüyünü asıb-kəsir, ölkənin bütün problemlərinin səbəbkarı kimi 1 illik Elçibəy hakimiyyətini göstərirdi. Xalq da ölkədə müxalifətin kimliyini tanıyırdı. Son zamanlar isə YAP qırğıları ”ABŞ-Avropa cütlüyü" ifadəsi ilə qulaqlarımızı mozol ediblər. Amma bir tərəfə baxanda deyirəm, elə belə də olmalıdır, yəni pullu, güclü iqtidarın müxalifəti də özünə layiq olmalıdır. Son zamanlar AXC-Müsavat cütlüyü sözündən ötrü yaman darıxmışam. Ələlxüsus da Səyavuşun dilindən səslənəndə ləzzət edirdi. Bu mərdimazar ABŞ-Avropa cütlüyü haradan çıxdı bilmirəm".
Düz sözə heç nə demək olmaz. Oxucu haqlıdır. Biz yeni dövlətçilik situasiyası ilə üz-üzəyik, artıq müxalifətimiz ABŞ və Avropa cütlüyüdür. İsmayıl Ömərov müəllimin yeri məlum, indi Merkellə Obamanı qara dairəyə alıb “Qarayara”, “Zəhrimar boğazınıza çıxsın”, “Xəyanətin kökləri” adlı əski verilişlərini bərpa edərdi. Heyf, ümumiyyətlə İsmayıl və İbrahim cütlüyü daha gözə dəymir. Az qala rəqs üzrə “Evrovizqon” yarışmasına da İsmayıl müəllimin nəvəsini göndərmirlər! Belə olmaz. Heç kimin haqqını yeməyəsən gərək. İrin-qan olar burundan gələr. Özü də İbrahim müəllimin Qurban bayramı ərəfəsində AzTV-də kəsilib “Region TV-də işləyəcək” adıyla qurban verilməsi heç yaxşı görünmədi. Başqa günə, örnək üçün, qarşıdan gələn Milli Dirçəliş Gününə saxlamaq, “gedir regionu dirçəltməyə, kənddə pambıq becərməyə” adıyla qovmaq olardı. İndi isə efirimizin gələcəyi lap dumanlıdır. Deyir şou verilişləri də bağlayırlar, heç kim bir-birini itirib axtarmayacaqdır. Bəs bu millət uzun qış gecələrində isti sobanın böyründə kartof qızartması yeyə-yeyə hansı nağıllara qulaq asacaqdır?
İndi söz əlaqədar təşkilatlarındır - siz də bir şeyə yaramadınız, öz aramızdır.

Bizə qoşulun