Medianews.az
Millət dükanı
162 baxış

Millət dükanı

zamin yeni raz
Mövzuya uyğun çox yaxşı bir mətn tapmışam, istəyirəm öncə onu sizinlə bölüşüm. Mətnin adı “Millətpərəstlik”dir. Müəllif və yazılma tarixini hələlik bildirmirəm, buyurun oxuyun. 
“ - Millətpərəstlik bilirsənmi nədir?
- Yox!
- Bəs qulaq as deyim: Bax iki cür “millətpərəstlik” var. Biri qoçaq, biri də maymaq. O ki qoçaq millətpərəstdir - gedib bir dükan açır, yainki karxana bina eləyir. Adın qoyur “millət dükanı”, yainki “millət fabrikası”, başlayır yavaş-yavaş “millət qarpızı”; “millət papirosu”, “millət bezi” satmağa. Bu “millətpərəst”in mətai də həmişə qeyrilərinkindən bir az baha olur. Bu da məlumdur ki, neçün, ondan ötrü ki, özgələrinin yalxu papiros, qarpız, bez və flan isə, bunun ki, “millət papirosu”, “millət qarpızı”, “millət bezi” və “millət flanı”dır. O ki, maymaq millətpərəstdir, o da bu qoçaqların sözlərinə inanıb, bir şahılıq qarpızı altı qəpiyə, acı “papirosu” “şirin” əvəzinə, 8 qəpiklik bezi 10 qəpiyə “millət” naminə alıb işlədir".
Hazırda Azərbaycanda hökm sürən saxta azərbayçançılıq, dövlətçilik, milli müstəqillik söhbətlərinin mahiyyətini bundan gözəl ifadə eləmək mümkün deyildir. Bütün oğrular xalqın cibinə girməklərini milli məsələ ilə əsaslandırırlar. Deyirlər biz suveren, müstəqil dövlətik, fəxr edirik azərbaycanlıyıq, öz millətimizin diktatoru başqa millətin demokratından doğmadır, millətimizin pisi də bizimdir və sairə.
Bu ucuz demaqoqiyaların mənbəyi aydındır. Yapistlər belə söhbətləri geniş yayıb “maymaq millətpərəstlərin” cibinə rahat girirlər. Beynəlxalq insan haqları konvensiyalarına da bu “millətçilik” donunu geyinib əməl etmirlər. Deyirlər bizim öz mənəvi dəyərlərimiz vardır, siyasi dustaqları buraxa bilmərik. Bizdə muğam var, nə bilim, kişi kişi ilə evlənmir, toyda yallı gedirik, qara zurna çalırıq, öz kababımız, öz it-pişiyimiz və sairə.
Milli məsələ də həmişə savadsız toplumların zəif yeri olmuşdur. Çünki savadsız adamın dünyagörüşü elə öz mağarasının daxilinə aiddir, qıraq aləm ona yaddır, yabançıdır, qorxuludur. Bu ibtidai qorxudan tutub insanları sürü kimi hara istəsən yönəldə bilirlər.
Müəllif “milli malın bahalığını” da gözəl qeyd edib, biz indi Azərbaycanda bunu yaşayırıq. Deyirsən nə üçün Bakıda dükan-bazar qonşu ölkələrə nisbətən od tutub yanır, deyirlər müstəqilik, müstəqillik bahalı şeydir. Soruşursan nə üçün yapist rəhbərlər dəbdəbə içində yaşayır, deyirlər onlar milli kadrlarımızdır, xarici ölkələrdə belə kəlləli adamlar tapılmır.
İndi gəlirəm yuxarıdakı mətnin müəllifinə. Saxta vətənpərvərliyin, urapatriotizmin, yalançı millətçiliyin mahiyyətini 5-6 cümlədə açan şəxs Məhəmməd Əmin Rəsulzadədir! Böyük öndərimiz bunu düz 109 il qabaq, “Təkamül” qəzetinin 30 dekabr, 1906-cı ildə çıxan 3-cü sayında yazıbdır.
Bayaq siyasi məhbuslardan yazdım, bir maraqlı müşahidəmi bölüşüm. Fikir verdinizsə bu Qurban bayramında mətbuat əfv mövzusuna demək olar heç toxunmadı. Səbəb sadədir: artıq cəmiyyət yapistlərdən hər hansı humanizm gözləmir. Hətta ən inadcıl adamlar da yoruldular. Bəs cəmiyyətdə bu cür nifrət ab-havasını davam etdirməyin, “müstəqil” repressiyanın axırı hara gedir? Heç yaxşı yerə getmir.
Sonda “biz müstəqil siyasət yürüdürük, heç kim bizə göstəriş verməsin” demaqoqiyası ilə zəhlə tökənlərin diqqətinə çatdırmaq istərdim ki, hazırda dünyada ən müstəqil dövlət... “İŞİD”-dir. Kim əllərinə keçsə başını kəsirlər, tutduqları ərazilərdə haranı istəsələr dağıdırlar. Öz geyim formaları, öz kitabları var, “öz pomidorları, öz musiqiləri” də öz yerində; heç bir insan haqları konvensiyasını qoz yerinə qoymurlar. Bütün dünya ilə döyüşürlər. Hətta BMT-ni də qəbul eləmirlər.
Yaxşı yadıma düşdü, həmçinin bir-biri ilə evlənən kişiləri damdan atıb öldürürlər. Əsl bizim mənəvi dəyərlərə uyğun milli müstəqillikləri var. Xoşunuza gəlirmi?

Bizə qoşulun