Medianews.az
İtin bərəkətli ayağı
258 baxış

İtin bərəkətli ayağı

zamin yeni raz “İndi mən anladım, - Celsomino ürəyində dedi, - bu ölkədə tərsinə danışmaq lazımdır. Əgər sən çörəyi çörək adlandırsan səni heç kim başa düşməyəcək”. - Mənə yarım kilo mürəkkəb verin, - o, satıcıya dedi. Satıcı yarım kilo çörək kəsib qaydasına uyğun kağıza bükdü, verdi". (Canni Rodari, “Celsomino yalançılar ölkəsində”) “Badımcan” taksilərdə qabaqlar minən kimi maşın tərpənməmiş 1 manat verirdin. Bu pulu dünəndən qaldırıb 3 manat ediblər. Hansısa iqtisadi məna varmı? Təbii ki, yoxdur. Kimin kefi nə istəsə edə bilir. Elə 10 gündən çoxdur gənc jurnalist, “Meydan TV” saytı ilə əməkdaşlıq edən Şirin bəyi tutub zindana salıblar. “Bandotdel” onun vəkili Elçin Sadıqova deyib ki, biz tutduq verdik Nərimanov məhkəməsinə, həbs qərarı onlarlıqdır. Amma Sadıqov Nərimanov məhkəməsi ilə əlaqə saxlayıb, deyiblər biz belə şəxs haqda heç bir qərar verməmişik, heç üzünü görmədik. Bəs jurnalist hardadır? Adamı faktiki oğurlayıblar. Bəlkə elə bu üzdən qəzetlərdə “Bakıda adam oğurlayan dəstə peyda olub” başlıqlı yazılar çıxır? Nə biləsən... Hər halda, bir az ehtiyatlı olun, ictimai-siyasi sabitliyimizin meyvə gətirən vaxtlarıdır. Qoz ağacında boranı bitib, kimin başına düşsə sağ çıxmır. Qayıdaq badımcanlığa. Sözgəlişi, iki gün olardı elə bostan mövzusunda düşünürdüm. Sanki biz bostanda yaşayırıq. Hara baxsan vətəndaş yerinə çoxlu bostan məhsulları, tərəvəzlər görmək mümkündür. Qarpıza oxşayan da var, kələmə oxşayan da. Küçədə gedirsən, görürsən qabaqda keşniş dəstəsi gedir. Avtobusa minirsən, baxırsan sürücü eynilə əzik Xaçmaz pomidorudur. Ta başqalarını demirəm. Uzun sözün qısası, müxbirlər taksinin qiymətinin niyə bahalaşdığını Nəqliyyat Nazirliyindən soruşublar. Ordan bir uzun adlı idarənin uzundraz əməkdaşı (adını yazsam hər hərfinə görə 1 manat ödəməlisiniz, o üzdən yazmıram, həm də nəyinizə gərəkdir, guya indiyə qədər adını bildiyiniz məmurlardan kabab bişirmisiniz, qalıb elə bu) alıb sazı əlinə, görün nə deyibdir. Zarafat edirəm, saz orda olmur. Saz Müdafiə Nazirliyindədir. Əməkdaş deyib ki, NN-in qiyməti artırması düzgün qərardır. Sitat: “Sərnişin 3 manat ödəməklə bu taksidə 3 kilometr məsafə gedə bilər. 3 kilometrdən sonra 10 km üçün 70 qəpik, növbəti 10 km üçün 40 qəpik ödəməlidir. 3 manat sərnişinlərə çox görünə bilər. (Görürsünüz, hətta bizi də düşünürlər - Z.H.) Amma nəzərə almaq lazımdır ki, digər taksi xidmətlərində sayğac 1 manat yazsa belə, sərnişin 3 km üçün 3 manat 10 qəpik ödəyir”. Dəhşət hesablamadır. Deməli, 10 qəpik qabağa düşürük. Amma əməkdaşın sonrakı sözlərinin yanında bu, toya getməlidir: “Nəzərə almaq lazımdır ki, taksi fəaliyyəti zamanı yanacaq sərf olunur, sürücü sifariş edilən əraziyə gedir. Dünya praktikasında da belədir ki, kimsə 1 manatdan ötrü taksi fəaliyyəti ilə məşğul olmur”. Biz elə bilirdik taksilər yanacaqsız işləyir. Sürücülər sifariş edilən yox, kefləri istəyən əraziyə adamı aparırlar. Dünya praktikası isə lap fısqırıqdır. Misal üçün, hazırda Almaniya hər suriyalı qaçqına minimum 650 avro aylıq yardım verir. Bizdə orta aylıq əməkhaqqı hətta rəsmi statistikada belə 350 manatdan çox deyil. Gəlin beynimizi belə mənasız mövzularla yormayaq, Rusiyadan təzə mövzu gəlib. Məktubu Moskva yaxınlarından Tofiq Quliyev adlı qardaşımız yazmışdır. Bəy yazır ki, hazırda orda bir azərbaycanlı peyda olubdur, özü də Rita adlı itlə gəzir. Gedir restoranlara, başqa ticarət obyektlərinə, müdirlərə deyir ki, bu itin ayağı dəyən yerdə ruzi-bərəkət artır, müştərilərin arası kəsilmir. Onlar da pul verib Ritanı obyektin içində gəzdirirlər. Həmyerlimiz itin biznesə yaratdığı imkanlardan yaxşı yararlanırmış. Mən bu məktubu alandan ancaq həmin it haqda fikirləşirəm. Üstəlik, azərbaycanlı olmağımla fəxr edirəm. Doğrudan da bu cür pul qazanmaq başqalarının ağlına gəlməzdi. İstedad - qibtə olunası keyfiyyətdir.

Bizə qoşulun