Medianews.az
Qeyri-mütənasib Məmmədyarov
257 baxış

Qeyri-mütənasib Məmmədyarov

zamin yeni raz
General oğlu ilə ofisiantın qaçdı-tutdu videosu bir daha göstərdi ki, respublikamızda idmana dövlət qayğısı qətiyyən yalan, əfsanə deyildir. Hər iki şəxs yorulmadan uzun müddət süpürləşdilər, general oğlu mükəmməl bıçaq soxmaqla növbəti Avropa oyunlarında respublikamızın idman şərəfini qılıncoynatma, nizə atma yarışlarında qoruya biləcəyini isbata yetirdi. Ofisiant da az aşın duzu olmadı, bıçaqlanandan sonra mükəmməl güləş fəndi ilə general oğlunu yerə çırpdı.
Belə hadisələrə görə biz Azərbaycanı sevirik, burda yaşadığımız üçün həzz alırıq. Örnək üçün, Almaniyada “bandotdel” jurnalist qızları tutmaq əvəzinə belə general oğlunu dama basardı. Bizdə isə cəmi üç ay şərti cəza verilmişdir. Yaxud, Fransada ofisiant heç vaxt general uşağını yerə çırpa bilməzdi.
Bu baxımdan, mən xarici işlər nazirimiz Məmmədyarovun Avropaya yönələn hədələrini anlayıram. Sitat: “Avropa Parlamentinin qətnaməsi Azərbaycan-Avropa əlaqələrinə ciddi zərbə vurub. Hər hansı təsisat Azərbaycanla  münasibətdə belə qeyri-etik ifadə formasını seçirsə adekvat və qeyri-adekvat formada cavabını alacaqdır”.
Hərçənd, adekvat sözünün anlamı uyğun deməkdir, görəsən Elmar müəllim Avropaya qarşı uyğun olmayan hansı formada cavab verəcək? Səfirlərini tapıb-toplamaq yerinə tavtalogiya ilə məşğuldur.
ATƏT-in deputatxana seçkisinə 400 müşahidəçi göndərmək arzusuna yapistlər qadağa qoyub, 125 nəfərə razılaşıblar. Nəticədə ATƏT seçkini müşahidədən ümumiyyətlə imtina edib. İndi Elmar müəllim bu mövzuda da Avropanı qınayır, deyir bu qədər müşahidəçi göndərmək istəyi anormaldır, ATƏT bu qədər müşahidəçini ancaq əhalisi 100 milyon nəfər olan dövlətlərə göndərir. Sitat:  “9.5 milyon əhalisi olan Azərbaycana 125 seçki dairəsi üzrə 400 nəfər qısa və uzunmüddətli müşahidəçinin göndərilməsi hər hansı normal məntiqə sığmır və tamamilə qeyri-mütənasib xarakter daşıyır”.
Eh... O qədər yalan danışıblar, gözləri necə tutulubsa elementar informasiya-axtarış sistemlərini unudublar. Əgər Məmmədyarovun Google-dan xəbəri olsa heç vaxt belə gopa basmazdı. Çünki mən çox sadə axtarışla 2010-cu il deputatxana seçkisində Azərbaycanın ATƏT-dən neçə müşahidəçi dəvət elədiyini (məhz dəvət elədiyini!) tapdım. 16 nəfərlik əsas heyət, 22 uzunmüddətli müşahidəçi və birbaşa seçki günündə səsverməni müşahidə eləmək üçün ATƏT üzvü dövlətlərdən 450 nəfərlik qısamüddətli müşahidəçi gəlmişdi!
Normal deyildisə, o zaman niyə normal idi? Bunun cavabını mən bilirəm. O vaxt neft pulu zibil kimi idi, yapistlər əmin idilər ki, ATƏT-in nəinki 450, lap 1450 müşahidəçisinin də ağzını rüşvətlə yuma bilərlər. (Avropada namuslu insanlar daha çoxdur və onların sayəsində ATƏT heç o seçkiyə də yaxşı rəy vermədi, amma bu, başqa mövzudur).
İndi isə pul yoxdur. 450 ac müşahidəçini doydurmaq, kürü, hədiyyə, rüşvətlə yola salmaq ağır xərcdir. Məsələ budur. Yoxsa hansı normalar, nə mütənasiblik, nə fisincan-plov... Hamısı bizim XİN üslubunda çərənləmədən başqa bir şey deyil. O çərənləmə ki, 22 ildir Qarabağa aid eşidirik. Pul azaldığı üçün Elmar müəllim indi təkcə Qarabağ istiqamətində işlədilə bilməz, bunu hər mövzuda danışdıracaqlar. O da danışdıqca xoruz buraxacaq. Sonra kənd təsərrüfatı naziri həmin xoruzları kəsib xoruz səsi eşitməmiş yalan danışanlara pay verəcəkdir.
Yapistlərin ucuz demaqogiyalarından biri də guya müstəqil siyasət yeritmələri ilə bağlıdır. Deyirlər heç kim bizim daxili işimizə qarışa bilməz. Misal üçün, Avropa Məhkəməsinin bəzi qərarlarını - siyasi dustaqları buraxmaq haqda - yerinə yetirmək istəmirlər. “Arqument” də budur ki, bizim məhkəmə ali orqandır.
Açıq yalandır. Azərbaycanın imzaladığı beynəlxalq sənədlərə görə Avropa İnsan Haqları Məhkəməsinin bizim məhkəmədən üstün olması qəbul edilib. Bunu qəbul etmisənsə, daha nə boş-boş danışırsan? Ya imzanı geri çək, Şimali Koreya kimi, “kişi kimi” müstəqil ol, ya da ikiüzlülük etmə. Hamı da işini bilsin.
Yox, əgər vaxt qazanıb neftin təzədən bahalaşacağına ümid edirsinizsə, bu da boş ümiddir. Amerika şist neft-qazını o qədər çıxarır ki, bir azdan neft bəlkə Rövnəqə də lazım olmadı.

Bizə qoşulun