“Kərimlilər” deyərkən o, AXCP sədri Əli Kərimlini və partiya funksioneri Sahib Kərimlini, “oyun” deyərkən isə ikinci Kərimlinin birinciyə guya yalandan rəqib olmasını, öz namizədliyini AXCP sədrliyinə sürməsini nəzərdə tutur.
Sözün açığı, bu sözü deyən adamla xətirli-hörmətliyik, ciddi yazıları olan yazardır, ona görə də sözünü qəribçiliyə sala bilmirəm. Amma vəziyyət də getdikcə qəlizləşir.
Məsələn, Sahib bəy hər gün yeni-yeni statuslar yazır, paylaşır, saytlar da bunu “kopi-past” edərək, “AXCP funksionerinin statusunu təqdim edirik” deyə yayırlar.
Onun yazılarını oxuyursan, görürsən ki, bəy öz liderinə qarşı əməllicə dirəşir.
Məsələn, S.Kərimli axırıncı statusunda Əli Kərimlinin xeyli zəif cəhətlərini sadalayıb. Bəzilərini heç biz də bilmirdik. Onların bir çoxu ilə razılaşmaq olar, hətta bəziləri ilə razılaşmamaq mümkün deyil, amma Sahib bəy Əli bəyə elə şeyləri minus sayır ki, buna münasibət, oxumuş adamlar demişkən, birmənalı deyil.
Bu iradlardan biri belədir: “Yeni informasiya texnologiyalarının verdiyi imkanlardan səmərəli istifadə olunmur”.
Yox, qardaş, elə deyil axı. Heç nə olmasa da, cəbhədaşlarınız yeni informasiya texnologiyalarının uzmanıdır. Rəhmətliyin nəvəsi, xəlayiq sizinkilərin əlindən facebook-a girə bilmir, namxuda, hərəyə 5 profiliniz var. Deyirsiniz, hələ daha da səmərəli istifadə olunsun? Bundan ötrü gərək profillərin sayını ikiqat artırasınız, eləcə də FB-də 7/24 növbəlilik rejimi tətbiq edəsiniz.
Sədrliyə namizədin daha bir iradı aşağıdakı kimidir: “Partiyanı hakimiyyətə gətirə bilməyib”.
Hə, o biri partiyaların hamısı növbə ilə hakimiyyətə gəldi axı. Son 20 ildə Müsavat və AMİP hərəyə 2 dəfə, KXCP, ALP, VHP isə bir dəfə hakimiyyətə gəldilər, koalisiya qurdular, dövlət idarə etdilər, bircə AXCP kənarda qaldı.
Hətta indi elə çıxa bilər ki, bu gün AXCP-də sədarət dəyişsə, tamamilə yeni şəxslər rəhbərliyə gəlsə, hakimiyyətə gəlməyin yolları tıxacdan, qırmızı işıqdan açılacaq, partiya sürətlə iqtidara şütüyəcək.
Hamı yunanıstanlı Sipras deyil ki, altı ayda 3 dəfə hakimiyyətə gələ. Bu ölkədə çətindir, heç kimi hakimiyyətə gəlməyə qoymurlar, Siyavuş Novruzov imkan vermir.
Bu məsələdə daha maraqlısı “yeni informasiya texnologiyalarından səmərəli istifadə edən” partiyadaşlarının Sahib bəyə verdiyi reaksiyalardır.
Yazırlar: “Sahib bəy, rica edirəm, cavab verin: Əli Kərimlinin kiminlə kəsdiyi əlaqəni bərpa etmək istəyirsiniz?”
Əslində bu sualın müəllifi bundan başqa da Sahib bəyə 5-6 tutarlı sual ünvanlayıb, amma ən maraqlısı budur. Hakimiyyətə gəlməyin yolu əlaqələri kəsməkdən keçir axı. Nə qədər çox əlaqə kəssən, bir o qədər şanslısan.
Başqa bir partiyadaş səmimi şəkildə soruşur: “Nə qədər pul almısan?”
Bəli, əgər kimsə partiya sədrinə alternativ olursa, mütləq pul alıb, iqtidara işləyir.
Bir bəy məsələyə dəhnədən yanaşıb: “Bu da AXCP-yə qarşı həmişə olduğu kimi, seçkilər öncəsi hakimiyyətin növbəti təxribatıdır”.
Cəbhəçi olmadığını deyən xanım soruşur: “Əgər bu dedikləriniz doğrudursa, niyə statusunuza heç olmasa 10-15 cəbhəçi dəstək vermir?”
Başqa bir cəbhəçi isə Sahib Kərimlini zəif yerindən vurur: “Bəy, Əli Kərimlinin müsbət və mənfi cəhətlərini saydınız, özünüzün ancaq müsbət cəhətlərinizi sıraladınız. Bəs mənfi cəhətləriniz qaldı axı, nerde ilahi adalet?”
Olmur axı. Namizədliyini irəli sürən adam çıxıb desə ki, mənim də filan-dilan pis cəhətlərim, qüsurlarım var, olarmı? Məsələn, kimsə desə ki, “mənim hərdən dostlarımı satmağım var”, hansı dost onun yanında bənd alar? Bu işlərin qaydası odur ki, əqidədən, saflıqdan, sədaqətdən danışasan.
Xüləs, oturaq gözləyək. Keçən il sentyabrın sonları siyasi arena üçün maraqlı olduğu kimi, ola bilər, bu il də maraqlı olacaq.
Yox, əgər bu işlərin doğrudan da oyun olduğu ortaya çıxsa, onda bu barədə öncədən anons etmiş jurnalist həmkarıma qonaqlıq vermək kimi öhdəliyim yaranacaq.
