1993-cü ilin ikinci yarısından ta 2013-cü ilə qədər, düz 20 il boyunca indiki hakimiyyətin kadrları, təbliğatçıları, müdafiəçiləri və sözçüləri söz-sözü gətirsə də, gətirməsə də, söz vaxtına çəksə də, çəkməsə də, Elçibəy hakimiyyətinə qarşı belə bir arqument səsləndirirdirlər: “AXC-Müsavat hakimiyyəti dövründə jurnalistləri döyürdülər”.
Bu, həqiqət idi, gerçəkdən də AXC-Müsavat hakimiyyəti dövründə üç belə fakt olmuşdu. Elçibəy iqtidarının daxili işlər naziri şəxsi zəmində təhqir olunduğunu əsas gətirərək üç tanınmış jurnalisti döymüşdü.
Əslində, burada “döymüşdü” feli bir az ağır çıxır. Çünki nazir İsgəndər Həmidov o jurnalistləri tutub aparıb kabinetində, yaxud da hansısa polis bölməsinin zirzəmisində təpiyinin altına salmamışdı, eləcə, müasir jurnalistikamızda dəb olan terminlərlə desək, “razborka”ya gəlmiş, söhbət əsnasında əsəblərini cilovlaya bilməyərək, hərəsinə bir şillə vurmuşdu (ayrı-ayrı vaxtlarda).
Hətta o hadisələrdən birinin şahidi danışır ki, demək, nazir nəşriyyata gəlib Cahangir adlı jurnalisti şillələyərkən o vaxtı “Ayna” qəzetinin qadın müxbiri həyəcanlanaraq qışqırıb: “Tez olun, tez olun, tez polis çağırın”. O biri əməkdaşlar xanıma deyiblər ki, kimi çağıraq, jurnalisti döyən elə ölkə polislərinin böyüyüdür.
Bəli, Elçibəy iqtidarı dönəmində hərəyə bir şilləlik fiziki təzyiqə məruz qalan jurnalistlərin söhbəti 20 il sərasər davam etdi. Jurnalistləri vuran nazir isə bu işin üstündə 10 il məhbəsdə yatdı, cəza çəkdi. Düzdür, son iki-üç ildir bu söhbət bir az səngiyib, amma düşünməyin ki, unudulub, hansısa səbəbdən qəfil aktuallaşa bilər.
İndi gələk 1993-cü ilin ikinci yarısından ta bu ilin birinci yarısına qədər döyülən, tutulan, hətta öldürülən jurnalistlərin statistikasına.
Hesablayıb qurtarmaq mümkün deyil, əziz oxucular. Mən deyim ki, bu müddətdə 300-dən artıq jurnalist fiziki (eləcə də mənəvi, psoxoloji, siyasi) təzyiqə məruz qalıb, siz razılaşmayın, “500-dən aşağı yeri yoxdur” deyin. Elə olar.
Bunu daha aydın bilməkdən ötrü aparıcı qəzet və saytların redaksiyasında olmaq, “burda döyülən, tutulan jurnalist varmı” deyə sorğu keçirmək gərəkdir, yerbəyəyerdən “mən, mən” sədaları yüksələcək.
Ya da bir-iki şillə-təpiklik fiziki təzyiqləri bir kənara qoymaq, xəstəxana çarpayısında döşəli yerdə şəkli olan jurnalistlərin statistikasını tərtib etmək gərəkdir. Ortaya nə mənzərələr çıxacaq. Pah! Hələ zorla polis maşınına oturdulan, dörd polisin qucağında itqusdu edilərək aparılan jurnalistlərin şəkillərindən ibarət albom da düzəltmək olar.
Budur, dün gecə daha 3 jurnalisti aeroportda təyyarədən düşən kimi saxlayıb mütəşəkkil cinayətkarlarla mübarizə aparan polis idarəsinə aparıblar. Sanki onlar ölkəyə zənginləşdirilmiş uran və ya 3 ton maye heroin keçirmək istəyirmişlər. Bəlkə İŞİD-ə qoşulmaq istəyənlərin növbəti rotasını səfərbər edib aparmağa gəliblər?
Tutulan jurnalistlərin üçü də xanımdır, yeganə günahları da odur ki, hakimiyyətlə düşmənçilik münasibətində olan Meydan TV-də çalışırlar. Bunlar o media orqanının təsisçisi, rəhbəri deyillər, sadəcə reportaj, yazı, süjet hazırlayır, maaşlarını alırlar. Vəssalam.
Bundan da ötəsi, bəs mentalitet məsələsi necə olsun? Axı bəyənmədiyimiz sovet dönəmində hələm-hələm xalqın arvadını, qızını heç nə üstündə, həm də gecəylə polis bölməsinə aparmazdılar, nəzərə alardılar ki, el var, oba var, hərə bir söz danışar, günahsız insanların həyatı qaralar.
Hərçənd indi qadınların sidq ürəkdən müdafiə etdikləri gender bərabərliyi deyilən bir şey də var və o prinsiplərə görə, qadın-kişi ayrı-seçkiliyi qoymaq olmaz. Amma bu o demək deyil ki, il ərzində nə qədər kişi fiziki təzyiqə məruz qalıbsa, tutulubsa, bir o qədər də qadın eyni aqibəti yaşamalıdır.
Qarşıdan seçkiqabağı təbliğat kampaniyası gəlir. Qoy bəzi namizədlər öz teleçıxışlarında “1992-93-cü illərdə evdən çölə çıxa bilmirdik”, “gəlmişdilər, gördük də, camaata jımıx yedirdirdilər” kimi arqumentləri səsləndirəndə, heç olmasa, “Elçibəyin dövründə üç jurnalist döyülmüşdü” ifadəsini təkrarlamasınlar. Bir az ayıb olur, sanki...
