Medianews.az
Mən Sakit okeanda necə batdım
209 baxış

Mən Sakit okeanda necə batdım

zamin yeni raz
“Onda boğulmağın verdiyi əzablar başlandı. Lakin Martin öz sönən zəkası ilə anladı ki, bu əzablar hələ ölüm deyil. Ölüm əzab vermir. Bu hələ həyat idi, həyatın son sarsıntısı, son əzabları idi. Bu, həyatın ona vurduğu son zərbə idi”
(Cek London, “Martin İden”)
Hər bir ağlı kəsən Azərbaycan vətəndaşı kimi mənim də beynimdə daim bir fikir fırlanmaqdadır: necə edək buradan çıxaq gedək, normal bir dövlət tapıb yaşayaq? Bunun üçün, əlbəttə, ən yaxşı variant odur sərhədi keçib çıxıb gedəsən. Ancaq ordan səni buraxmazlar. Sərhədçilər, gömrükçülər, sanepidemstansiya, ASAN-xidmət, polis, prokurorluq, vergi, arvadın qohumları, qohumların arvad-uşaqları, milli mentalitetimiz və sairə və ilaxır - adam tutub saxlayan şeylər çoxdur. Bu baxımdan ən yaxşı alternativ yol yeri qazıb planetin o biri tərəfindən çıxmaqdır. Heç kimin xəbəri olmaz.
Həmin mükəmməl qaçış planıma mane olan yalnız bir detal var idi: bilmirdim Azərbaycandan Yeri düzünə qazsam hansı ölkədən çıxaram. Bəlkə elə bizdən də pis gündə ölkələr var, ordan çıxaram? Hipotetik də olsa belə variant mümkündür. Bu bəxt ki bizdə var, hətta qazıb Yerin o biri üzündə də Azərbaycandan çıxmaq olardı. AMEA üzvü Əkrəm müəllimin məşhur “Yer fırlanmır” nəzəriyyəsi varsa, niyə bu da olmasın? Sən qazdığın müddətdə Azərbaycan fırlanıb o biri tərəfdə dayanar, köstəbək kimi eşib çıxanda görərsən Hacıbala müəllim kabinetinin qabağında durub Cokonda təbəssümü ilə sənə baxır.
Uzun sözün qısası, bu problem məni həmişə düşündürürdü, tam təsadüfən dünən bunun cavabını internetdə tapdım. Orda bir saytda cürbəcür əcaib-qəraib xəritələr verilmişdi, məsələn, xəritənin biri “dünya xalqlarının məməsi nə boydadır” mövzusunda idi. Əlbəttə, biz bu xəritəyə baxmadıq, çünki ictimai-siyasi, geopolitik-sosial problemimizə işıq salacaq xəritəni axtarırdıq. Təsəvvür edin ki, orda bu xəritə var idi! Adı da elə bu cür idi: “Yaşadığınız şəhərdən Yeri düz qazsanız planetin harasından çıxarsınız”. Sizcə Azərbaycanın əks tərəfi haradır? Çox kədərli idi: Azərbaycanın harasından qazırsan-qaz, o tərəfdə Sakit okeanın düz ortasından çıxarsan! Mən donub qalmışdım, çünki yeganə xilas, qurtuluş proqramım da gözümün qabağında Sakit okeana qərq olurdu.
Hələ bu harasıdır, orda “Sahilin istənilən yerindən ən uzaq nöqtə” adlı xəritə də var idi, bu xəritə isə elə Sakit okeanın məhz Azərbaycanın əksi olan nöqtəsinə düşürdü! Yəni, lap qazıb ordan çıxsan belə quruya gedib çatmaq üçün can qoymalı olarsan. Azərbaycan dünyanın hər yerindən uzaq düşmüş məmləkət olduğu kimi, onun Yerin o biri üzündəki “tərsi” də hər yerdən uzaq imiş. Sakit okeanın biri də buradır - hamı yatır. Oyananda da normal yox, sunami, dağıntı şəklində oyanır.
Söz milli naviqasiya problemlərimizdən düşmüşkən bir təklif vermək istərdim. Bildiyiniz kimi son çağlar Avropa ilə münasibətlərimiz korlanıbdır, çünki onlar bizim milli-mənəvi dəyərlərə xidmət eləmək istəmirlər. Sabir Rüstəmxanlının şeirlərinə qulaq asmırlar. Kişi kişi ilə evlənir, eyni zamanda, dəlini icra hakimi qoymurlar. Ağbirçək institutu tam iflasa uğrayıb, muğam festivalı, sünnət toyu, xınayaxdı,  qızgördü, oğlandurdu, gəlinqaytardı, bəyverdi, yengəvideo kimi mənəvi dəyərlərdən heç xəbərləri yoxdur. Tüpürəsən elə Avropaya... Amma hələlik, tüpürməzdən qabaq bəzi texniki islahatları həyata keçirməliyik. Bunlardan biri, hesab edirəm, lap birincisi Bakı metrosunda səslənən stansiya elanlarıdır. Avropa oyunları vaxtı o elanlar ingiliscə də səslənməyə başlandı. Örnək üçün, qatar “28 may”dan dəbərəndə diktor arvad nazla deyir: “Nekst steyşn Nizami”. İndi bu kimə lazımdır? Bu bizim mənəvi dəyərlərə uyğun deyil. Təklif edirəm o elanlar ərəbcə səslənsin, dinimizə, mənəviyyatımıza uyğun olsun. “Əl mərhəlatul qaadima Elmlər”. Bəh-bəh! Gör nə musiqilidir. Elə bil fatihə verirlər.
İndi söz əlaqədar təşkilatlarındır - gəlin qazdığım yeri doldurun.

Bizə qoşulun