“Bax, belə! ... eləcə! ... əcəb! ... afərin! ... eləcə! ... eləcə! ... (və axırda yüzbaşı birdən durur ayağa, qəməsini qınından çıxardır və acıqlı, ucadan Baxşıya deyir). Adə, erməni, tez kəmənçəni yığışdır, itil get burdan! Yoxsa atanın goru haqqı, bu yoldaşlarımın başına and olsun, bu qəməynən bu saat səni də öldürərəm, özümü də öldürərəm! (Çığırır). Çıx get!”
(Mirzə Cəlil, “Kamança”)
Vaxtilə Əbdülrəhman Vəzirov hansısa çıxışında “Ay camaat, gözünüz aydın, ermənilər geri qayıdır” demişdi, bunun üstündə yazığı hoydu-hoyduya götürdülər. İndi isə ermənilərin Bakıya qayıdışı dövlət səviyyəsində bayram edilir. O zaman bu millət 25 ildir nəyin davasını eləyir? Ümumiyyətlə, bizim istədiyimiz nədir?
İkiüzlülük cəmiyyətin canına hopub. Örnək üçün, mən bir erməni jurnalistini Bakıya dəvət eləsəm hurrey-patriotlar yaxalarını cırarlar. Amma iqtidar erməni QHT nümayəndəsini ailəvi dəvət edib sığınacaq verir, bunu alqışlayırlar. Düzgün anlaşılsın, mən həmin erməniyə sığınacaq verilməsinin qəti əleyhinə deyiləm, aman diləyən, dara düşən hər kəsə millətindən asılı olmayaraq yardım olunmalıdır. Amma prinsip də olmalıdır. Riyakarlıq lazım deyil.
Bu zaman absurd və əslində rejimin mahiyyətini açan “əsaslandırma” da aparırlar: “Xalqın, ayrı-ayrı fərdlər münasibət qurması hakimiyyətin, dövlətin münasibətlərindən fərqlidir”. Əgər hakimiyyəti və dövləti xalq qurursa, dövlət mifik-xəyali qurum yox, canlı insanların yaratdığı sistemdirsə, nə üçün bu adamlar da ünsiyyətdə olmasın? Deməli, bu hakimiyyət və dövlətin xalqa dəxli olmadığını etiraf edirlər. Necə ola bilər ki, “seçilmiş” insanlar danışıq aparsın, amma o insanları “seçənlər” danışa bilməsin? Leyla Yunusu, Rauf Mirqədirovu hansısa erməni QHT-si ilə görüşməkdə suçlayan hakimiyyət erməni QHT-sinə Bakıda qucaq açanda nədən mələk olur?
Bir dəfə musiqiçi dostumuz Araz bəy sosial şəbəkədə unudulmaz cümlə yazmışdı: “AzTV Ermənistan müxalifətinin televiziyasıdır”. Doğrudan da, hazırda nəinki AzTV-ni, bizim bütün telekanalizasiyaları və o cümlədən qəzetləri açanda Ermənistan hakimiyyəti əleyhinə çoxlu materiallar görmək olar. Eyni hal Ermənistanda da yaşanır, sadəcə, tərsinə. Ordakı KİV-lər özlərini Azərbaycan müxalifətinin tribunası kimi aparırlar. Karikatur durumdur, hər iki toplumun ağlı olsa bu halına gülər və çoxdan vəziyyəti, ağıldan bəla gop-olitiklərimiz demiş, status-kvo-nu dəyişərdi. Amma ağıl hardadır... Əsas odur ağzın köpüklənə-köpüklənə qışqırasan, kasıbların uşaqlarını qırğına verəsən.
Erməni müxalifətçi hesab edək ilk qaranquşdur, köçün davamı gəlsin. Mən bu yaxında “Axırda Azərbaycanın Ermənistandan başqa dostu qalmayacaq” cümləsini zarafata yazmamışdım ki? Qərblə düşmən oluruqsa, Rusiya ilə qardaşlıq artırsa, bunun davamı ermənilərlə dostluqdur. Axı yapistlər həmişə erməniləri “forpost-zad” adlandırır. Əgər ermənilər Rusiyanın oyuncağıdırsa, biz “qaçqınlara it kimi baxan” (Oqtay Əsədov) Avropanı rədd edib Rusiya ilə oynaqlamağın tempini artırdıqsa, düşmənlə dostluq qaçılmazdır. Elementar məntiq deyir ki, dostumun dostu düşmən ola bilməz. Üstəlik, oyuncaq qutusu elə yekədir ki, bunun içinə tüklü dovşan da yerləşər, çılpaq donuz balası fiquru da. Kubik doldur, rezin ördək at, oyuncaq tüfəng, maşın, şar - nə istəsən bu qutuda yer tapılar. Nahaq yerə “dünyanın altıda biri” demirlər...
Bir “müqəddəs yer boş qalmır” sözü də var. Azərbaycan QHT-lərini məhv edib, hüquq müdafiəçilərini zindana doldurandan sonra Bakıda QHT fəaliyyəti ilə kimsə məşğul olmalı deyildimi? Bu mənada, Bakıdan sığınacaq alan erməni QHT-çi Vaan Martirosyan bizə çox lazımdır. Yaxşı olardı Vaan müəllim qarşıdan gələn deputatxana seçkilərini də monitorinq eləsin, onsuz ATƏT-zad müşahidə etməyəcək.
Martirosyan bir az aktiv olsa təzə Xalq Cəbhələrindən birini qayırıb ona vermək də mümkündür. Adı EXCP olar - Erməni Xalq Cəbhəsi Partiyası. Biz beləyik, bəs necə. “İqtsadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.
