Bir erməni ailəsi nicat tapmaq üçün Azərbaycana pənah gətirdi. Artıq belələrinin sayı yavaş-yavaş itir. Bundan qabaq Dağlıq Qarabağ sakini olan Andranik Qriqoryan əynindəki işğalçı mundirə tüpürərək və ağ bayraq qaldıraraq biz tərəfə keçmişdi. Yanılmırıqsa, hələ də Azərbaycanda şad-xürrəm yaşayır.
Ondan qabaq isə Gevorkyanlar ailəsi Naxçıvan vasitəsilə ölkəmizə adlamışdı. 1-2 il Bakıda yaşadıqdan sonra geri qayıtdılar. Amma peşman oldular, çünki qayıdan kimi istintaqa cəlb edildilər.
Doğrudur, bizdən də bir ailə - həyat yoldaşı erməni kökənli olan Cavid Orucov ötən il öz ailəsi ilə Ermənistana sığınmışdı (az sonra üçüncü ölkəyə getdilər). Ancaq bu, hələlik yeganə faktdır və ümid edək ki, yeganə olaraq da qalacaq...
Nə demək olar son insidentlə - Vaan Martirosyan və ailəsinin gəlişi ilə bağlı? İlk öncə onu ki, azərbaycanlılar dinindən, irqindən və milliyyətindən asılı olmayaraq qonağa həmişə sayğılı yanaşıb, çünki onu Allah qonağı kimi qəbul ediblər. Fəqət, erməni qonaqların bir əlavə statusu da var ki, o status həm onların özlərinə, həm də Azərbaycan dövlətinə bəzi prinsipial üstünlüklər yaradır.
Pənah gətirən ermənilər üçün üstünlük budur ki, onlar dərhal BMT-nin, “Qırmızı Xaç”ın xüsusi nümayəndəsinin nəzarəti, Azərbaycan dövlətinin isə təhlükəsizlik çətiri altına düşür, üçüncü ölkəyə könüllü getmək şansı qazanırlar.
Azərbaycan üçün üstünlük odur ki, biz bir dövlət, millət olaraq sivil dünyada müsbət rakursda, erməni dövləti və toplumundan daha sivil, daha mədəni obrazda tanınmış oluruq.
Bu məqam sözsüz ki, illərdir Qarabağ problemi kimi ağır yükün altında olan Azərbaycanın beynəlxalq nüfuzuna olduqca qiymətli siyasi xalların əlavə edilməsi, problem ətrafında xeyrimizə daha əlverişli ab-havanın yaranması deməkdir. Nə yazıq ki, məsələnin bu cəhəti Azərbaycanın hakim dairələrində lazımınca dəyərləndirilmir.
Məsələ də bundadır. İndi təsəvvür edin ki, Azərbaycan avtoritar rejimli yox, Gürcüstan kimi demokratik, üstəgəl, rifah içində olan dövlətdir və burada təkcə qonaq ermənilərin deyil, yerli vətəndaşların da təməl haqları ciddi şəkildə qorunur.
Təsəvvür etdinizmi? O zaman görün, nə qədər mülki və hərbçi erməni, o cümədən Dağlıq Qarabağdakı erməni millətindən olan vətəndaşlarımız biz tərəfə keçmək yanğısı ilə yaşayacaq. O zaman Qarabağ məsələsinin ədalətli həlli də tezləşəcək, nədən ki, kimin haqlı olduğuna şəkk edənlər minimuma enəcək.
Bu mənada Avropa Parlamentinin Azərbaycana dair son qətnaməsinin süngü ucunda qarşılanması anlaşılmır. Bu nüfuzlu təşkilat nə istəyir ki - sadəcə olaraq ölkəmizdə elementar insan haqlarına riayət edilməsini, günahsız tutulmuş siyasi məhbusların azadlığa buraxılmasını!
Yəni Avroparlament faktiki surətdə ölkəmizin adının pisliyə çəkilməməsini istəyir, onun beynəlxalq imicinin qeydinə qalır, bu imicin yaxşılaşmasını arzulayır, deməli, həm də Azərbaycana yaxşı mənada erməni axınının olmasını istəyir, Ermənistanın isə ölkəmizlə müqayisədə rüsvay olmasına çalışır.
Azdır? Bizə, Qarabağa bundan böyük yaxşılıq?
Elədirsə, niyə də Bakıda artıq neçənci dəfədir yüksək səviyyədə qarşılanan (belə də lazımdır, çünki milli maraqlarımız, Qarabağın taleyi tələb edir) və yerləşdirilən ermənilərə sayğının, mərhəmətin heç olmasa, yarısı özümüzkülərə - heç bir ağır cinayət törətməmiş vicdan və siyasi dustaqlara da göstərilməsin?!
