Medianews.az
Sərxoş ağsaqqalın alqışı: “Allah işinizi ağır eləsin”
413 baxış

Sərxoş ağsaqqalın alqışı: “Allah işinizi ağır eləsin”

images_dekabr_kose samir sari Ağsaqqala bax, deyir, toyxanadan çıxıram, yemişəm, içmişəm, lap yaxşı eləmişəm, dünya vecimə deyil, məni də cərimələyə bilməzlər, siz də əlinizə almısız bu şturvalı, düşmüsüz ortaya, mənim 67 yaşım var, həyatda xeylam iş görmüşəm, sizin kimiləri də... belə görməmək üçün içirəm, yaxşı eləyirəm. Baxırsan ki, el ağsaqqalıdır, saç dümağ, köynək dümağ, şalvar dümağ, maşın dümağ. Ayaqqabısı videoada görünmədi, güman ki, o da ağdır. Saqqalını qırxmasa, bir az uzatmış olsa, əlində qopuzu, çəliyi olub-olmamasına baxmayaraq, Dədə Qorqud hesab etmək olar. İntəhası, ağsaqqal toyxanadan çıxandan sonra maşını nə təhər sürübsə, yol polisləri onun içkili olduğunu anlayıblar və saxlayıblar. Əli mikrofonlu, “şturval”lı jurnalistlər də tökülüşüb ağsaqqalı dövrələyiblər ki, bəs içkili halda niyə maşın sürürsən, dövlətin qanunu var, filanı var. Belə yerdə ağsaqqal neyləməlidir? Əlbəttə, hiddətlənməlidir, onun yaşına-başına baxmayan, o boyda kişini sorğu-sual edən uşaq-muşağa nifrətini bildirməlidir. O da elə edir və biləndə ki, onlar jurnalistdir, deyir, “Allah işinizi ağır eləsin”. Hərçənd belə bir qarğış Dədə Qorquda, o statusda olan adama yaraşmaz. Qədim Dədə eyzən alqış edərdi, deyərdi: “Azıb gələn qadanızı tanrı sovsun, xanım hey!; Axır vaxtında arı imandan ayırmasın!; ”Qadir tanrı səni namərdə möhtac etməsin!; Qanadların ucları qırılmasın!; Çaparkən ağ-boz atın büdrəməsin!" və s. Google-də axtarış verəndə belə alqışlardan çox çıxır. Bizim içkili tutulmuş müasir ağsaqqal isə deyir, “Allah işinizi ağır eləsin”. Rəhmətliyin oğlu, bundan ağır nə işi olacaq jurnalistin? Zatən ağırdır də. Həm də jurnalistlər elə tayfadır ki, işləri ağır olanda həzz alırlar, özləri ilə ştativ hərləməkdən də bezmirlər. İndi buna nə deyəsən, altındakı ağ-boz atı büdrəyib, az qala qanadlarının (“krelo”) ucunu bordürə vuracaqmış, üstəlik, axır vaxtında arı imandan ayrılmış kimi görünür. Bununla belə, deyir, necə istəyirsiniz, çəkin, eləcə də verin efirə, dünya vecimə də deyil. Əvvəllər bu yaşda, bu görünüşdə olan adamları qan barışdırmağa aparardılar. Onlar da ağır başları ilə gedib oturardılar məclisin başında, armudu stəkana süzülmüş çayı ehmalca qurtumlayaraq, deyərdilər, gəlin siz ağsaqqala qulaq asın, davadan, intriqadan bir şey çıxmaz, barışmaq lazımdır. Tərəflər bir xeyli qarşılıqlı gileyləşmədən sonra deyərdilər: “El ağsaqqalı necə məsləhət görürsə, elə olsun”. Bundan qabaqlar bu cür ağsaqqallar nəinki içki içməzdilər, hətta cavanlar da onlarının gözünün qabağında qədəh toqquşdurmazdılar, məclisdə özlərini elə aparardılar ki, guya mineral su içirlər. Ağsaqqal da durub yerini dəyişərdi ki, nə gənclər sıxılsın, nə də aradakı pərdə götürülsün (Çünki bəzi sarsaq gənclər olur ki, arada başları çönür, iki qədəhdən sonra gözlərinə ağsaqqal-qarasaqqal görünmür). Orası da var ki, yüngülməcaz saqqalı ağ kişilər həmişə olub və gələcəkdə də olacaq. Kənd yerlərində oğlu, nəvəsi yerində gənclərə qoşulub 20 qəpikdən qumar oynayan, arada kiminsə cığallığını görəndə “yalançı oğraşdı” deyə söyüşən, toyda “mənim havamdır” deyə colma-cocuqla mübahisə edən, sonra ortalığa düşüb təngnəfəs olan qədər oynayan 70 yaşlı kişilər hələ də var. Yol polisi tərəfindən içkili tutulan ağsaqqal onlardan biridir, sadəcə, bəxti gətirib ki, şəhərdə yaşayır, vaxtında babat vəzifədə olub, pulu-imkanı, bahalı maşını var, amma qafa olaraq dalda-bucaq yerlərdə çöməltmə oturub gənclərlə qumar oynayan, araq içən tay-tuşlarından irəli deyil. Bir sözlə, hiss olunur ki, yavaş-yavaş ağsaqqalıq institutu iflasa uğrayır. Söhbət heç də ahıl yaşda olan adamın o qədər içəndən sonra avtomobillə küçəyə çıxaraq camaatın həyatına təhlükə yaratmalarından və “yaxşı eləyirəm” deməsindən getmir. Son vaxtlar bəzi ağsaqqallar yaltaqlığın zirvəsini fəth ediblər, həmişə haqsızın, zorakının yanındadırlar, bir dəfə dillərinə düz söz gəlməz, hər zaman öz haqqını tələb edən gənclərin ətəyindən çəkər, “dinmə” deyərlər və sair və ilaxır. Bu cür yaşlı adamların ictimai-siyasi planda bir ağsaqqallıqları olmadığı kimi, heç demə, məişət müstəvisində də örnək götürməli bir şeyləri yox imiş.

Bizə qoşulun