Medianews.az
Suriyalı qaçqınların Ştutqart ziyarəti
206 baxış

Suriyalı qaçqınların Ştutqart ziyarəti

images_dekabr_kose samir sari Yox, kim nə deyir, desin, bu facebook yaxşı şeydir. Düzdür, adamın vaxtını alır, yaxasını səfehqulu adamların əlində qoyur, it-qurdun üstünə hürməsinə şərait yaradır, amma dostlarla ünsiyyəti davamlı edir, informasiya qıtlığı çəkmirsən, xalqı nəyin narahat elədiyini bilirsən, cəmiyyətin ovqatını öyrənirsən və s. Uzun sözün kəsəsi, facebook barometrdir, kompasdır, amperdir, termometrdir, voltmetrdir, spidometrdir, təzyiqölçəndir, hələ desən, “Uzi”dir, fonendoskopdur və sair və ilaxırdır. Yaşasın facebook! İndi keçək mətləbə. Bu sosial şəbəkədə 5 min dostum var, 4900-ü ilə gendən-genə, qiyabi tanışıq, amma yerdə qalan 100-ü ilə rastlaşmışlığım, bir yerdə işləmişliyim var. Hərçənd o 4900 dostun içində elə adamlar var ki, heç vaxt rastlaşmasaq da, görüşməsək də, çox mehribanıq. O qədər yaxınlaşmışıq ki, bəzən virtual polemika aparırıq, hətta mənə yazmağa mövzu da verirlər. “Etibarlı mənbə” kimi, ekspert kimi işə yarayanlar da var, sağ olsunlar. Hər gün onlardan maraqlı mesajlar gəlir. Dünən də ikisi gəlmişdi. Biri on gün öncə yazdığım “Qoduq cığırıyla acıq vermək” başlıqlı yazıya yazılmış mənzum nəzirəydi. Müəllif hesab edir ki, əslində bu mövzuda babat poema da yaza bilərmiş, amma hələlik bu misralarla kifayətlənir, çünki onsuz da poema oxuyan yoxdur. Kəramət Böyükçölün qorxusundan (onu “istedadsız şair” adlandıra bilər deyə) adının çəkilməsini istəməyən şairin şeiri belədir: Aşot “toşa” deyir Cıdır düzündə, Minib qoduğunu, çıxıb yarışa. Geyinib əyninə al-əlvan libas, Ona moral verir yarı Siruşa. Deyir, qalma dala, haydı, hay oğlu, Öt səndən öndəki ulaq çapanı. Aşot qaza gəlib, bərk getsin deyə. Elə hey bizləyir yazıq sıpanı. Ancaq bu yarışda tək deyil Aşot, Sağda Manvel gedir hey çapa-çapa. Onu qızışdırır qıraqdan Roza, O da istəyir ki, kuboku qapa. Beləcə, yarışır orda dığalar, Qurublar Şuşada oyun-tamaşa. Biz də Ramanıda, Binədə-zadda Ev tikib, salmışıq beş-altı Şuşa. Öldü eşşəyimiz Şuşa gedəndə, O vaxtdan oralar olub Aşotun. Bir yarış keçirək gələn il biz də, Gəlsin yarışçılar, biz verək “şot”un. İkinci mesaj isə Şimşək adlı şəbəkə dostumdan gəlib. Arkadaşım Şimşək suriyalı qaçqınlara sığınacaq verməyən Səudiyyə kralı Salmandan gileylənir və heç nəzərə də almır ki, adam üç müqəddəs ocağın sahibidir. Şimşək yazır ki, necə olur, o yazıq, binəsib qaçqınları “kafir” Almaniyanın kansleri, “gavur qızı” Angela Merkel qarşılayıb, yerləşdirib, hələ qaçqınlarla selfi də çəkdirib. Oxucum təklif edir ki, iş belədirsə, onda qoy müsəlmanlar Səudiyyə Ərəbistanına ziyarətə getməkdənsə, Almaniyanın Ştutqart şəhərinə, konkret olaraq, “Mersedes-Bens” şirkətini ziyarətə getsinlər. Çünki onlar müsəlmanlara qucaq açdıqları üçün müqəddəs yer sayıla bilərlər. Bəri başdan deyim ki, mən belə məsələlərə qarışa bilmərəm. Ziyarət, səyahət məsələlərinə şeyximiz baxır. Onsuz da bu il adam ziyandadır, kvotası dolmayıb, nəsə yazıb onun biznesinə zərbə vura bilmərəm. Ancaq onu deyə bilərəm ki, şeyx özü də naxoşlayanda Almaniyaya gedir, öz canını “gavur” almanlara etibar edir. Frau Merkelin suriyalı qaçqınlara xoş münasibət göstərməsində isə təəccüblü bir şey yoxdur. Xanımın adının mənası “mələk”dir. Mələk kimi də xaladır. Həm də o, təkcə suriyalıları yox, dünyanın dörd yanından gələn qaçqınları yerbəyer edir. Tarixən elə olub. İntəhası, ötən əsrin 30-cu, 40-cı illərində o geniş ürəkli almanların başı necə çönübsə, “gəlmə”ləri, “yad”ları yola verməyiblər. İndi siz baxarsınız, bu gün canlarını Suriyada öldürülməkdən, Yunanıstan-Türkiyə sahillərində dənizdə batmaqdan, Avstriya-Macarıstan ərazisində döyülməkdən qurtarıb Almaniyaya sığınan və xilas olan suriyalı qaçqınlar 4-5 ildən sonra nə edəcəklər. Cəmiyyətə adaptasiya olmayacaqlar, oğurluq-quldurluq edəcəklər, işləyib eləmədən dövlət büdcəsini əməcəklər - bütün bunlar heç, olan şeylərdir. Amma onlar bununla qalmayacaqlar, özlərini maddi baxımdan düzəldən kimi Səudiyyə Ərəbistanına ziyarətə gedəcəklər. O zaman dostum Şimşək kral Salmanı buraxıb, Merkelə döşəyəcək.

Bizə qoşulun