Medianews.az
Avropa sevdasının hüznlü epiloqu
217 baxış

Avropa sevdasının hüznlü epiloqu

xalid kazimli kose 1
ATƏT-in builki seçkilərdə Azərbaycana müşahidəçi göndərməkdən imtina etməsi pis xəbərdir. 
 
Bu hər seçkidə mandatları absolyut şəkildə götürməyi sevən, seçkidə baş verənlərə dair tənqidləri qəti qəbul etməyən iqtidar üçün də, Avropa institutlarının ölkədə demokratik düzən qurulmasına töhfə verəcəyinə sonsuz ümidlər bəsləyən müxalifət üçün də sərfəli deyil.
Bundan əvvəl Avropa Parlamentinin Azərbaycana dair qəbul etdiyi sərt məzmunlu qətnamənin ardından belə bir qərarın verilməsi o deməkdir ki, Avropanın siyasi dairələri artıq Azərbaycandan əlini üzüb, bu ölkəni Avropa ailəsinin üzvü kimi görmək istəmirlər.
Belə görünür ki, 15 il civarında davam edən saysız-hesabsız tövsiyələr, xəbərdarlıqlar, yerinə yetirilməyən öhdəliklərlə bağlı iradlar heç bir nəticə verməyib və artıq buna bəslənilən ümidlər kəsilib.
Demək, Azərbaycan Avropanın  görmək istədiyi ölkə kimi olmaq istəmir və ya olmaq iqtidarında deyil.
Avropalıların prizmasından baxanda, ATƏT-in, AŞPA-nın, AİHM-in və digər üstqurum Avropa təşkilatlarının rəsmi Bakıdan tələbləri əsasən sadə şeylər idi: azad seçkilər, insan haqlarına riayət. Gəl, gör ki, bu tələblər Bakı üçün nə qədər qəbuledilməz imiş.
Strasburqda və Brüsseldə düşünürlər ki, bunları Avropa ailəsinin üzvü olmaq istəyən ölkədən tələb etməyə heç ehtiyac da yoxdur, zatən bütün ölkələr azad və qanuni, şəffaf və demokratik seçki keçirməlidirlər, insan haqlarını da tapdamamalıdırlar.
Bu, heç bir mədəni ölkədə müzakirə və mübahisə predmeti olmadığı üçün Azərbaycanda da belə olmalıydı və avropalı parlamentarlar istər Avropa Parlamentində, istərsə də AŞ PA sessiyasında ölkəmizdəki müvafiq problemlərə dair məsələyə dönə-dönə qayıtmamalıydılar.
Fəqət neçə illərdir ki, hər bahar, yay, payız, qış keçirilən sessiyalarda gündəlikdə ya Azərbaycandakı seçkilərə və insan haqlarının vəziyyətinə dair məsələ durur, ya da məsələnin gündəliyə salınması hansısa “sehirli çubuq” vasitəsilə son anda baş tutmur və məsələ sonrakı sessiyaya qalır.
Rəsmi Bakı və iqtidar sözçüləri dəfələrlə avropalı parlamentarların dilinə, dişinə düşməkdən qurtulmaları münasibətilə sevincli olduqlarını gizlətməyiblər.
Ancaq göründüyü kimi, bu sonsuza qədər belə getməyəcəkdi, bu prosesin sonu olacaqdı və oldu. Artıq Avropa ölkəmizdə keçirilən seçkilərin necə keçiriləcəyini, necə nəticələnəcəyini ovcunun içi kimi bilir, anlayır ki, Bakı müşahidəçilərin sayı ilə bağlı ATƏT-in qarşısında bu cür israrlı şəkildə dirəniş göstərirsə, demək, müşahidə missiyası bəri başdan iflasa uğrayıb.
Hələ yəqin Avropada onu da nəzərə alırlar ki, 2013-cü ildə keçirilən prezident seçkilərində müşahidə, monitorinq aparan təşkilatın sədri sırf siyasi motivlər üzündən həbsdədir və bunu nəzərə alan analoji təşkilatlar təhlükəsizliklərini düşünərək builki seçkidə müşahidə aparmağa, avropalılarla partnyorluq etməyə həvəsli deyillər.
ATƏT-in seçkini müşahidə etməkdən imtinası o demək olacaq ki, meydan tam şəkildə rusiyalı müşahidəçilərin dominantlıq etdiyi MDB təmsilçilərinə qalacaq. Dövlətin xarici siyasətinə məsul olan şəxslərin “Avropa İttifaqının parlament seçkilərinə verəcəyi qiymət artıq indidən hazırdır” demələrinə uyğun olaraq, ondan da əminliklə demək olar ki, MDB müşahidəçiləri də həmişə olduğu kimi seçkiləri yüksək qiymətləndirəcəklər.
ATƏT rəsmiləri fikirlərini dəyişməsələr, bu, seçkidən sonra müşahidə olunan ənənəvi riyakarlığın miqyasını azaldacaq. Həmişə üzlərinə niqab çəkərək, içi-içini yeyərək “bu seçkilər Avropa standartlarına uyğun olmasa da, irəliyə doğru bir addımdır” deyən avropalı emissarlar bu dəfə heç nə deməyəcəklər və həm demokratik ictimaiyyətin qınağını qazanmayacaqlar, həm də vicdanları sızlamayacaq.
Bəs bu addımın ölkəmizdə demokratiyanın bərqərarına bir misqal da olsa faydası varmı? Əsla yoxdur. Bu, demokratiyaya keçidin qeyri-müyyən müddətə uzanması, son ümidlərin daşa çırpılması deməkdir. Avropa institutları qitənin bağrında olan Belorusa hansı münasibət bəsləyirdisə, indən belə Azərbaycana da o cür yanaşacaqlar.
Beləcə, 1992-dən başlayaraq dünənlərə qədər davam edən Avropaya inteqrasiya sevdasının epiloqunu izləyirik. Əfsus.

Bizə qoşulun