Medianews.az
Toplanış oyunları
198 baxış

Toplanış oyunları

samir sari kose 1 Neçə gündür rayonlarda yaşayan sosial şəbəkə istifadəçiləri qısa-qısa, təfərrüata varmadan yazırdılar ki, ehtiyata buraxılmış əsgərləri yenidən orduya çağırırlar. Amma media bu barədə yazmırdı. Çünki keçən il bu vaxt hökumət mediaya təpinib ki, orduyla bağlı məsələləri açıb-ağartmayın, bu, “hərbi sirr” söhbətinin altına girir, başınız ağrıyar. Ona görə də həm başağrısı olmasın, həm də düşmən oyaqdır deyə, bəzi şeyləri yazmırıq, deyirik, saytlarda oxuyub bilərlər ki, buralarda nə necədir, yaxşı düşməz. Bununla belə, Komanda Qərargah Hərbi Oyunları ilə bağlı informasiyanı hökumət özü yayandan sonra anlaşıldı ki, bu, ya hərbi sirr deyil, ya da yayılması məqsədəuyğun olan hərbi sirdir. Yəni qoy düşmən oxusun, narahat olsun. Bəli, böylə xəbərlər var: yaşı 35-dək olan keçmiş hərbçiləri hərbi oyunlara cəlb edirlər ki, döyüş hazırlıqlarını artırsınlar, passivləşməsinlər, idman formasında qalsınlar. Nə olar, nə olmaz, 27 ildir müharibə vəziyyətindəyik. Hərçənd ortada bir “ana ürəyi-dağ çiçəyi” amili də var, hazırkı və keçmiş hərbçilərin anaları (eləcə də ataları) narahatlıq keçirirlər, qorxurlar ki, birdən müharibə başlayar, övladlarına sədəmə toxunar. Analitik təfəkkürə malik ekspert-müşahidəçi-politoloq qardaşlar isə deyirlər ki, qorxulu bir şey yoxdur. Onlar məsələyə qlobal prizmadan yanaşırlar, Rusiya, ABŞ, İngiltərə, Fransa amillərini qatıb-qarışdırır, yoğurur, üstünə “qlobal iqtisadi böhran”, “neftin qiymətinin enməsi”, “Yaxın Şərqdəki gərginlik”, “Türkiyədə PKK ilə müharibə” və sair ədvalardan vuraraq ortaya belə bir məhsul qoyurlar: “İndiki halda Qarabağda müharibənin başlanması mümkün deyil”. Allah tərəfi, böyük dövlətlər də düz 22 ildir “Qarabağda sülh danışıqlarının alternativi yoxdur” deyirlər, biz də bilirik ki, elədir. İntəhası, arada ermənilər qaşınırlar. Cıdır düzündə qoduq ötüşdürmək nəydi, ay yaramazlar? Vallahi, belə hərəkətlərin üstündə bir gün başımız çönəcək, baxmayacağıq ki, qlobal iqtisadi böhran var, bölgədə hərbi vəziyyət onsuz da partlayış həddindədir, heç lazım gəlməsə də, nəsə bir haqq-hesab edəcəyik, ondan sonra eşşəyiniz öləcək. Xüləs, onsuz da erməni separatçılarını hədələyənlərimiz çoxdur, biz də bir tərəfdən başlamayaq. Əsas odur ki, oxumuş adamlar demişkən, bəs elədirsə, bu hərbi toplanışın məqsədi nədir? Məncə, bu xüsusda dərin ağıl işlətmək lazım deyil. Hər şeyə həmişə hazır olmaq lazımdır. Bu saat 47 dövlət bir-birilə vuruşur, ya da “vur-vurum” mərhələsindədir. Ona qalsa, hələ xeyli dərəcədə dinc dövr hesab olunan sovet dönəmində də tez-tez hərbi toplanışlar təşkil olunardı. Həmin toplanışların bir neçəsində iştirak etmiş adam kimi deyə bilərəm ki, biri istisna olmaqla qalanı formal xarakter daşımışdı, pul tələsi idi. Bir də görürdün, çağırış vərəqəsi gəldi: filan vaxtı filan yerdə ol. Yığışıb gedirdik. Bizə işarə edirdilər ki, əgər hərbi toplanışda iştirak etmək istəmirsinizsə, filan qədər xərci var. Əlində qazanclı işi-gücü olan adamlar 200-300, bəzən 500 manat verir, canlarını toplanışdan xilas edirdilər. İşsizlər isə həm verməyə pulları yox idi, həm də başlarını qatmağa onsuz da bir iş axtarırdılar, deyirdilər, xeyr, biz hərbi toplanışa qatılırıq, gedək heç olmasa, bir az “Kalaşnikov”dan güllə-zad ataq. Belə olanda “könüllü hərbi toplanışçıları” yığıb aparırdılar mədəniyyət evinin konsert salonuna, iki-üç saat hərbi elmlərdən rusca danışırdılar, sonra götürüb rayonun ayaq dəyməyən dərəsinə daşıyırdılar, orda növbə ilə hədəfə güllə atırdıq, axşam buraxırdılar ki, bu günlük bəsdir, sabah bir də gələrsiniz. Ertəsi gün gedirdik, deyirdilər, hərbi toplanış bitdi, azadsınız. Ara yerdə 200-300 manat verib hərbi toplanışdan yayınanların pulu batırdı. Bir ara rayonun hərbi komissarları sırf hərbi toplanışa adam çağırmaqla dolanırdılar. Ehtiyada olan zabitləri keçəl eləmişdilər. Yalandan deyirdilər, orduya zabit lazımdır, vətən sizi çağırır. Bunlar da ali təhsilli adamlar idi, artıq müəyyən vəzifə, iş-güc yiyəsiydilər, puldan basıb, hərbi toplanışdan yayınırdılar. Sonra o komissarların özlərini toplanışa çəlb etdilər, topladıqlarını tutub əllərindən aldılar, bəzilərini də orduya basdılar. Çünki orduya “kadrovik” zabitlər lazım idi. İndiki hərbi toplanış isə hələlik nəsə başqa cürdür, gözləyək, görək, nə olur. Toplananlar tez qayıtsa, demək, köhnə dəyirman yenə pul üyütməyə başlayıb.

Bizə qoşulun