Medianews.az
Düşmən geri çəkilir
237 baxış

Düşmən geri çəkilir

“Boz atın boz torbasın boş as başınnan, apar, islat gətir, yaş as başınnan”
(Yanıltmac)
Bir nəfər tanış var, siyasətə qarışmır, ancaq respublikamızın ümummilli problemləri ilə, örnək üçün, səbətin dalından tökülən gilasın yerə neçə saniyəyə çatması, Rəqsanənin əri kimdir, Hindistanda bir yoqa suyun üstündə nə cür dayanır, xiyar niyə əyri bitir və sairə bu kimi məsələlərlə dərindən maraqlanır. Hərdən mənim qabağımı kəsib belə maraqlı suallardan verir, o üzdən bilirəm.
Dünən də vacib bir iş dalıyca getdiyim yerdə saxlayıb - hərbi komissarlıq çağırmışdı, istəyirlər məni paraşütlə İrəvana atsınlar - görün nə soruşur: “A bəy, deyirlər ermənilər sərhəd zonasından qoşunları çəkir, bu nə qədər düzdür, sən bilərsən?”
Sözgəlişi, bu “sən bilərsən” ifadəsi bizim camaatın böyük bicliklərindən biridir, yəqin dünyanın heç bir xalqında yoxdur. Qabaqcadan sənin boynuna qoyurlar, sən də məcbursan bildin-bilmədin nəsə uydurub deyəsən. Yoxsa bu boyda minnətin, xətir-hörmətin qabağında (bəs necə, adam özünü Harvardın professoru-zad sayır beş dəqiqənin içində) kəsədən “bilmirəm” demək olmaz. Bir növ, sual verən zəhmətkeşə qarşı hörmətsizlik olar. Mən indi yadıma salıram, qısa həyatım ərzində “sən bilərsən” kateqoriyasından bilik və bacarıqlarımın uzun siyahısına bunlar daxildir: kompüterin sökülüb, yığılması, Fortran, Beyzik, yapon, ingilis, fars dilləri, karikatura və peyzaj çəkmək qabiliyyəti, astronomiya, kvant fizikası, politologiya, kibernetika, Vitqenşteynin fəlsəfəsi, 19-cu əsr dekadent şotland ədəbiyyatı, Braziliya futbol yığmasının 1971-ci il heyətinin tərkibi, Füzuli rayonunun Cinqobulu yaşayış məntəqəsinin işğal tarixi və sairə. Uca millətimiz bütün bunlar haqda məndən “sən bilərsən” deyərək soruşub, müvafiq də cavablar alıbdır. Mən hələ kimsəni naümid qaytarmamışam, əmin olasınız. Hətta elə adam olub əlinin altında eşşək boyda Google saytı olsa da axtarış verməyə ərinib, sualını bəndənizə veribdir. Sizin də sualınız olsa yazın göndərin.
Uzun sözün qısası, tanışdan soruşdum, belə bir gopu hardan eşidibdir, dedi televizorda danışırdılar. Dedim, hələ indiyə qədər televizordan bir düz söz eşitmisənmi, indi də buna inanırsan? Bir az başını qaşıdı, dedi hə, yadıma gəlir, 1990-cı ilin yanvarında ruslar televiziyanın enerji blokunu partlatmışdılar, bir neçə saat ekran ağ qaldı. Düzü, bilmədim bunun nə əlaqəsi var.
Sonra fikirləşdim həqiqəti demək lazımdır. Xalq həqiqəti bilmək istəyir - köhnə, bambılı şüarda deyilən kimi. O üzdən tanışa dedim ki, sərhəd zonasından geri çəkilən bizim əsgərlərdir, Ermənistanın içərilərinə doğru geri çəkilirlər.
 
Gördüm bir az tərs-tərs baxır, izah elədim: “Qardaş, elə həmin telekanalizasiyalar neçə ildir Ermənistanın boşaldığını, orda adam qalmadığını demirmi? Düz də deyirlər, ermənilər hamısı qaçıb gedib. İndi cəbhə xəttinin hər iki üzündə duranlar da bizim ordudur. Komanda-qərargah təlimləri deyilən şey elə budur - bir dəstə burdan yalandan hücuma keçir, o biri dəstə o tərəfdən yalandan geri çəkilir. Bir növ, yekə-yekə bığlı-saqqallı kişilər dava-dava oynayırlar. ”Cart, səni vurdum, çıx qırağa! Part, ayə, uzan yerə, ölmüsən. Zart, qumbara atdım, dördünüz də ölün!" Təxminən bu qaydada təlimlər gedir. Televizorda xəbər verilən geri çəkilmə də bu oyunun növbəti mərhələsidir".
Tanışım izahatdan çox məmnun qaldı, dedi hələ gepolitik vəziyyəti bu cür anlaşıqlı çatdıran olmamışdı. Mən də dedim o nə söhbətdir, həmişə xalqımıza xidmətdən məmnunuq.

Bizə qoşulun