Medianews.az
Radarlara düşməyən madar deputat
310 baxış

Radarlara düşməyən madar deputat

zamin yeni raz
“A qardaş, bircə qulaq as mənə, gör nə deyirəm;
sən qoçaqlığı lap qələt anlayırsan, heç bilirsənmi qoçaqlıq, igidlik nədir? İgidlərin başçısı Koroğlu deyibdir ki, igidlik ondur, doqquzu qaçmaqdır, birisi heç gözə görünməmək”.   
(Mirzə Fətəli Axundov, “Hekayəti-xırsı-quldurbasan”)
Deputat Hacı Madər seçki qabağı öz platformasını açıqlamışdır. Jurnalistin nə üçün deputat olmaq istəyirsiniz sualına hörmətli hacı belə cavab veribdir: “Mən deputatlıqdan kayf alıram”.
Çox yaxşı seçki təbliğatıdır. Binəqədi kimi rayonda əhalinin səsini almaq üçün kayf tipli arqumentlərdən yararlanmaq məsləhətlidir. Hacının piar meneceri kimdirsə, çox ağıllı adamdır. Bu gedişlə hacı seçkilərin Favorit-i olacaqdır. Favorit sözünü böyük hərflə ona görə yazdım ki, Madər müəllimin bu adda dükanlar şəbəkəsi varmış. Belə söyləyirlər. Niyə qeyri-dəqiq şəkildə “söyləyirlər” yazdım, bunu da açıqlayacağam, hövsələniz olsun. İndi isə onu yazım ki, Madər müəllim bu dəfə deputat olmasa gedib alver eləyəcəyini də səmimi şəkildə etiraf edibdir.
Mən ümumiyyətlə bu adama azarkeşlik eləyirəm. Unikal, koloritli, eyni zamanda əsrarlı insandır. Tərslikdən mən hardasa 13 ildir Madər müəllimin əbədi, daimi və dönməz deputat qoyulduğu dairənin ərazisində yaşayıram - Binəqədi 10 saylı seçki dairəsinin seçicisiyəm. Prinsipcə, biz heç zad seçmirik, Madər müəllimin sayəsində azı 25 ildir Binəqədi 10 saylının zəhmətkeşləri əziyyət çəkib məntəqələrə getmir. Bizim əvəzimizdən qutuları basıb doldururlar, həmişə də qutudan Madər müəllim çıxır.
Özü də çox maraqlıdır ki, seçkinin növü önəm daşımır. İstər bələdiyyə seçkisi olsun, istər deputat, istər prezident seçək, istər referendum qayırıb ana qanuna nəsə təzə mız qoyaq – bütün hallarda qutudan Madər müəllim çıxır. Sirri-xudadır. Hətta rayon ərazisində “Topaz” oynayan maarifçi gənclər var, onlar deyir ki, “Barselona”nın oyununa pul atanda da mərcdən Madər müəllim çıxırmış. Bir ara “Koka Kola” 2 litrlik qabların qapağının altından “Oka Kola” maşını çıxarmaq üzrə lotoreya qayırmışdı, məcbur olmuşdular bunu Binəqədi və Biləcəri ərazisində oynamasınlar. Çünki kim “Kola” alsa qapağın altından hörmətli hacının adı çıxırmış. Əsl mistikadır.
İndi sizə Madər müəllimin başqa bir unikal, bənzərsiz, dünyada analoqu olmayan keyfiyyətini də nəql edim. Bu adam seçkilərdə nəinki küçəyə şüar, ya öz şəkli olan nəsə yapışdırır, hətta təbliğat görüşləri də keçirmir! Dediyinə görə, bunu təvazökarlıqdan eləyirmiş. “Dediyinə görə” ifadəsini də bayaqkı “söyləyirlər” sözü kimi yazıram, çünki hələ indiyə qədər Hacı Madərin üzünü görən olmamışdır!
Bax, əsas sirr də elə bundadır. Adam təbliğat aparmır, deputat olur, deputat olanda da deputatxanada görünmür. Bəs bu deputatlıq onun nəyinə lazımdır? Gizlicə kayf tutmaq üçün? Sizə elə gəlir. Mən bu işi çözmüşəm. Ortada masonların barmağı var.
Uzun sürən araşdırmalardan sonra belə qərara gəlmişəm ki, əslində Hacı Madər adında konkret bir şəxs yoxdur. Bu, gizli bir təşkilatın kod adıdır. Həmin gizli qurumun üzvləri maska taxır, Biləcəri dəmiryol körpüsünün altında gecənin qaranlığında şam yandıraraq toplaşır, “Hamıya cavab verərlər, Biləcəri masonları, Hamıdan krutoy qaqaşdır, Biləcəri oğlanları” meyxanasını oxuyur, dairənin taleyi haqda mühüm qərarlar verirlər. Misal üçün, 16 mərtəbə yanıb özü ilə birgə 16 ailənin çırağını söndürəndə Binəqədi icra hakimi Xaləddin müəllimin qələmini sınmağa məhz həmin mason lojası qoymadı. Çünki Xaləddin müəllim özü elə “Hacı Madər” təşkilatının bir üzvüdür! Bu sekta Biləcəri dərin dövlətini təşkil edərək uzantıları Beynəlxalq Avtovağzala, Biləcəri dəmiryol qovşağına çatır və önəmli mafiya baronlarımızdan Ucar Ziyanı öz tərkibinə qatır.
Sadaladığım səbəblər üzündən indiyə qədər Hacı Madəri görən olmayıbdır. Yoxsa hamı bilir ki, bizim başqa dairələrdə deputatlar divara plakat vurur, seçiləndən sonra gedib salonda qar-qur eləyirlər. Ancaq “Hacı Madər” mason lojası danışmır, iş görür.
Mən çox fəxr edirəm ki, biləcəriliyəm və Madər müəllimin seçicisiyəm.

Bizə qoşulun