Qəribə, gərgin, eyni zamanda məzəli situasiyaydı. Xəbər gəlmişdi ki, filan-filan İH başçılarını köhnə iş yerlərindən çıxarıb yeni postlara qoyublar. Biz də götürüb yazmışdıq – işimiz budur deyə. Və yaxamız əllərdə qalmışdı.
Xəbər ən üst səviyyədə təsdiqlənmirdi, müvafiq sərəncamlar lazımi saytlarda dərc olunmurdu, televiziyada elan edilmirdi.
Mötəbər mənbələr oturduqları kresloya, yaslandıqları masaya and içirdilər, deyirdilər, dəqiq xəbərdir, bu gün də olmasa, sabah elan olunacaq.
Ancaq bəzi dostlar, eləcə də rəqiblər və düşmənlər sözləşiblərmiş kimi, xəbərin səhihliyini şübhə altına alırdılar, deyirdilər, yaxşı, İH başçılarının yerlərinin dəyişdirilməsi xəbəri doğrudursa niyə rəsmən təsdiqlənmir.
Belə deməkdə haqları da vardı. Amma bu xəbəri yazanları dezinformasiya yaymaqda təqsirləndirmələri haqsızlıq idi və xətrimizə dəyirdi.
Çünki biz xəbəri ilk verənlərdən soruşurduq ki, bə nə oldu, xəbər təsdiqlənmir axı. Belə sualların birinə cavab gəldi ki, “spornu” məsələ var, İH başçılarının biri müqavimət göstərir, o birisinin də işi bundan asılıdır deyə, təyinatların elanı gecikir. Bunu da götürüb yazdıq.
Elə çıxırdı ki, üsyankar başçı istəmədiyi oğlanla zorla evləndirilən qızlar kimi qaçıb otağa girib və qapını daldan bağlayıb və ağlaya-ağlaya “mən ona getmirəm” deyir. Əlbəttə ki, belə deyildi. Ortada xətir-hörmət, sədaqət, xidmət, uzun tortlar və s. amillər vardı deyə, güman ki, adam “təyinatlar elan olunmazdan öncə bu məsələyə bir daha baxmağınız rica olunur” kimi iltifatlı xahişdə bulunmuşdu və işə ali sarayda baxılırdı.
Amma burda bizim günahımız nəydi? Əsas o idi ki, belə bir söhbət vardı. Söz yox, hökumət qəzetləri, saytları belə şeyləri yaza bilmirdilər, amma son vaxtlar tez-tez deyildiyi kimi, “Səs” qəzetindən “fərqlənməyən” sayt olsaq da, biz yazırdıq.
Yazırdıq ki, a kişi, səni işdən çıxarıblar, dur ya təzə iş yerinə, ya da ev-eşiyinə get, səhərdən bəri təbrik zəngləri və mesajları qəbul edən kişi də gəlib öz yerində otursun, adam dirəşmişdi, deyirdi, yazılanlar yalandır, mən öz işimin başındayam.
(Yeri getməmişkən deyim ki, bir rayonunun İH başçısı postundan götürülüb o biri rayona təyin edilən adam niyə təbrik olunmalıdır ki? Adam onsuz da vəzifədəydi və vəzifəsi nə artıb, nə azalıb).
İş gününün axırında, nəhayət ki, gözlənilən təyinatlar elan edildi. Etiraf edim ki, bu xəbərə ölkədə ən çox, hətta İH başçısı təyin edilənlərin qohum-əqrəbasından da da çox sevinən biz olduq. Ona görə ki, artıq boynumuza “dezinformator” adı qoyulmaqdaydı, sosial şəbəkədə adımızı ismin bütün hallarında çəkir, yamanlayırdılar.
Qu gölünə nə təhər daş atıldısa, bir adamdan səs çıxmadı. Məlum oldu ki, hər şey yazdığımız kimidir. Filankəs filan rayona göndərilib, bəhmənkəs də bu biri rayona.
Əslində, kimin haraya göndərilməsinin nə bizə, nə də ictimaiyyətə bir elə isti-soyuğu yoxdur. Sadəcə, indi tortu sumqayıtlıların əvəzinə səbaillilər yeyəcəklər. Orası da var ki, bu rayonda yaşayanlar bəylərlə oturub plov yeməyən kateqoriyadandır, öz yarım milyonluq evlərindən düşüb 2 manatlıq tort parçası yeməyə getməyəcəklər.
Əvvəllər də belə şeylər olurdu, xəbər gəlirdi ki, elə indicə filankəsi işdən çıxartdılar, sabah əmri veriləcək. Hövsələmizi basmayıb, yazırdıq, ertəsi gün sırf mediaya sızıb deyə adamı işdə saxlayırdılar. Hətta elə hallar olub ki, məşhur vəzifə adamlarından birini işdən qovublar, özü zəng edib qəzetlərə xəbər verib. Bilirmiş ki, sərəncam verilməzdən öncə qəzetdə belə bir yazı gedərsə, əmri verilməyəcək. Elə də olub.
Amma bu dəfə necə oldusa, artıq şeytanın qıçı Yelizarov aparatına qoşuludur.
İnformasiya elə şeydir ki, əziz həmvətənlər, radioativ şüa kimidir, necə olsa sızacaq. Sızmış informasiya isə yayılmağa məhkumdur.
Ona görə də qəzetlərdə, saytlarda nəsə ciddi bir sensasion xəbər oxuyanda heç düşünməyin ki, bu dezinformasiyadır, böyük ehtimalla dəqiq xəbərdir. Sadəcə, o dəqiq xəbəri ört-basdır eləyə bilirlər. Məsələn, hardasa zibil qaynayır, iyi aləmi bürüyür, xəbər yiyəsi zibil qazanının üstünə yeddi litr dezodorant əndərir, iy dəyişir, xəbər də olur dezinformasiya.
Həmkarım Xəqani Səfəroğlu demişkən, qəzetlərə şəkk eləməyin. Qəzetə şəkk eləyənin ağzı əyilməz, amma ağlı çaşar.
