Medianews.az
Əlzaman müəllimə azadlıq!
216 baxış

Əlzaman müəllimə azadlıq!

zamin yeni raz
(2-ci hissə)
 
“-Və sən inanırsan? - Mavi Saqqal ona qışqırdı. - Sən bu yaramaza inanırsan? O-o! İstəyirsən mən onu it kimi gəbərdim? İstəyirsən? Mən ondan bifşteks qayıraram! Mən onu xıncım-xıncım eləyərəm!”
 
(Anton Çexov, “Uzunboğaz çəkmələr”)
Hörmətli oxucuların saysız-hesabsız xahişlərini, məktub və teleqramlarını, telefon zənglərini (hətta bir neçə adam qapıya gəlmişdi) nəzərə alaraq Əlzaman müəllimin əhvalatının ardını yazıram.
Keçən seriyanı qaçırdanlar və ilk dəfə ekrana yaxın oturanlar üçün qısa özətini yazım. Hadisə Masallının Qarğalıq sovetliyinə daxil olan Kürdəbaz kəndində baş vermişdir. Həmin məktəbin keçmiş direktoru Ərzuman müəllimin oğlu Valeh müəllim dükan işlətdiyi yerdə indiki məktəb direktoru Əlzaman müəllim maşını həmin dükanın qabağında saxlamışdır. Fürsətdən istifadə edən Valeh müəllim Əlzaman müəllimdən hipotenuzanın kvadratı ilə katetlərin kvadratı cəminin neçəyə bərabər olduğunu soruşmuşdur.
Əlbəttə, zarafat edirəm, bizim şagirdlər heç zaman belə tərbiyəsiz sual verməz. Valeh müəllim direktora belə deyir: “Keçən dəfə maşını üstümə sürdün, az qaldın məni öldürəsən”. Direktor isə deyir: “Sən hələ mənə de görüm Əhəmənilər dövlətinin paytaxtı hara olmuşdur?”. Bu da zarafatdır, direktor demişdir... Bax, bu yerdə 1-ci hissəni saxlamışdıq, indi davam edək.
Əlzaman müəllim Valehin üstünə yeriyərək deyir: “Yaxşı eləmişəm, sizin üstünüzə tank sürəcəyəm, dükanınızı dağıdacağam”. Bundan sonra keçmiş direktor Ərzuman müəllim səhnəyə çıxır. O, oğlu ilə indiki direktoru aralamaq istəyərkən Əlzaman müəllim maşına doğru getmiş, ordan yekə bir sirkul götürüb Ərzuman müəllimin buduna soxmuşdur. Ərzuman müəllim köhnə vaxtdan cibində gəzdirdiyi spirtə qoyulmuş qurbağanı Əlzaman müəllimin sifətinə atmışdır. Qəzəblənən Əlzaman müəllim maşının bardaçokundan dünyanın siyasi qlobusunu çıxarıb keçmiş direktorun ənsə nahiyəsinə ilişdirmişdir. Daha sonra Valeh atasının müdafiəsinə qalxmış, Əlzamanla tutuşmuş, Əlzaman yerə yıxılaraq başını daşa vurmuşdur. İstintaqdan sitat: “5 dəqiqə davam edən bu davada hər iki tərəf bir-birlərini ictimaiyyət qarşısında ağır söyüşlərlə təhqir etmişlər”.
Amma tələsməyin, bunlar Valehin ifadəsi əsasında yazılıb. Məktəb direktoru Əlzaman Bədirov isə bildirib ki, Valeh onun maşınını əl edərək saxladıb, ona “Ay oğ..ş, sən məndən yazırsan?” demişdir. Direktor isə cavabında: “Sənin oğ..ş dədən mənim oğlumdan yazır, mən də səndən yazıram” demişdir. Sitat: “Sonra Valeh mənə yaxınlaşıb başımın sağ hissəsindən yumruqla vurmuş, həmin zərbənin təsirindən avtomobilimə söykənərək dayanmışam. Özünü müdafiə məqsədi ilə maşından götürdüyüm taxta parçasını sağa-sola yellətsəm də, heç kimi vurmamışam. Sonra Valeh mənim sağ tərəfimdən üstümə cumub yerdən götürdüyü alətlə sifətimin sağ tərəfindən zərbələr vurmuşdur. Bundan sonra yenidən huşsuz vəziyyətə düşüb, sonra ayılaraq maşınıma minib evə getmişəm”.
Nəticə olaraq məhkəmə direktor Əlzaman müəllimi ictimai yerdə xuliqanlıq etdiyi üçün 3 il, keçmiş direktorun oğlu Valeh müəllimi isə 6 ay azadlıqdan məhrum etmişdir.
Məhkəmə qərarı şəxsən məndə narahatçılıq yaradır. Hesab edirəm təzə təhsil nazirimiz Mikayıl müəllim badminton oynayarkən fasilədə bu haqda düşünməlidir. Necə olur ki, bir direktor iki nəfərə cavab verməkdə çətinlik çəkir, üstəlik daha çox həbs cəzası alır? Bu da onu göstərir ki, direktorlara əlbəyaxa döyüş növlərinin tədrisində, həmçinin, hüquq-mühafizə orqanları ilə dil tapmaq metodikasında və pedaqogikasında və didaktika və sintaktikasında çoxlu problemlər, əyər-əksiklər vardır. Bu gedişlə sabah nəinki məktəb direktorlarının, heç rayon təhsil şöbəsi inspektorlarının da əhali arasında bir qırıq tabaşir qədər, bir cırıq suçəkən kağız dərəcəsində hörməti qalmayacaqdır.
Hələlik onu tələb edə bilərik ki, yeni dərs ili başlayanacan Əlzaman müəllim azad olunsun, işinin başına qayıtsın, təhsili yetim qoymasın.
İndi söz əlaqədar təşkilatlarındır - daş düşsün başınıza.

Bizə qoşulun