Medianews.az
Fani dünyanın milyarder Finisi
171 baxış

Fani dünyanın milyarder Finisi

xalid kazimli kose 1

Efirdə, ekranda, media qarşısında varidatı ilə öyünən, ayda filan qədər xərcləməsi ilə lovğalanan, bahalı avtomobili, ayaqqabısı ilə qürrələnən adamları görəndə mədəni dünyadan nə qədər geridə olduğumuzu anlayır və üzülürsən.

Bu, görməmişlik, mənəvi cılızlıq əlamətidir və inkişaf etmiş cəmiyyətlərdə belələrini adam yerinə qoymur, onlara etina etmir, varlıqlarını görmürlər. Bu, karikatura mövzusudur. Qərb ölkələri belə davranışları lap çoxdan istehza predmetinə çevirib.
Təəssüf ki, ölkəmizdə elə adamlara həsəd və paxıllıqla baxır, o cür formalaşmamış şəxsiyyətə malik insanları özlərindən üstün tutur, hətta onların yerində olmaq istəyirlər.
Biz hələ toy-nişanda bahalı kostyum, zər-ziba, bəzək-düzək nümayiş etdirmək, bununla kimlərəsə acıq vermək, “düşmən çatlatmaq”, “bağır yandırmaq” müstəvisində var-gəl edirik. Varlımız da elədir, kasıbımız da. İmkanlı oğullar atalarının haram pulla aldığı “Buqatti”ni, “Porşe”ni nümayiş etdirərək qürrələnir, kasıb balaları da qabağını göyə qaldırdıqları “Niva” və “07" ilə təşərlənir. İmkanlar müxtəlif olsa da, düşüncə eynidir. Hələ bahalı ayaqqabısı ilə öyünənlər də var.
Parlament seçkilərinə 57 gün qaldığı bir dönəmdə bu cür palaz səviyyəsindən də aşağı davranışlar, hərəkətlər ölkə gündəminə oturursa, uzun-uzadı müzakirə olunursa, bu, çürüklüyün, aşınmanın göstəricisidir.
Amma bu kimi ibtidai cəmiyyət xəstəliklərindən xilas olmuş toplumlar da var. Onlarda dəyərlər başqadır. Onların əsas şövqü sərvət ovçuluğu, əlinə keçəni məngirləmək, hər nə oldu qamarlamaq deyil. Bu saat mədəni dünyada əsas trend xeyriyyəçilikdir. Əsas hədəf dünyanı, ətraf mühiti, insanları, heyvanları qorumaqdır.
Kasıb və təhsilsiz ölkələrin uşaqlarına hər il milyardlarla dollar həcmində maliyyə yardımı göstərənlər var. Biz onlardan bir neçəsini tanıyırıq - Billi Qeytsi, Uorren Baffeti, Karlos Slimi, Corc Sorosu... Amma biri də var və onu çox az adam tanıyır.
Əslində, dünyanın milyarder xeyriyyəçilərinin kralı bu şəxsdir - Çak Fini.
Onun barəsində informasiya azdır. Küçədə, yolda-rizdə onu tanımırlar. Çünki o, ömrü boyu mediadan qaçıb, sadə həyat tərzi sürüb.
81 yaşlı Çak dünya üzrə məşhur olan Duty Free ticarət şəbəkəsinin qurucusudur. Adamın varidatının ümumi dəyəri 7,5 milyar dollardır. Amma cənab Fininin öz maşını yoxdur, metro və taksiylə gəzir. Nəinki villaları, heç öz evi də yoxdur, kirayədə yaşayır, 15 dollarlıq saat taxır. Çak Fini geyim-keciminə də fikir verən adam deyil, əlbisələrini ucuz yarmarkalardan alır. O, ləzzətli yemək-içmək düşkünü olan qurmanlardan da deyil. Bahalı restoranlar əvəzinə qəlyanaltıxanaları üstün tutur.
7,5 milyardı olan adam haqqında bu informasiyaları oxuyan şəxslər onu qəpik-quruş sayan xəsis hesab edərlər. Amma elə deyil. Çak Fini qazandığı pulu özünün komfortuna xərcləməyi sevməsə də, başqa insanlara xərcləməyi sevir. İndiyədək o, xeyriyyəçilik məqsədilə 6 milyard dollardan çox pul xərcləyib. Bu pullar ABŞ, Vyetnam, Avstraliya, Cənubi Afrika, İrlandiya kimi ölkələrdə ahıllar evinin saxlanmasına, elmə, səhiyyəyə, təhsilə xərclənib.
Çak Fini 7,5 milyard dollarını bu fani dünyada kimlərəsə qoyub getmək fikrində deyil, varidatının hamısını xeyriyyə məqsədilə xərcləməyi düşünür.
Elə çıxa bilər ki, Çak Fini öz xeyriyyəçiliyi ilə öyünən, qürrələnən, bundan həzz alan şəxsdir. Elə də deyil. Onun 15 il sərasər etdiyi xeyriyyəçilikdən heç kəsin xəbəri olmayıb. Axır ki, havadan iy tutan jurnalistlər səxavətli milyarderi “ifşa ediblər”. Amma yaxası ələ keçdikdən, tanındıqdan sonra da o, dərhal kamera önünə keçməyib, öz təvazökarlığını, sadə həyat tərzini qoruyub saxlayıb. Ona görə də bu gün onu ana vətəni İrlandiyada belə tanımırlar, küçədə görəndə adi turist hesab edirlər.
Dünyanın ən varlı adamı olan Bill Qeyts deyib ki, Çak Fini xeyirxah əməllərinə görə ideal nümunədir, ona bənzəmək lazımdır. Vaxt gələcək, o da Çak Fini kimi edəcək. Hərçənd indinin özündə də Bill Qeyts xeyriyyəçilik məqsədilə milyardlar xərcləyir, ən başlıcası bu qədər sərvəti ilə öyünmür, qürrələnmir.
Belə insanlar var dünyada. Ancaq maraqlıdır, bizim varlılar nəyə görə özlərinə bu cür milyonçu və milyarderləri yox, təmtəraqlı, qudurğan həyat sürən ərəb şeyxzadələrini örnək götürürlər? Onsuz da o pul-para xərclənir, havaya sovrulub gedir, amma bir var, o pullardan sonra yerində təhsil və şəfa ocaqları, yüksək təminatlı pansionatlar - körpələr, qocalar evi qalsın, bir də var, eyş-işrət və kef məclislərində çəkilmiş biabırçı fotolar, videolar.
Çoxlarının bəyənmədiyi Qərb dünyası bu gün ona görə bu qədər inkişaf edib ki, onlar pulu harda, necə səmərəli xərcləməyin yolunu çoxdan tapıblar. Bizimkilər isə nəinki o axtarışda deyil, əksinə, pul-paradan başqalarını əzmək, rəqiblərinə yanıq vermək, qürrələnmək üçün istifadə edirlər.
 

Bizə qoşulun