Bir neçə gün öncə ölkədə heç bir seçki havası yox idi, eləcə kimsə ortaya hərdən seçki söhbəti atırdı, o da geniş polemikaya çevrilmirdi, istehzalı şərhlərlə, replikalarla sonuclanırdı.
Milli Məclis üzvlüyünə namizədliyin göstərilməsinə rəsmən start verilməsiylə bu durum bir gündəcə kəskin şəkildə dəyişib.
Artıq nisbətən güclü partiyalar öz namizədlərinin siyahısını elan ediblər və bu proses davam edəcək.
Bundan başqa, çox sayda ictimai-siyasi fəallar da var ki, mandat yarışına partiyasız qoşulmaq niyyətindədirlər və bu məramlarını ictimaiyyətə bildirirlər.
Siyasi arenanı qəribə bir eyforiya sarmaqdadır. Bu il deputatlığa namizədliklərini irəli sürənlər keçən dəfəkindən çox olacaqmış kimi görünür.
Bir daha təkrar edək: 3-5 gün öncə belə deyildi, sanki heç kəs seçkiyə qatılmayacaqdı. Bu gün isə fərqlidir: az qala bütün siyasi fəallar seçkiyə qatılmağa hazırdır.
Əslində, gərək bu durumu o qədər də ciddiyə almayaq. Bu, sadəcə, insanların psixoloji ovqatı ilə bağlı bir nüansdır, eyforiyaya qapılmaq, bəhsə düşmək, “mən kimdən əskik kişinin oğluyam (qızıyam)” deyə “mən də varam” ədası göstərmək həmişə olub, yəqin ki, gələcəkdə də olacaq.
Namizədliklərini elan edənlərin sırasında xeyli debütant var. Onlar bu ölkədə seçkilərin necə saxtalaşdırılması, mandatların əsasən kimlər arasında pay-bölüş edilməsi barədə nəzəri biliklərə malikdirlər, amma təcrübədə məğlubiyyət acısı yaşamayıblar.
Ona görə də onların qapıldıqları eyforiya daha güclüdür, önlərində yaradılası süni maneələrin miqyasını və miqdarını təsəvvür etmirlər. “Nə olur, olsun, deputat seçiləcəyəm” monomaniyası debütantların şüurlarına hakim kəsilib.
Bir də var son 20 ildə dəfələrlə bu və digər seçkilərə qatılanlar, zorla uduzdurulanlar, özü uduzanlar. Onlar təcrübəlidirlər, bu ölkədə deputat seçilməyin bütün Avropa ölkələrində olduğundan qat-qat çətin, hətta fantastik bir şey olduğunu bilirlər.
Elədirsə, niyə onlar da seçkiyə getməyə bu qədər həvəslidirlər?
Başqa variant yoxdur, ona görə. Siyasi partiyanın üzvü olaraq fəaliyyət göstərməyin yeganə düzgün yolu seçkilərə qatılmaqdır. Bu, eyni zamanda mövcudluğun təsdiqidir.
Təcrübəli namizədlərin çoxunun ümid etdiyi bir “xilas kəməri” var. Onlar düşünürlər ki, həmişə olduğu kimi, deputat mandatlarının əksəriyyətini qamarlayan hakim partiya 5-10 mandatı rəngarənglik xatirinə müxalifətə güzəştə gedəcək. Həmin 5-10 nəfərdən biri olmağın mümkünlüyünü düşünən təcrübəli namizədlər bunun daha yaxşı, uğurlu, parlaq seçki kampaniyası aparmaqdan, seçicidən yetərli qədər səs almaqdan asılı olduğuna əmindirlər.
Seçkilərin növbəti dəfə və total şəkildə saxtalaşdırılacağını bəyan edən radikal boykot tərəfdarları da var, ancaq onlar seçkiləri boykot etməyin alternativinin nə olduğunu deyə bilmirlər.
Hər kəsə bəllidir, seçkilərdən imtina edərək siyasi fəaliyyət göstərməyin alternativi inqilabdır, üsyandır, amma heç kəs əməldə buna qol qoyacaq düşüncədə, gücdə deyil.
Belə olduqda həm radikal dirənişdən, həm də seçkidən imtina etməklə yalnız ətiacı dissident klubuna çevrilmək olar. Bu isə bir siyasi qüvvənin yıpranması, dağılması deməkdir. Fəaliyyətsizlik ətalət yaradır.
Hər halda, seçkilərin necə nəticələnəcəyindən asılı olmayaraq, siyasi arenada qəfildən yaranmış bu aktivliyi yalnız pozitiv planda qarşılamaq gərəkdir.
Bunca təqiblərdən, təzyiqlərdən sonra insanlar normal seçki mühitinin olmamasına baxmayaraq, demokratiyanın ölkədə bərqərar olması üçün bu qədər israr və fədakarlıq edirlərsə, əvvəl-axır istəklərinə çatacaqlar.
Demokratiya və azadlıqlar gerçəkdən də heç kəsə qızıl məcməyidə verilmir. Onu istəyən xalqlar uzun müddətli mübarizədən sonra öz əzmkarlıqları ilə buna nail olurlar.
Hazırkı debütantlar demokratiya mücahidləridir, onlar özlərindən bir nəsil öncəkiləri əvəz edəcək, estafeti özlərindən sonrakılara ötürəcəklər. Onların çoxu mandat qazanmasa da, təcrübə qazanacaqlar.
