Medianews.az
Hər dövlətin öz sərvəti
228 baxış

Hər dövlətin öz sərvəti

images_dekabr_kose xalid kazimli
Yaponların nefti, qazı, böyük qızıl-almaz mədənləri, banan meşələri yoxdur, amma dünyanın ən varlı ölkələrindən biridir. Az qala bütün dünya, o cümlədən ABŞ boyda nəhəng dövlətin Yaponiyaya milyard dollarla ölçülən borcu var.
Cənubi Koreyanın da karbohidrogen ehtiyatları yoxdur, digər təbii sərvətlər sarıdan da zəngin deyil, amma bu gün bütün dünyada camaat Cənubi Koreya istehsalı olan avtomobildən düşür, Cənubi Koreya istehsalı olan telefonuyla danışa-danışa ofisə (evə) girir, Cənubi Koreya istehsalı olan kondisionerin altında oturur və Cənubi Koreya istehsalı olan televizorun düyməsini basaraq xəbərlərə baxır. Orada isə Şimali Koreya xalqının aclıq çəkməsindən, bir də ölkənın gənc və gicbəsər lideri Kim Çen Inın yenə adam asmasından danışırlar.
Çin dünya ölkələrindən neft-qaz və digər enerji daşıyıcıları alır (yalnız kömür almır, özündə var), əvəzində dünyaya iynə-sapdan tutmuş qırıcı təyyarəyə qədər yüz min çeşiddə mal satır, milyard yarımlıq əhalisini pis-yaxşı dolandırır.
Nigeriyanın nefti, mazutu, səmt qazı var, amma kasıb ölkədir, bu gün dünya ölkələri Nigeriyaya humanitar yardım göstərirlər ki, səfalət içində yaşayan əhali acından qırılmasın.
Norveçin nefti hamınınkından çox olmasa da, heç bir ölkəninkindən az da deyil. Ancaq norveçlilər neftin pulunu cirə ilə xərcləyirlər, 50 il, 100 il sonrakı nəsillərin də payını saxlayırlar, israfçılığa yol vermirlər, ən əsası, neftə arxayın olaraq tənbəllik etmirlər, iqtisadiyyatın digər sahələrini də inkişaf etdirirlər.
Ərəb ölkələrinin nefti çoxdur, neft pullarının hesabına göylə gedirlər. Bu gün neftləri qurtarsın, bir ilin içində Zimbabvenin gününə düşərlər. Tərs kimi, camaatın dərə-təpəyə daraşıb həşərat yığması üçün də optimal şəraitləri yoxdur – Zimbabvedən fərqli olaraq. 
Ekvadorun böyük banan plantasiyaları var və onlar banan ağaclarını neft buruqları qədər sevirlər, becərirlər, əsasən dünyaya banan satmaqla dolanırlar.
Rusiyanın nefti-qazı, meşəsi, böyük ərazisi, hər cür təbii sərvəti var, ancaq dünya bazarında neftin qiyməti azalıb deyə ölkə sıxıntı içindədir.
İsrailin təbii sərvət sarıdan heç nəyi yoxdur, o biri ərəb ölkələri kimi quruca qumun üstündədir. Amma bizim Qarabağ boyda olan İsrail ətraf ölkələrə kənd təsərrüfatı malları satır.
Uzun sözün kəsəsi, bu dünyada hər bir ölkənin nəsə bir sərvəti var, sərvəti olmayanların da ağlı, iti zəkası, beyni var.
Təbii sərvətləri çox olmayan ölkələr elmə, təhsilə ciddi önəm verməyə məcburdurlar, başqa yolları yoxdur.
Ona görə də “neft-qaz tükənəcək, halımız yaman olacaq” deyə pessimizmə qapılmağa ehtiyac yoxdur. TQDK-nın qəbul imtahanlarında 700 bal toplayanların sayı 17-dən 170-ə, 1700-ə qalxsa, bu heç vaxt tükənməyəcək sərvət deməkdir.
Bu üzdəndir ki, yaponlar, cənubi koeyalılar, israillililər, amerikalılar, almanlar, norveçlilər gözlərini təbii sərvətə dikməyiblər, hər gün elm öyrənirlər, inkişaf edir, qabağa gedirlər.
“Neft tükənəcək, despotlar çökəcək, demokratiya qalib gələcək” düşüncəsində olanlar isə yanılır. Kubada neft-qaz yoxdur, şəkər qamışı və tütündən başqa dünyaya bir şey çıxara bilmirlər, ölkədə kasıbçılıq, səfalət hökm sürür, amma nə xalq ayağa qalxır, nə də ölkə demokratiya, azadlıq görür. 1959-cu ildən bəridir ki, Kastro ailəsinin hökmranlığı altındadır.
Şimali Koreya dünyanın ən kasıb, ən səfil ölkəsidir, amma 70 ildir bir ailə sülaləsinin hökmranlığı altındadır. 
Yəni ölkənin əhalisi kasıblaşarsa, ayağa qalxar, üsyan edər deyə bir şey yoxdur. Ola bilər, lokal ayaqlanmalar olsun, ancaq bu, daha çox adamın türmələrə doldurulmasına, diktaturanın daha da güclənməsinə gətirib çıxarar.
Bu gün dünyada 200 civarında dövlət var, onlardan üçdə ikisi kasıb və qeyri-demokratik dövlətdir. Kasıb dövlətlərlə qeyri-demokratik dövlətlərin siyahısında olanların adları yüzdə doxsan eynidir. İstisna hal kimi demokratik dövlətlərin içində nisbətən kasıb olanlar (hər halda onlar da səfalət içində deyillər) var, eyni zamanda qeyri-demokratik olduqları halda varlı dövlətlər də mövcuddur. Onlar da bu tərəqqiyə neft-qaz kimi yerin təkindən fışqıran sərvətlər hesabına nail olublar.
Bu gedişlə neft-qazın tükənəcəyi halda ölkəmizin Myanmaya dönmək perspektivi, Çexiyaya, Polşaya dönmək ehtimalından daha yüksəkdir.

Bizə qoşulun